Xüsusi kəşfiyyat adətən MM xidmətləri təşkil edir, radiasiya və kimya müşahidə postları,
mühəndis və epidemioloji kəşfiyyat qrupları, baytar və fitopatoloji manqalar və s. qüvvələr yerinə
yetirirlər. Bu zaman kəşfiyyat yerlərindəki konkret vəziyyət mütəxəssislər tərəfindən təfsilatı ilə
dəqiqləşdirilir, ümumiləşdirilir və MM qərargahına çatdırılır.
Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və aparılması qaydaları.
Kəşfiyyatı təşkil etmək bütün MM rəhbərlərinin, qərargahlarının və komandirlərinin vacib
vəzifələrindən biridir.
Kəşfiyyatın konkret məqsədlərini, ilk növbədə hansı məlumatların toplanmasını və müddətlərini,
bunun üçün istifadə ediləcək qüvvələri mülki müdafiə rəhbəri müəyyənləşdirir.
Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün MM qərargahının rəisi tam məsuliyyət daşıyır, bu işin
bilavasitə təşkiltçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah
rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları
fəaliyyətə hazırlayır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və
ümumiləşdirir. Fəlakət rayonlarında yaxud zədələnmə ocaqlarında vəziyyət barədəki bu məlumatlar
dərhal MM rəhbərlərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin tabelikdəki qərargahlara, dəstə
komandirlərinə çatdırılır.
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd - kəşfiyyat planıdır. Plan müvafiq MM qərargahında
əvvəlcədən tərtib edilir, yuxarı qərargahla razılaşdırılır və MM rəhbəri tərəfindən təsdiqlənir.
Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edilir, burada idarəetmə məntəqələrinin, mühafizə
qurğularının, kəşfiyyat bölmələrinin yerləri, bu bölmələrdə konkret fəaliyyət marşrutları, vəzifələrini
yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti işarələrlə göstərilir. MM qərargahının rəisi bölmə
komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda
yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə münasibətlə aparıldığı, onun konkret
vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq və kəşfiyyatın nəticələri barədə
məlumat vermək qaydaları dəqiq göstərilir. Kəşfiyyat bölmələri radioaktiv zəhərlənmə ocaqlarına
göndərilən hallarda isə, həmçinin şəxsi heyətin yolverilən şüalanma dozası da müəyyən edilir. Şəhərdə,
rayonda və obyektlərdə kəşfiyyat işlərinə radiasiya və kimya müşahidəsi postları, MM kəşfiyyat qrupları,
xidmətlərin və dəstələrin kəşfiyyat manqaları (bölmələri), habelə müşahidə və laboratoriya nəzarəti
şəbəkəsinin (MLNŞ) müəssisələri cəlb edirlirlər.