Kəşfiyyat qrupu manqası isə təbii fəlakət, qəza nəticəsində bilavasitə obyektdə, digər fəaliyyət
rayonunda, habelə düşmən basqınından sonra zədələnmə ocağında, hərəkət marşrutlarında yaranmış
vəziyyəti öyrənmək məqsədi ilə göndərilir. Kəşfiyyat qrupu, onun komandirindən və hərəsi 3 nəfərlik bir
rabitə və bir neçə kəşfiyyat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500 m aralı 3 mühafizə
qurğusuda, yaxud 800 m dək zolaqda (şəhərin 2-3 məhəlləsindən ibarət sahədə) kəşfiyyat aparmaq üçün
nəzərdə tutulur. Qrup fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları, hədd nişanları
dəsti, fərdi dozimetrlər ilə təchiz edilir, habelə hərəkət marşrutunun sxemi, obyektdə kəşfiyyat
apardıqda isə kəşfiyyat sxemi verilir.
Zəhərlənmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyələri 0,5 rentgen-saat olan, yaxud
kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır.
Zəhərlənməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda zəhərlənmənin növünü,
səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı yolunu kənarında yaxşı görünən yerdə qoyulmalıdır.
Nişanı elə qoyurlar ki, onun üz tərəfi yerdə zəhərlənmə olmayan və ya az olan sahəyə tərəf dursun.
Qrupun komandiri hərəkəti davam etdirərək marşurutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri,
zəhərlənmənin (növünü) və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə rabitə vasitəsilə
obyektin MM qərargahına məlumat verir.
Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğularda, xüsusən də xilasetmə işləri
aparılacaq sahələrdə zəhərlənmənin növünü, səviyyəsini (dərəcəsini) təyin edir, vəziyyətin dəyişməsinə
nəzarət edirlər. Kəşfiyyata başlamaq üçün çıxış məntəqəsinin yeri obtektin yaxınlığında müəyyən edilir.
Burada qrupun komandiri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat aparmaq üçün manqalara tapşırıq
verir. Kəşfiyyatçılar obyektin sexlərində, sığınacaqlarında, xilasetmə aparılacaq yerlərdə yaranmış
vəziyyəti (dağıntıların, yanğınların xarakterini, adamlar qalmış yerləri və s.) öyrənir, zəhərlənmənin
səviyyələrini ölçürlər. Belə yerlər, adətən əvvəlcədən müəyyən edilir və yuxarıda deyildiyi kimi obyektin
kəşfiyyat sxemində (planında) göstərilir.
Kəşfiyyat qurtarandan sonra kəşfiyyat qrupu (manqası) toplanış məntəqəsinə gəlir, komandir
qərargaha vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir.
Bundan sonra o, lazımi hallarda avtomobilin, şəxsi heyətin zəhərlənmə dərəcəsini yoxlayır, buna ehtiyac
varsa xüsusi təmizləmə işlərini təşkil edir, dozimetrlərin göstəriciləri əsasında şəxsi heyətin məruz qaldığı
şüalanma dozalarını hesablayır və qrupu yeni vəzifələrin icrası üçün işə hazırlayır. Müxtəlif təbii
fəlakətlər və qəzalar zamanı aparılan kəşfiyyatın xüsusiyyətləri əsasən onun konkret vəzifələrində
təzahür edir.
Qəza yerlərini diqqətlə müayinə etməklə adamlar toplanan yerlərə, anbarlara su mənbələrinə
xüsusən diqqət yetirməklə, havadan və torpaqdan nümunələr götürüb analizə göndərməklə bu
vəzifələrin öhdəsindən gəlmək mümkündür.
Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas vəzifələri isə bina və tikililərin nə dərəcədə
dağıldığını, uçqunlar altında adamlar qalan yerləri və onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının
(yanğın, daşqın, kimyəvi zəhərlənmə) yaranıb-yaranmadığını öyrənmək, qaz, su, elektrik şəbəkələrində
qəzaların yerini, dərəcəsini, xilasetmə işlərinin növünü , həcmini və s. müəyyən etməkdən ibarətdir.
Daşqın və sel vaxtı kəşfiyyat bölmələri fəlakətli sahələrin hüdudlarını, yardıma ehtiyac olan
adamlar, habelə kənd təsərrüfatı heyvanları qalmış sahələri müəyyənləşdirir, daşqın zonasından
çıxarmalı maddi sərvətləri aşkar edir, üzgüçülük vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır
və s.
Sülh və müharibə dövründə ətraf mühitin sağlamlığı üzrə kəşfiyyat işlərinin bir qismi də
respublikanın müşahidə və laboratoriya nəzarəti şəbəkəsi tərəfindən yerinə yetirilir. Bu şəbəkənin
vəzifələri, tərkibi və fəaliyyət qaydası xüsusən əsasnamə ilə müəyyən və təsdiq edilmişdir.