Qaradağ xanlığı.Xanlığın banisi Müqəddəm tayfasından olan Kazım xan (1748-1752) idi. Şimaldan Qarabağ, cənubdan Təbriz, qərbdən Xoy və Naxçıvan, şərqdən Ərdəbil xanlığı ilə həmsərhəd idi. Müqəddəm tayfası Səfəvilərin hakimiyyətə gəlməsinə kömək etdikləri üçün Qaradağ ərazisi onların irsi idarəsinə verilmişdi. Müstəqilliyə can atırdı. Xanlığın mərkəzi Əhər şəhəri idi. Qaradağ xanlığı 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal edildi. Bundan sonra Qaradağ xanlığı demək olar ki, öz müstəqilliyini itirdi. 1791-ci ildə isə Ağa Məhəmməd xan Qacara tabe oldu.
Maku xanlığı.Xanlığın banisi Bayat tayfasının başçısı, Nadir şahın sərkərdələrindən biri Əhməd Sultan (1747-1778) idi. Şahın ölümündən sonra vətənə qayıdan Əhməd Sultan Makunu müstəqil xanlıq, özünü isə xanlığın hakimi elan etmişdi. Xanlığın paytaxtı iki tərəfdən dağlarla əhatə olunmuş Maku şəhəri idi. Xanlıq cənubda Xoy, şimalda İrəvan, qərbdə Osmanlı, şərqdə Naxçıvan xanlığı ilə həmsərhəd idi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi.
Sərab xanlığı.Xanlığın əsasını Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) qoymuşdu. Xanlığın paytaxtı Sərab şəhəri idi. Xanlıq şimalda Qaradağ, qərbdə Təbriz və Marağa, şərqdə Ərdəbil xanlıqları, cənubda İranla həmsərhəd idi.Əli xanın ölümündən sonra hakimiyyətə Sadıq xan gəldi.Sadıq xan Təbrizə hücum edərək oranı tutdu.Təbriz xanı Nəcəfqulu xan qonşu xanlıqlardan kömək alıb Sadıq xanı geri çəkilməyə məcbur etdi.Bir müddətdən sonra Qacarlar sülaləsinə tabe oldu.
Təbriz xanlığı.Təbriz xanlığı XVIII əsrin ortalarında yaranmışdır. Urmiya gölünün şimal-şərqində yerləşirdi. Xoy, Qaradağ, Sərab, Marağa xanlıqları ilə həmsərhəd idi. Xanlığın mərkəzi Təbriz şəhəri, banisi Dünbülü tayfasından olan Nəcəfqulu xan (1745-1780) idi. O, Təbrizdə Urmiyalı Fətəli xan Əfşarın yardımı ilə möhkəmlənmişdir. Buna görə də Təbriz xanlığı bir müddət Urmiya xanlığından asılı olmuşdur. Əslində Nəcəfqulu xan Təbriz xanlığını Urmiya xanının naibi kimi idarə edirdi. 1763-cü ildə Fətəli xan Əfşar Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra Təbriz xanlığı tam müstəqillik qazandı. Nəcəfqulu xan öz hakimiyyətini möhkəmləndirmək üçün bir sıra tədbirlər gördü. Təbriz ətrafına qala divarları çəkdirdi.Xanlığın əhalisi əkinçilik, maldarlıq, bağçılıq ilə məşğul idi. Sənətkarlıq və ticarət xüsusilə inkişaf etmişdi. Xanlığın 10 min nəfərlik daimi qoşunu var idi.