Merkantilizm (it. merkante - "tacir") — iqtisadi fəaliyyəti, iqtisadi hadisə, prosesləri və qanunauyğunluqları sistemli öyrənən ilk nəzəri praktiki sistem. Merkantilizmə qədər iqtisadi nəzəriyyə müstəqil tədqiqat sahəsi olmamış, iqtisadi tədqiqatlar sistemsiz şəkildə aparılmış, hətta iqtisadi fəaliyyətin özü belə müstəqil fəaliyyət sahəsi kimi qəbul edilməmişdi.
Kapitalist iqtisadiyyatının və baza münasibətlərinin mahiyyətini və təzahür formalarını ilk dəfə öyrənən merkantilistlər olmuşdu. Merkantilizm kapitalist iqtisadiyyatının ilk nəzəri işlənilməsi, bazar iqtisadiyyatının "ticarət sistemi" kimi öyrənilməsidir. Merkantilizm bazar iqtisadiyyatının konseptual əsasını təşkil edir və bazar təsərrüfatlı iqtisadi sistemin iqtisadi siyasəti və nəzəriyyəsi öz başlanğıcını ondan götürür. Sonrakı iqtisadi siyasət və nəzəriyyə sistemləri isə merkantilizmin tənqidi əsasında yaranmışdı.
Merkantilizm XV-XVIII əsrlərdə Qərbi Avropa ölkələrində iqtisadi siyasətin və iqtisadi fikrin əsas cərəyanı olmuşdu. Bunu həmin dövrlərdə Qərbi Avropa ölkələrinin iqtisadi inkişafında baş vermiş sosial iqtisadi dəyişikliklərlə: böyük coğrafi kəşflər, ilkin kapital yığımı prosesi, əmtəə-pul münasibətlərinin inkişafı, milli bankların yaranması, dünya bazarının yaranması və beynəlxalq ticarətin genişlənməsi və s. əlaqələndirmək lazımdır.
Merkantilist ideyalar və prinsiplər müasir bazar təsərrüfatlı sistemlərdə indinin özündə də istifadə edilir. Ümumi əlamətləri merkantilistlər tərəfindən işlənib hazırlanmış mübadilə konsepsiyasını, proteksionist tədbirləri, aktiv ticarət balansını və s. bu cür tədbirlərə aid etmək olar.
Merkantilizmin əsas ideyaları və prinsipləri[redaktə | mənbəni redaktə et]
qiymətli metalların və onların yığımı sərvətin mahiyyətini əks etdirməsi;
dövlətin sərvətinin və gücünün qızıl və gümüş yığımı yolu ilə artırılması;
ölkəyə qızıl və gümüş axınının təmin olunması məqsədilə xarici ticarətin tənzimlənməsi;
ucuz xammalın idxalı yolu ilə sənaye inkişafına kömək etmək;
idxal olunan sənaye məhsullarına proteksionist tariflərin qoyulması;
əmək haqqının aşağı səviyyəsini saxlamaq üçün əhalinin artırılması və s.
Öz dövrü üçün bu ideyalar iqtisad elminin ciddi nailiyyəti idi. Merkantilist ideyalar və prinsiplər o dövrün iqtisadi inkişafının əsl qanunauyğunluqlarını və tələbatını əks etdirmişdi.
"Siyasi iqtisad" termininin özünün də meydana gəlməsi merkantilizmlə bağlıdır. Bu termin ilk dəfə fransız merkantilisti A.Monkretyen tərəfindən işlədilmişdi. O, 1615-ci ildə "Siyasi iqtisadın traktatı" adı altında kitab nəşr etdirmişdi.
Göstərildiyi kimi merkantilizm həm iqtisadi siyasət və həm də iqtisadi nəzəriyyələr sistemi olmuşdur. Merkantilist iqtisadi siyasəti - ölkədə və dövlət xəzinəsində qiymətli metalların, yəni pulun hər vasitə ilə toplanmasından; nəzəriyyəsi isə iqtisadi qanunauyğunluqları tədavül sahəsində, xüsusən xarici ticarətdə və pul dövriyyəsində axtarılmasından ibarətdir. Merkantilist siyasətin yeganə məqsədi dövlətin sərvətini və qüdrətini artırmaqdan ibarət olmuşdu. Bunun yollarını "ticarət sistemində" axtarırlar. Merkantilizmin ideyaları ticarət və pul kapitalı nümayəndələrinin (tacirlərin və sələmçilərin) mənafeyini müdafiə edirdi. Merkantilistlər millətin sərvətini mahiyyət etibarı ilə ticarət kapitalının mənafeyi baxımından nəzərdən keçirmişlər. Qeyd edək ki, kapitalın tarixən ilkin forması ticarət kapitalı olmuşdur. Sənaye kapitalı tədricən bu formadan meydana gəlmişdi. Ticarət kapitalının qanunu - satmaq üçün satın almaqdır.
