Anbarların yerləşdirilməsində iki meyar: 1) xərclərin həcmi və 2) lazım olan vaxtda və lazım olan yerdə məhsulların əlyetərliliyinin təmin olunması nəzərə alınır. Buna uyğun olaraq anbarlar iki variantda yerləşdirilə bilər. Bir variantda istehlakçılara yaxın yerlərdə çoxlu sayda anbarlar yerləşdirməklə və həmin anbarlarda boyük həcmdə ehtiyatlar saxlamaqla istehlakçıların və vasitəçilərin lazım olan vaxtda, lazım olan yerdə və lazımi çeşiddə məhsullarla təmin edilmə səviyyəsini yüksəltmək olar. Lakin, bu halda xərclərin də səviyyəsi yüksələcəkdir. İkinci variantda isə istehsalçılara yaxın yerdə məhdud sayda anbarlar və ya ən pis halda, bir anbar yerləşdirməklə və nisbətən az həcmdə ehtiyatlar yaratmaqla xərclərin səviyyəsini aşağı salmaq olar. Lakin, bu halda istehlakçıların və ya vasitəçilərin məhsullarla təmin olunması səviyyəsi, yəni onların məhsullarla vaxtlı-vaxtında və etibarlı təmin olunma səviyyəsi də aşağı olacaqdır. Buna görə də, anbarlar elə yerləşdirilməlidir ki, onlar alıcıların vaxtlı-vaxtında, etibarlı və lazımi çeşiddə məhsullarla yüksək səviyyədə təmin edilməsini daha az xərclərlə həyata keçirə bilsin.
Məhsulların anbarlaşdırılması və saxlanmasında satış kanalı iştirakçılarına məxsus olan anbarlardan və ümumi istifadədə olan anbarlardan istifadə edilir. Satış kanalı iştirakçılarına məxsus olan anbarlara ya istehsalçının, ya istehlakçının, ya da ticarət müəssisələrinin mülkiyyətində olan anbarlar aiddir. Bu anbarlar istehsalçıların, istehlakçıların və ya vasitəçilərin daima zəruri miqdarda məhsul ehtiyat saxlaya bilməsi üçün nəzərdə tutulur.
Məhsulların fiziki yerdəyişməsinin və ümumiyyətlə, bölüşdürmə sisteminin təşkili istehlakçıların və ya vasitəçilərin sifarişlərinin qısa vaxt ərzində yüksək standartlara uyğun yerinə yetirilməsinə, yəni alıcılara yüksək xidmət göstərilməsinin təmin edilməsinə yönəldilir. Bu, əksər hallarda məhsulun fiziki yerdəyişməsinin müxtəlif elementləri arasında konfliktin yaranmasına səbəb olur. Belə ki, sifarişlərin qəbulunun və yerinə yetirilməsinin qısa vaxt ərzində həyata keçirilməsi, həmçinin alıcılara yüksək standartlara cavab verən xidmətin göstərilməsi onlarla əlaqədar olan xərclərin səviyyəsinin və son nəticədə, qiymətin yüksəlməsinə səbəb olur. Bu isə qiymət dəyişməsinə həssas olan istehlakçılar üçün sərfəli deyildir.
Son illərdə inkişaf etmiş ölkələrdə az xərclərlə yüksək səviyyəli xidmətlərin göstərilməsinə nail olmaq məqsədilə məlumatların elekton mübadiləsi (MEM) və cəld reaksiya anbarları (CRA) yaradılır. MEM sistemi satış kanalı iştirakçılarının kompyüterləri arasında informasiyanın birbaşa mübadiləsini təmin edir. Bu sistemin başlıca üstünlüyü sifarişlərin qəbulunun və yerinə yetirilməsinin sürətlənməsi və bunun sayəsində xeyli vəsaitə qənaət edilməsidir.
7.5. Ehtiyatların idarə edilməsi
Məhsulların istehsalı və istehlakı zaman, məkan və miqdar etibarı ilə üs-üstə düşmədiyindən həm istehsalçı, həm də ticarət müəssisələri istehsal və ya satışın fasiləsizliyini təmin etmək məqsədilə müəyyən miqdar ehtiyat yaradırlar. Bu ehtiyatlar tərkib etibarı ilə üç hissəyə: cari ehtiyatlara, sığorta və hazırlıq ehtiyatlarına bölünürlər.
