Vasitəçilərlə satışın formaları. Vasitəçilərlə satış topdansatış və pərakəndə ticarət formasında həyata keçirilir. Topdansatış ticarət vasitəçilərlə satışın əsas forması hesab olunur.
Topdansatış ticarəti dedikdə, məhsulların digər vasitəçi təşkilat və müəssisələrə, həmçinin istehsalçı müəssisələrə satışının həyata keçirilməsi başa düşülür. Bir qayda olaraq, topdansatış ticarəti vasitəsilə son istehlakçılara məhsullar satılmır.
Məhsulların topdansatış ticarəti istehsalçının topdansatış ticarəti müəssisələri, müstəqil topdansatış ticarəti müəssisələri (marketinqə aid ədəbiyyatda istehsal-texniki təyinatlı məhsulların satışını həyata keçirən topdansatış ticarət müəssisələri distribyutorlar adlandırılır , agentlər və brokerlər tərəfindən həyata keçirilir.
Tam xidmətli topdansatış ticarət müəssisələri realizə etdikləri məhsulların çeşidindən və göstərdikləri xidmətlərin növündən asılı olaraq ixtisaslaşmış topdansatış ticarət müəssisələrinə, universal topdansatış ticarət müəssisələrinə və tacir-konsiqnantlara ayrılırlar. İxtisaslaşmış topdansatış ticarəti müəssisələri məhdud sayda məhsul kateqoriyasına və ya bir məhsul kateqoriyasına aid olan məhsulların satışı ilə məşğul olurlar. Bu baxımdan topdansatış ticarəti müəssisələrini ixtisaslaşmış istehsal vasitələri topdansatış ticarəti müəssisələrinə və istehlak vasitələri ticarəti müəssisələrinə bölmək mümkündür.
Universial topdansatış müəssisələri isə çoxlu sayda məhsul kateqoriyasına daxil olan məhsul çeşidinin satışını həyata keçirir və öz alıcılarına geniş çeşiddə xidmət göstərirlər.
Tam xidmətli topdansatış ticarəti müəssisələrinin bir forması da tacir-konsiqnantlardır. Tacir-konsiqnantlar məhsulları konsiqnasiya (məhsulun dəyəri satıldıqdan sonra ödənilmək) şərtilə satır və satdıqları məhsulları mağazanın piştaxtalarında özləri yerləşdirir. Bununla da mağazanı ehtiyatların səviyyəsinə nəzarət edilməsi və sifarişin verilməsi funksiyasından azad edir.
Agentlər və brokerlər bir sıra topdansatış ticarəti funksiyaları yerinə yetirsələr də, topdansatış ticarət müəssisələrindən fərqli olaraq satdıqları məhsulların mülkiyyət hüququna malik olmurlar. Bundan başqa, onların xidmət haqqı əvvəlcədən razılaşdırılmış mükafat və ya muzd formasında ödənilir.
Agentlər bir neçə istehsalçının rəqib olmayan, bir-birini tamamlayan məhsullarının satışını həyata keçirirlər. Brokerlərdən fərqli olaraq, istehsalçı agentlərin xidmətindən daha uzunmüddətli dövr ərzində istifadə edir. Agentlərin aşağıdakı formaları vardır:
1. İstehsalçının agentləri.
2. Satış agentləri.
3. Komissioner tacirlər.
4. Tədarükat agentləri.
Brokerlər (dəllallar) ya istehsalçı, ya da alıcı ilə qısamüddətli müqavilə əsasında fəaliyyət göstərir və əsas funksiyası satıcı ilə alıcı arasında əlaqə yaratmaqdan ibarətdir. Bir qayda olaraq, broker təmsil etdiyi tərəfin razılığı ilə məhsulun alqı-satqısına dair müqavilə bağlayır, heç bir topdansatış funksiyası yerinə yetirmir və öz üzərinə heç bir risk götürmür. Lakin, çox nadir hallarda məhsulların saxlanması və çatdırılması funksiyasını yerinə yetirir. Broker göstərdiyi xidmətə görə təmsil etdiyi şəxsdən əvvəlcədən razılaşdırılmış məbləğdə mükafat (muzd) alır.
Pərakəndə ticarət dedikdə, məhsulların şəxsi istehlak məqsədilə sonuncu alıcıya satılması başa düşülür. Lakin, bir sıra hallarda işgüzar və institusional içtehlakçılar da pərakəndə ticarət müəssisələrinin xidmətlərindən istifadə edirlər. Topdansatış ticarət müəssisələrinə nisbətən pərakəndə ticarət müəssisələri daha kiçik həcmdə və əksinə, daha geniş çeşiddə məhsul satırlar.