Merkantilizmin məğzini və məqsədini ölkəyə pulun, yəni qiymətli metalın cəlb edilməsi təşkil edir. Hər cür sahibkarlığın başlanğıcını, çıxış nöqtəsini pul təşkil edir. Bu pul da, sahibkarlar onun vasitəsilə fəhlə tutduqda, emal üçün və ya yenidən satmaq üçün əmtəə satın aldıqda pul kapitalına çevrilir. Bu fakt merkantilizmin əsasında durur.
Merkantilistlər əsas diqqətlərini tədavül sferasına verirlər. Onlar istehsala sadəcə olaraq sərvəti artırmaq üçün bir vasitə kimi baxırlar. Onların təlimində istehsal xarici ticarətin məqsədinə tabe etdirilir. İstehsal pulun xaricə axmaması işinə xidmət etməli olur. Onlar əsasən sərvətin mübadilə dəyəri formasına diqqət verirlər. Sərvəti pul ilə eyniləşdirirlər, onu qızıl və gümüş yığımından ibarət təsəvvür edirlər və çox pulu olan dövləti daha varlı sayırlar. Sərvətin mənbəyini tədavül sferasında, əsasən xarici ticarətdə görürlər. Qeyri-ekvivalent mübadiləni əsas götürürlər və ucuz alıb baha satmağı sərvətin mənbəyi hesab edirlər. Ona görə də, onlar iqtisadi siyasətlərini həyata keçirmək üçün dövlət müdafiəsinə möhtac olmuşlar. Merkantilist müdrikliyinin yüksək zirvəsi - xaricdən satın alındığından daha çox xaricə satmaq olmuşdu.
Merkantilistlər, yalnız qızıl və gümüş hasilatı üzrə əməyi və ya ölkəyə qiymətli metalların axınını təmin edən (sənayenin ixrac sahələrindəki, xarici ticarətdəki) əməyi məhsuldar əmək hesab edirlər. Onlar görürlər ki, qızıl və gümüş hasilatına sərf olunan əmək və həmçinin ixrac sahələrindəki əmək, digər sahələrdə tətbiq olunan əməkdən çox mənfəət gətirir.
Merkantilizm öz tarixi inkişafında iki mərhələ keçirir. İlk merkantilizmin (XV-XVI əsrlərdə) əsas nümayəndələri U.Stafford (İngiltərədə), Q.Skaruffi (İtaliyada) olmuşdur. İnkişaf etmiş merkantilizmin (XVII-XVIII əsrlərdə) başlıca nümayəndələri T.Man (İngiltərə), A.Serra (İtaliya), A.Monkretyen (Fransa) olmuşdur.
Merkantilizmin bu iki mərhələsi bir-birindən pulun az xərclənməsi və onu çoxaltmaq üçün təklif etdikləri üsul və tədbirlərlə fərqlənir. İlk merkantilizm qanunvericilik yolu ilə milli miqyasda pul sərvətinin artırılmasına yönəldilmiş monetar siyasət yerinə yetirmişdir. Onların fikrincə sərvət pula sahib olmaqdır. Fərd kimi, dövlət də əgər sərvətini artırmaq istəyirsə əldə etdiyindən az xərcləməlidir. Onlar bu artıqlığı qiymətli pulun (metalın) və yaxud yığımın əldə olunması ilə eyniləşdirmişlər.
İlk merkantilistlər öz "pul balansı" nəzəriyyələri ilə pula əslində dəfinə kimi yanaşır və hər bir alqının onun miqdarını azaltdığını göstərib, imkan daxilində xaricdən alqıdan imtina etməyə çalışırdılar. Ölkədə nağd pulun (qızıl və gümüş) daha çox toplanması məqsədi ilə onların xaricə ixrac olunmasını qadağan edirlər.
