İstehlakçıların məhsulu almaq imkanına görə bazarın təsnifləşdirməsi zamanı məhsulun alınmasında istehlakçıların maraqlı olması, bunun üçün onun gəlirlərinin və imkanlarının olması əsas götürülür. Qeyd edilən nişanələrə görə bazarlar a) potensial bazara, b) imkanlılar bazarına, c) məqsəd bazarına və mənimsənilmiş bazara bölünür.
Potensial bazar müəyyən bir məhsulun və xidmətin alınmasına maraq göstərən istehlakçıların və alıcıların məcmusudur.
İmkanlılar bazarı dedikdə, bir məhsulun və xidmətin alınmasına maraq göstərən, bunun üçün gəlirləri və imkanı olan istehlakçıların və alıcıların məcmusu başa düşülür. Başqa sözlə desək, imkanlılar bazarı potensial bazarın alıcılıq qabiliyyəti olan hissəsidir.
Məqsəd bazarı müəssisənin səriştəli imkanlılar bazarının ələ keçirməyə çalışdığı və ya artıq fəaliyyət göstərdiyi hissəsi, seqmentidir.
Mənimsənilmiş bazar dedikdə, müəyyən bir məhsul almış istehlakçıların və alıcıların məcmusu başa düşülür.