7.3. Satış kanallarının seçilməsinə təsir edən amillər
Məhsulların bölüşdürülməsinin və satışının təşkilinin ən çətin və mürəkkəb mərhələsi satış kanallarının seçilməsidir. Bu baxımdan satış kanallarının seçilməsinə təsir edən amillərin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Satış kanallarının seçilməsinə dörd qrup amillər: 1) bazarın xüsusiyyəti; 2) məhsulun xüsusiyyəti; 3) müəssisənin xüsusiyyətilə əlaqədar olan amillər və 4) nəqliyyat-tədarükat xərclərinin məbləği təsir edir.
Bazarın xüsusiyyətinə aid olan amillərə istehlakçıların tələbatının həcmi, onların sayı və ərazicə yerləşmə sıxlığının səviyyəsi, həmçinin tələbatın mövsümiliyi aiddir.
Satış kanallarının seçilməsinə təsir edən ən mühüm amillərdən biri məhsulun xüsusiyyətləridir. Texniki cəhətdən mürəkkəb, iri qabaritli və ya ağır çəkili məhsulların satışında birbaşa satış kanallarından istifadə edilməsi daha effektlidir. Belə ki, texniki cəhətdən müərəkkəb avadanlıqların quraşdırılması xüsusi biliklər və satışsonrası texniki xidmət tələb edir.
Standart və ya ucuz məhsul istehsalçıları üçün vasitəçilərlə satış daha sərfəlidir. Çünki, vasitəçilər həmin məhsullarla yanaşı çoxlu sayda müxtəlif çeşidli və növlü məhsullar satdığından hər bir məhsul vahidinə düşən xərclərin səviyyəsi birbaşa satışa nisbətən daha aşağı olur.
Müəssisənin xüsusiyyətlərindən satış kanallarının seçilməsinə təsir edən ən mühüm amil müəssisənin maliyyə vəziyyətidir. Belə ki, məhsulların satışının həyata keçirilməsi istehsalçı müəssisələrdən bu sahəyə əlavə vəsait qoyuluşunu tələb edir. Yalnız böyük məbləğdə sərbəst maliyyə vəsaitlərinə malik olan iri müəssisələr bu işi öz üzərinə götürmək iqtidarındadır.
Satış kanallarının seçilməsinə təsir edən ən mühüm amil nəqliyyat-tədarükat xərclərinin həcmidir. Nəqliyyat-tədarükat xərcləri özündə birləşdirir: a) məhsulların istehsalçıdan istehlakçıya daşınması ilə əlaqədar olan xərcləri, yəni nəqliyyat və aralıq məntəqələrdə yükləmə-boşaltma xərclərini və b) məhsulların istehlakçı və vasitəçi müəssisələrdə saxlanması ilə əlaqədar olan xərclər. Müxtəlif satış kanallarında bu xərclərin tərkibi və həcmi müxtəlif olduğundan hər bir satış kanalında satışla əlaqədar olan xərclərin ümumi məbləği bir-birindən ciddi surətdə fərqlənir.
Məhsulların saxlanması ilə əlaqədar olan xərclər iki hissədən: 1) məhsulların bilavasitə anbarlarda saxlanması xərclərindən və 2) saxlanma zamanı dövriyyə vəsaitlərinin ehtiyatlar formasında «dondurulması» nəticəsində yaranan mənfəət itkisindən ibarətdir. Birbaşa satış formasında istehsalçı müəssisə daha iri partiyalarla məhsul göndərdiyindən (adətən, birbaşa satışda bir dəfəyə göndərmələrin həcmi nəqliyyat vasitəsinin yükqaldırma qabiliyyətinə bərabər götürülür. Deməli, birbaşa satış formasında saxlama xərclərinin məbləği vasitəçilərlə satış forması ilə müqayisədə, bir qayda olaraq, yüksəkdir.
7.4. Məhsulların fiziki bölüşdürülməsinin təşkili
Məhsulların fiziki yerdəyişməsi onların bölüşdürülməsi sisteminin tərkib elementidir. Məhsulların fiziki yerdəyişməsi dedikdə, onların istehsalçı müəssisədən istehlakçı müəssisəyə hərəkəti zamanı yerinə yetirilən bütün əməliyyatların - sifarişlərin qəbulu və işlənməsinin, məhsulların nəql edilməsinin, yükləmə-boşaldılmasının, saxlanması və işlənməsinin, ehtiyatların yaradılması və idarə edilməsinin məcmusu başa düşülür.