Cari ehtiyatlar məhsulgöndərmələrin vaxt və həcm etibarı ilə ahəngdarlığı şəraitində iki məhsulgöndərmə arasındakı vaxt intervalında istehsal və ya satış prosesinin fasiləsizliyini təmin etmək məqsədilə yaradılan məhsul ehtiyatlarıdır. Cari ehtiyatın yaradılması və saxlanması iki qrup xərclərlə: nəqliyyat və saxlama xərclərilə əlaqədardır.
İki məhsul göndərmə arasındakı optimal vaxt intervalını və ya ehtiyatın nisbi həcmini (günlə) ehtiyatın optimal həcmini orta gündəlik satışın (və ya orta gündəlik istehlakın) həcminə bölməklə müəyyən edirlər.
Cari ehtiyatın həcmi dəyişkəndir. Onun həcmi maksimum və minimum həcm arasında dəyişir. O, özünün maksimum həddinə məhsul partiyası daxil olduqda, minimum həddinə isə növbəti məhsul partiyasının daxil olması ərəfəsində, yəni yaradılmış ehtiyat tam istifadə edildikdə çatır. Cari ehtiyatın həcmi tədricən istifadə edilərək tam tükəndiyindən onun minimum həcmi sıfra bərabər olur. Buna görə də onun həcmi daima bərpa olunmalıdır. Bununla əlaqədar olaraq cari ehtiyatın idarə edilməsinin vacib problemlərindən biri növbəti məhsul partiyasının sifariş edilməsi vaxtının düzgün müəyyən edilməsidir. Çünki, yeni məhsul partiyasının vaxtından tez sifariş verilməsi müəssisədə ehtiyatın həcminin və onun saxlanması ilə əlaqədar olan xərclərin artmasına, vaxtından gec sifariş verilməsi isə satışın həcminin azalmasına səbəb olur.
Qeyd etmək lazımdır ki, ehtiyatların optimal həcminin müəyyən edilməsinin yuxarıda qeyd edilən metodları məhsul qıtlığını və ya olmamasını nəzərə almır. Lakin, məhsulgöndərmə praktikasında belə hallara rast gəlinir. Bu halda ehtiyatın həcminin optimallaşdırılması meyarı kimi nəqliyyat-tədarükat, saxlama və məhsul qıtlığı ilə əlaqədar olan xərclərin məbləğinin minimumlaşdırılması götürülür.
Sığorta ehtiyatı cari ehtiyatın tükəndiyi və növbəti məhsulgöndərmənin daxil olması vaxtında kənarlaşmalar olduğu halda istehsal və ya satış prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə yaradılır. Sığorta ehtiyatının istifadə edilmiş hissəsi növbəti məhsul partiyasının hesabına bərpa edilir və bunun sayəsində onun səviyyəsi daima sabit saxlanılır.
Bəzi hallarda daxil olan məhsulların istehlaka və ya satış prosesinə hazırlanması (kəmiyyət və keyfiyyətcə qəbulu, növlərə ayrılması, daha kiçik qablara qablaşdırılması və s.) tələb olunur. Həmin vaxt ərzində istehsal və ya satış prosesinin fasiləsizliyini təmin etmək məqsədilə hazırlıq ehtiyatı yaradılır. Hazırlıq ehtiyatının nisbi həcmi (günlə) daxil olan məhsulun istehsal və ya satış prosesinə hazırlanması üçün tələb olunan vaxta bərabər götürülür, onun mütləq həcmi isə həmin vaxtı orta gündəlik istehlakın və ya satışın həcminə vurmaqla müəyyən edilir.
Ehtiyatların həcmi dinamik olduğundan istehsalçı və ticarət müəssisələri daima onun səviyyəsinə nəzarət etməli, normativdən artıq və ya aşağı ehtiyatların yaranmasının aradan qaldırılması üzrə tədbirlər həyata keçirməlidirlər. Ehtiyatların səviyyəsinə nəzarət edilməsi metodlarından biri «maksimum-minimum» metod adlanan nəzarət metodudur. Bu metoda görə ehtiyatın maksimum və minimum səviyyəsi müəyyən edilir. Ehtiyatın maksimum həcmi kimi cari, sığorta və hazırlıq ehtiyatlarının cəmi, minimum həcmi kimi isə sığorta və hazırlıq ehtiyatlarının həcminin cəmi götürülür. Ehtiyatların idarə edilməsi üzrə menecer ehtiyatın faktiki həcmini həmin göstəricilərlə müqayisə edir, həmin göstəricilərdən kənarlaşmalar aşkar edildikdə ehtiyatın normativə uyğunlaşdırılması üzrə tədbirlər həyata keçirir.
Dostları ilə paylaş: |