Xanlıqların yaranmasının sosial-iqtisadi və siyasi şərtləri.XVIII əsrin ortalarında Azərbaycan ərazisində tarixən xanlıqlar adı altında yerli feodal dövlətlərinin əmələ gəlməsi bir sıra ictimai-iqtisadi və siyasi amillərlə əlaqədardır.
Səfəvi dövlətinin inzibati bölgüsü və onun iqtisadi siyasəti xanlıqların əmələ gəlməsi üçün əsas amillərdən biri olmuşdur. Həmin sülalənin hökmranlığı dövründə Səfəvi imperiyasına daxil olan geniş ərazi kiçik və böyük inzibati bölgülərə ayrılırdı. Onlar valilər, bəylərbəyilər, xanlar, əmirlər, sultanlar və məliklər tərəfindən idarə edilirdilər. Qeyd edilən titullar və həmin inzibati bölgülərin hökmranlığı nüfuzlu feodallara, əsas etibarilə yarımköçəri həyat keçirən el-tayfa başçılarına mənsub idi.
Eyni zamanda müxtəlif tayfaların sakin olduqları vilayətlərin idarə olunması işi onlara rəhbərlik edən nüfuzlu feodallara tapşırıldı. Belə vəzifələrə təyin edilən feodallara həm də soyurqal və tiyul torpaqları verilirdi. Soyurqal və tiyul torpaqlarını çox vaxt bir neçə kənd, mahal, hətta vilayət belə daxil olurdu. Belə torpaqlar alan el-tayfa başçıları müəyyən vergilər verməklə bərabər, lazım gəldikdə qeyri-müntəzəm silahlı dəstələrlə (çəriklərlə) Səfəvi hökmdarlarının köməyinə gəlməlı idilər.
Uzun müddət böyük bir ərazini idarə edən tiyuldarlar mərkəzi dövlət hakimiyyətinin zəifləməsindən istifadə edərək, öhdələrində olan tiyul torpaqlarını mənimsəyir və onları heç bir şərtə tabe olmayan mülk torpaqları ilə birləşdirirdilər. Beləliklə, geniş ərazini əhatə edən ayrı-ayrı vilayətlərin iqtisadi və siyasi hökmranlığı irsi olaraq müəyyən bir nəslin əlində qalırdı, bu da onların İran hökmdarlığının tabeliyindən imtina etmələri və müstəqil dövlət haqqında formalaşmaları üçün şərait yaradırdı.
Mövcud vəziyyətlə əlaqədar olaraq, müxtəlif tayfalar içərisində mərkəzi hakimiyyətin nüfuzu demək olar ki, heç dərəcəsində idi. Yerli əhali irsi və ənənəvi olaraq hərtərəfli hüquq qazanan xanlarına daha çox tabe idilər. Еl ənənələrinə görə, bu tabelik vacib hesab olunurdu. Müasir İran müəlliflərindən Haser Nəcmi tayfaların öz başçılarına bağlılığını belə təsvir etmişdir: «Tayfaların özlərinə məxsus əqidələri və spesifık psixoloji xüsusiyyətləri vardır. Onlar ancaq öz başçılarına itaət etməyə adət etmişlər. Mərkəzi dövlət tərəfindən təyin edilən hakimlərin göstərişi və fərmanlarına qəti surətdə qulaq asmırlar».
Səfəvi hökmdarlığı dövründə təkcə tayfa başçılarına deyil, eyni zamanda hərbi aristokratiyanın nümayəndələrindən olan əmirlərə, yüzbaşılara və s. də göstərilən xidmət müqabilində müəyyən torpaq sahələri verilirdi. Vergilərdən azad olmaq haqqında nüfuzlu əmirlər ölkələri istədikləri kimi idarə edirdilər. Buna görə də onlara eyni zamanda hakimlər də deyilirdi.
H.B.Abdullayevin göstərdiyi kimi, belə torpaq sahibliyi xanlıqların yaranmasına səbəb olan ilk rüşeymlərdən biri idi. Yuxarıda qeyd edildiyi kimi, ayrı-ayrı vilayətlərin siyasi və iqtisadi hökmranlığının irsi olaraq müəyyən ailələrin (nüfuzlu feodalların) əlində qalması feodal pərakəndliyini daha da dərinləşdirirdi. Belə vəziyyət yerli hakimlərin müstəqil olmalarına şərait yaradırdı. Xanlıqların əmələ gəlməsinin başlıca amillərindən biri də İran iqtisadiyyatının tənəzzülü və onun ucqarlarla əlaqəsinin zəifləməsi idi.
Feodal pərakəndəliyi iqtisadi yüksəlişin genişlənməsi üçün böyük maneə idi. Buna görə də XVII əsrin sonlarından etibarən İran iqtisadiyyatı daha ciddi tənəzzülə uğrayaraq ucqar vilayətlərlə əlaqəsini itirdi. Feodal ara vuruşmaları, şəhərlərin tənəzzülü, ticarət yolları istiqamətinin dəyişməsi İranın dünya ticarətində oynadığı rolu zəiflətdi və onun xüsusi çəkisinin aşağı düşməsinə səbəb oldu.
Vilayətlərdə yerli şəraitə uyğun olaraq qapalı feodal iqtisadiyyatı – natural təsərrüfat hökm sürürdü ki, bu da feodal əlahəddəçiliyinin güclənməsi və xanlıqların əmələ gəlməsi üçün iqtisadi zəmin yaradırdı.
