Torpaqda, dənəvər məhsullarda zəhərləyici maddələrin təyin edilməsi
Torpaqda (dənəvər maddələrdə) zəhərləyici maddələri təyin etmək üçün
nasosu yerindən çıxarmalı, iş üçün lazım olan müvafiq işarəli indikator
borucuğunu götürüb uclarını açmalı və nasos başlığındakı yuvaya yerləşdirməli;
qıfına qoruyucu qalpaq geydirilmiş: nasos ucluğunu burub nasosa birləşdirməli.
Cihazdakı kürəkciyi yerindən çıxarmalı, torpağın və dənəvər maddələrin
zəhərlənmə əlaməti daha çox görünən üst səthindən nümunə götürüb onu nasos
ucluğunun qıfına ağzınacan doldurmalı; nümunə ilə birlikdə qıfın ağzını tüstü
süzgəci ilə örtüb süzgəci sıxıcı halqa vasitəsilə bərkitməli. Nasosu lazımi sayda
vurmaqla havanı indikator borucuğundan keçirməli. Bundan sonra sıxıcı halqanı
açıb tüstü süzgəcini, nümunəni və qalpağı çıxarıb atmalı, nasos ucluğunu isə yerinə
qoymalı; indikator borucuğunu nasosun başlığından çıxarıb, indikator
borucuqlarının işlədilməsi qaydasına uyğun surətdə ZM-ni təyin etməli.
Cihazın gövdəsi maye damcıları halındakı davamlı zəhərləyici maddələrlə
zəhərlənərkən aşkar olunmuş ZM damcıları, yaxud bulaşıqlarını əridici maddədə
(benzin, ağ neft və s.) isladılmış əsgi vasitəsilə diqqətlə kənar etməli, zəhərlənmiş
sahəni fərdi kimyəvi paketdəki deqazasiyaedici mayedə isladılmış tamponlarla
ardıcıl surətda təmizləməli. Bundan sonra deqazasiya edilmiş həmin səthi suda
isladılmış tamponla yaxşıca silmək və əsgi parçası ilə qurulamaq lazımdır.
Cihazı zəhərli sahələrdən kənarda, əleyhqaz və qoruyucu əlcəklər geyərək
deqazasiya edirlər. Zəhərləyici maddə damcıları cihazın içərisinə düşən hallarda,
onun çıxarıla bilən bütün hissələrini yerindən çıxarıb, onları və cihazın daxili
səthini deqazasiya etmək lazımdır. Davamlı zəhərləyici maddələrlə çirklənmiş
kasetlər və süzgəclər məhv edilməlidir.
Cihazı deqazasiya etdikdən sonra ondakı bütün metal və şüşə əşyaları yaş
tamponla silir və təmiz əsgi ilə qurulayırlar. Çox zəhərlənmiş nasosu deqazasiya
etməzdən əvvəl sökülmüş hissələri elə deqazasiya edirlər ki, klapana deqazasiya
məhlulu düşməsin. Deqazasiyadan sonra nasosu quru əsgi parçası ilə silib, dərhal
yağlamaq lazımdır. Vaxt və şərait imkan verərsə, deqazasiya etdikdən sonra açıq
havada nasosu 10-15 saat küləyə vermək məsləhət görülür.