Müasir insanın əmək mühafizəsi məsələləri istehsalat fəaliyyətinin dərindən dəyişməsi və mürəkkəbləşməsi ilə, istehsalatın effektivlik məsuliyyətinin artması və mənası ilə, baha qiymətli avadanlığın təhlükəsizliyi və etibarlı istismarı ilə əlaqədar olaraq mühüm əhəmiyyət kəsb edir. Elmi-texniki inqilab ayrı-ayrı alətlərdən maşına, maşından sistemə, sistemdən biotexnika kompleksə keçərək yaranır. Bunun əsas səbəbi ondan ibarətdir ki, əməyin effekti və təhlükəsizliyi artdıqca onun elmi həcmi, texnikanın kompleksliyi və məlumatlığı artır. İnformasiya mühiti şəraitində insan-operator özünün məsul istehsalat funksiyasını yerinə yetirir. O, eyni zamanda bundan əvvəlki böyük həcmli məlumatı həm başa düşür, həm də həll edir. İnsan fiziki işinin mühüm hissəsini texnikaya həvalə edərək, özü böyük həcmli mürəkkəb zehni psixoloji fəaliyyəti qəbul edir. O, bu gün mürəkkəb biotexniki sistemləri proqramlaşdırır, onlara nəzarət edir, eyni zamanda müxtəlif texnoloji obyektləri məsafədən idarə edir. Qarşılıqlı İqtisadi Yardım şurasının üzvləri olan ölkələrin alim və mütəxəssislərinin erqonomik məsələlərə dair Birinci Beynəlxalq konfransında (1972-ci il) qeyd edilmişdir ki, erqonomika insanın əmək prosesindəki imkan və qabiliyyətini öyrənməklə əmək fəaliyyətinin təşkilində elə şərtlər və üsullar yaratmalıdır ki, bunlar əməyi yüksək məhsuldar əməyə çevirərək eyni zamanda insanın fiziki və mənəvi inkişafına səbəb olsun, işçinin rahatlığını və təhlükəsizliyini təmin etsin, onun sağlamlığını və iş qabiliyyətini mühafizə etsin. Bundan görünür ki, erqonomika öz məqsəd və məsələlərinə görə müasir əmək mühafizəsinə yaxındır. Erqonomika müasir cəmiyyətin ən sadə tərkibli istehsalat güclərini- insan-maşın sistemləri növlərini və biotexnik kompleksləri ətraflı tədqiq edir. Sistem dedikdə, erqonomika elə bir dinamiki quruluşu təsəvvür edir ki, o istehsalat mühitinin insan və maşın hissələrindən, onların həcmindən və yerləşmə şəraitindən ibarətdir. İnsan-maşın mühit sistemlərini kompleksli öyrənmək üçün erqonomika müasir gigiyena, fiziologiya, psixologiya, antropologiya və s. elmlərin ideya və nailiyyətlərini sintez edir. Erqonomika insanın konkret fəaliyyətini müəyyənləşdirən xassəsinin, imkanının, bacarığının bir-birinə uyğunluğuna əsaslanaraq görülən işin quruluş və tərkibi, texnikanın və onu əhatə edən mühitin xassələrini aydınlaşdırır. İnsan-maşın-mühit sistemlərinin uyğunluğu erqonomik xüsusiyyət, komponentlərin tərkibi, texnikanın növü, fəaliyyətinin daxili və xarici mühiti, iş yerinin quruluşu, keyfiyyəti, forması, idarəetmə vasitələrinin ölçüsü və yerləşdirilməsi, iş sahəsi və s. amillərlə müəyyənləşdirilir. İnsanın erqonomik xassəsinə onun görmə qabiliyyəti, toxunma, iybilmə, səs duyğusu, qavrayışı, həmçinin mürəkkəb hissi hərəkəti, yaddaşı, təfəkkürü, diqqəti və s. təsir göstərir. Bundan görünür ki əmək şəraitinin təhlükəsizliyinin təmin edilməsi məsələləri nə qədər mürəkkəb və əhatəlidir. Erqonomikaya həmçinin mühəndisi psixologiyada aiddir. Elmin bu sahəsi erqonomik tələblərə uyğun olaraq insanın alət, maşın, əməliyyat, proses və sistemlərin quruluşunu, funksiyasını və müxtəlif xassələrini psixoloji cəhətdən necə mənimsədiyini öyrənir. Mühəndisi psixologiya əmək prosesində insanın psixoloji xassəsini tətbiq edərək texnikaya verilən müvafiq tələbləri müəyyən edir. Böyük insan-maşın sistemlərini, onların planlaşdırılmasının elmi əsaslı üsullarını, layihələşdirilməsini, qurulmasını və idarə edilməsini texniki sistem baxımından öyrənən və hazırlayan elmin sərbəst hissəsi sistemli texnika adlanır. Bu elm üçün insanın erqonomik cəhətdən əsaslandırılmış etibarlığı, dəqiqliyi, iti hərəkəti və sabitliyi vacibdir. İnsan-operatora idarəetmə, nəzarət, məsələlərin həlli, proqramlaşdırma və s. kimi ən mürəkkəb və məsul vəzifələr tapşırılır.