Xanlıqların əmələ gəlməsində iqtisadi amillərin rolunu qeyd edərkən, XVIII əsrdə Azərbaycan xanlıqları ilə Rusiya arasında ticarət əlaqələrinin artması faktını da qeyd etməklazımdır. Həmin əlaqələrin inkişafı Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Quba və b. şəhərlərin qismən iqtisadi istiqlaliyyət əldə etməsinə yardım göstərirdi. Saray əyanları arasında ikitirəlik də vilayətləri idarə edən hakimlərin mərkəzlə hesablaşmaması və müstəqil qalması üçün şərait yaradırdı.
Səfəvi dövləti tərəfındən vergilərin artırılması öz təsirini ucqarlarda daha qabarıq göstərirdi. Şah xəzinəsi yoxsullaşdıqca, xalq üzərindəki təzyiq və soyğunçuluq siyasəti də artırdı. Saray tərəfindən müxtəlif vergilərdən əlavə, dövlət məmurları və vergi toplayanlar uzun müddət məvacib almadıqları üçün bu yolla özlərini idarə etməyə çalışırdılar.
Ucqarlarda hökm sürən sərt soyğunçuluq siyasəti İran dövlətinə qarşı üsyanların baş verməsinə səbəb olurdu. Müxtəlif vilayətlərdə baş verən bu üsyanlar və onun inkişaf edib xalq hərəkatı xarakteri alması Səfəvi dövlətinin süqutu və xanlıqların əmələ gəlməsi üçün başlıca amillərdən biri idi.
Üsyanların başında bəzən xarici işğalçılar tərəfindən sıxışdırılıb zərər çəkmiş yerli feodallar dururdular. Geniş xalq kütləsi istismardan yaxa qurtarmaq ümidi ilə həmin feodalların çıxışına rəğbət göstərir və onun ətrafında birləşirdilər.
Nəhayət, yuxarıda göstərilən amillərlə əlaqədar olaraq Səfəvi sülaləsi iflasa uğradı, onun yerini banisi Nadir şah olan Əfşarlar sülaləsi tutdu.
Xanlıqların əmələ gəlməsi prosesinə beynəlxalq vəziyyət də öz təsirini göstərmişdir.Bir tərəfdən xarici dövlətlərin (Rusiya, Türkiyə) İran və Cənubi Qafqaza etdikləri hücum, digər tərəfdən həmin dövlətlər nüfuzlu yerli feodalları müdafıə edərək öz tərəflərinə çəkir və yerli xanların əli ilə öz siyasətlərini icra etməyə çalışırdılar.
Beləliklə, belə qənaətə gəlmək olar ki, Azərbaycanda xanlıqların əmələ gəlməsi şəraiti hələ Səfəvilər dövləti dövründə yaranmağa başlamışdır. Nadir şahın hakimiyyət başına gəlməsi bu prosesi müəyyən müddət ləngidə bildi. Lakin nə o, nə də onu müdafıə edən qüvvələr tarixi inkişafın qarşısını ala bilmədilər.
XVIII əsrin II yarısında Azərbaycan xanlıqlar arasında parçalanmışdı. Ölkənin ərazisi öz müstəqil iqtisadi və siyasi həyatı ilə yaşayan ayrı-ayrı hökmdarlardan ibarət idi.
İlk Azərbaycan xanlıqlarının meydana çıxması XVII əsrin sonlarına təsadüf edir. О zaman Quba və Lənkəran xanlıqları mövcud idi: irsi hakimlər tərəfindən idarə olunan bu xanlıqlar ölkə adlanırdı.
XVIII əsrin II yarısında Azərbaycanda özünəməxsus xüsusiyyətləri olan bir dövrdə feodal pərakəndəliyi hökm sürürdü. Vahid iqtisadi və siyasi mərkəz yox idi. İqtisadi əlaqələri zəif olan ölkənin iqtisadiyyatında natural təsərüffat inkişaf etmişdi. Ayrı-ayrı xan, sultan, malik və bəylər öz müstəqilliyini qorumağa çalışır və məhdud feodal mənafeyini güdərək ölkəni pərakəndə vəziyyətdə saxlamaq istəyirdilər. Belə feodallar eyni zamanda xanlıqları birləşdirərək vahid bir dövlət yaratmaq siyasətini yürüdənlərə qarşı çıxış edirdilər. XVIII əsrin ortalarında Azərbaycanda müstəqil və yarınımüstəqil feodal dövlətləri – xanlıqlar meydana gəldi. Araz çayı ilə Kür arasında Qarabağ xanlığı, Zəngəzur sıra dağlarından Araz vadisinə qədər uzanmış ərazidə Naxçıvan xanlığı, Murovdağ silsiləsindən Kür çayınadək Gəncə xanlığı, Şirvan düzənliyində isə Şamaxı xanlığı yaranmışdı. Azərbaycanm şimali – qərbində Şəki xanlığı öz varlığını saxlayırdı. Abşeron yarımadasında Bakı, Dərbənd xanlıqları, Bakı xanlığından cənubda Salyan xanlığı, Kür ilə Arazın qovuşuğunda Cavad xanlığı, Xəzərin cənub-qərb sahilində Lənkəran, Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku xanlıqları yarandı. İlisu, Qəbələ, Ərəş, Qazax, Şəmsəddil sultanlıqları və şimal-qərbdə Car-Balakən camaatı yerləşirdi. Dağlıq Qarabağda Qarabağ məliklikləri hakim idilər.
Dostları ilə paylaş: |