İdxalı məhdudlaşdırırlar, qızıl və gümüş hasilatını gücləndirir, gətirilən mallara yüksək gömrük qoyurdular. Əcnəbilər ölkədən ancaq yerli məhsullar apara bilərdilər. Bu tədbirləri çox vaxtı iqtisadi yollarla yox, inzibati vasitələrlə həyata keçirirdilər. Belə ki, xarici ölkələrə gedən ingilis tacirləri yalnız müəyyən sahələrlə alver etməli və ingilis hökumətinin xüsusi nümayəndələrinin nəzarəti altında olmalı idilər. Bunda məqsəd o idi ki, satılan ingilis malları müqabilində əldə edilən pulun bir hissəsi İngiltərəyə gətirilsin.
İngiltərəyə gələn əcnəbi tacirlərin də üzərində xaricə pul aparmasın deyə nəzarət qoyulurdu. Hər bir əcnəbi tacir öz pulunu ingilis xəzinəsində ingilis pullarına dəyişməli və bütün pullarını xərcləməli, yəni ingilis malı almalı idi. Bütün bu tədbirlər isə getdikcə xarici ticarətin inkişafına mane olurdu.
Ona görə də son merkantilistlər ağırlıq mərkəzini pul tədavülü sferasından əmtəə mübadiləsi sferasına keçirirlər. Xaricə pul ixracının qadağan edilməsindən, xarici malların idxalının məhdudlaşdırılmasından imtina edirlər və öz diqqətlərini milli, hər şeydən əvvəl sənaye məhsullarının ixracının sürətlənməsinə, bazarların, o cümlədən müstəmləkələrin alınmasına yönəltmişlər.
İnkişaf etmiş merkantilizm "aktiv ticarət balansı" sistemini müdafiə edir. Bu mərhələdə merkantilistlər pula həqiqi kapitalist kimi yanaşır, onlar başa düşürlər ki, pulun yeni pul yaratması üçün o, hərəkətə gətirilməlidir. Onlar xarici ticarəti inkişaf etdirməyi tələb edirlər. Yetkin merkantilistlərin nəzəriyyəsinin əsasında milli rifahın vacib şərti kimi aktiv ticarət balansı nəzəriyyəsi durmuşdu.
İnkişaf etmiş merkantilizm ixracatın nisbətən artıq olması vasitəsi ilə ölkəyə pul toplamağı və aktiv ticarət balansını təmin etməyi əsas götürür. Aktiv ticarət balansını təmin etmək üçün merkantilizmin mühüm tələbi - himayəçilik siyasəti, dövlətin təsərrüfat həyatına bilavasitə qarışması siyasəti olmuşdu.
Müstəmləkəçilik və Merkantilizm[redaktə | mənbəni redaktə et]
Mahiyyət etibarilə, sistemin müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün dövlətin iqtisadi müdaxilələrini məqbul hesab edən merkantilizm, daxildə müdaxiləçi və sənayeləşməyə meyilli, xarici təsirlərə qarşı isə xeyli mühafizəkar olmuşdur. Amma hədəflərə çatmağın tək yolu qeyd edilən metodların nizamlı tətbiqi deyildi. Müstəmləkəçilik anlayışı ilə merkantilistlər qızıl, gümüş və başqa cəvahirata, bütövlükdə, ticarət balansını tarazlaşdıracaq elementlərə sahib olmaq üçün yaxud öz rəqiblərinin onlara çatmasının qarşısını almaq məqsədi ilə xarici ekspansiya metodundan geniş istifadə etmişlər. Müstəmləkiçiliyin pik nöqtəsi, o dövrdə rəqabət içərisindəki Avropa ölkələrinə üstünlük əldə etmək üçün zəruri, ucuz xammadə ilə münbit olan Şimali Amerikada müşahidə edilmişdir. Sözügedən sistemin ehtiva etdiyi hədəflərə çatmaq uğrunda cərəyan edən qanlı münaqişələrin fonunda merkantilistlər, bəlkə də bilməyərək, 18-ci əsrin ikinci yarısında baş verəcək Amerika İnqilabına zəmin hazırlayırdılar.[1]