Məhsulların fiziki yerdəyişməsinin təşkili marketinq fəaliyyətinin effektliliyinə həlledici dərəcədə təsir edir. Belə ki, məhsulların fiziki yerdəyişməsinin düzgün təşkil edilməsi həm istehlakçıların zəruri məhsullara olan tələbatlarını vaxtlı-vaxtında və ahəngdar ödənilməsini təmin edir, həm də nəqliyyat və saxlama xərclərinin səviyyəsini aşağı salmağa imkan verir. Bunun sayəsində isə məhsulun satış qiymətini ucuzlaşdırmaq və daha çox məhsul satmaq mümkün olur. Məhsulların fiziki bölüşdürmə sisteminin düzgün təşkil edilməməsi hətta ən optimal təşkil edilmiş satış kanalının və ümumiyyətlə, marketinq fəaliyyətinin effektliliyini heçə endirə və ya ən azı, onu azalda bilər. Deməli, məhsulların fiziki yerdəyişməsi rəqabət üstünlüyü amili kimi də çıxış edir.
Məhsulların fiziki yerdəyişməsinin başlanğıc mərhələsini sifarişlərin qəbulu və işlənməsi təşkil edir. Sifarişlərin qəbuluna məsul olan şəxs onları məhsul çeşidlərinə uyğun olaraq sistemləşdirir, məhsulların buraxılması üçün zəruri olan bütün nəqliyyat və ödəniş sənədlərini hazırlayır. Bundan sonra həmin sifarişlər məhsulların buraxılması üçün zəruri olan sənədlərlə birlikdə müvafiq məhsul anbarlarına göndərilir. Anbar işçiləri verilmiş sənədlər əsasında məhsulları seçir, qablaşdırır, nəqliyyat vasitələrinə yüklənməsi üçün ayrılmış yerlərə çatdırır və nəqliyyat vasitəsinə yüklənməsini təşkil edirlər.
Məhsulların fiziki yerdəyişməsi onların nəql edilməsi sayəsində baş verir. Nəql edilmə prosesinin təşkili məhsulların istehsalçıdan istehlakçılara vaxtında və tam yararlı vəziyyətdə çatdırılmasını təmin etməklə yanaşı, həm də satışla əlaqədar olan xərclərin səviyyəsinə və bunun vasitəsilə məhsulların qiymətinə təsir edir. Yalnız onu göstərmək kifayətdir ki, fiziki yerdəyişmə ilə əlaqədar olan xərclərin həcmi satış dövriyyəsinin 20%-ni təşkil edir ki, bunun da 45%-i nəqliyyat xərclərinin payına düşür. Respublikamızda 2012-ci ildə 210,6 mln.ton yük daşınmışdır ki, bunun da 56,0% avtomobil, 27,2% boru kəmərləri, 10,8 % dəmir yolu, 5,9% dəniz nəqliyyat; 0,1%-isə hava nəqliyyatının payına düşür.
Məhsulların nəql edilməsində avtomobil, dəmir yolu, hava, su və boru kəməri nəqliyyatı növlərindən istifadə edilir.
Ölkəmizdə yük daşımalarında ən geniş istifadə olunan nəqliyyat növü avtomobilnəqiliyyatıdır.
Avtomobil nəqliyyatının ən böyük üstünlüyü istənilən vaxt, istənilən marşruta yükdaşımaları həyata keçirə bilmə qabiliyyəti, etibarlılığı və yüklərin qısa məsafələrə daha sürətlə çatdırılmasıdır. Yükü avtomobil nəqliyyatı ilə istehsalçının anbarından birbaşa istehlakçının anbarına daşımaq mümkün olduğundan aralıq məntəqələrdə onların yüklənib-boşaldılması əməliyyatlarını ixtisar etmək mümkün olur. Bunun sayəsində isə həm yükləmə-boşaltma xərclərinin səviyyəsi, həm də məhsulların qırılması, xarab və məhv olması halları xeyli azalır. Lakin avtomobil nəqliyyatının aşağıdakı çatışmazlıqları vardır:
- avtomobil nəqliyyatında daşıma xərclərinin səviyyəsi digər nəqliyyat növlərilə müqayisədə (hava nəqliyyatı istisna olmaqla) xeyli yüksəkdir;
- iri qabaritli və iri tonnajlı yüklərin daşınmasında avtomobil nəqliyyatından istifadə edilməsi imkanı məhduddur və ya mümkün deyildir;
- yükgötürmə qabiliyyəti məhduddur, yəni böyük partiyalarla məhsul daşımaq mümkün deyildir. Düzdür, qoşqulardan istifadə etməklə bu çatışmazlığı müəyyən qədər aradan qaldırmaq mümkündür;
- digər nəqliyyat növlərinə nisbətən ətraf mühitə daha çox ziyan vurur.
Dostları ilə paylaş: |