Fonetik normalar. Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi sözlərdə şəkilçilər bunalər, anəm, almək, gəlmax şəklində işlədilirsə, bu, fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində e, o, ö saitləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, gəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər o`xu, da`ha, ba`şla, a`rzu, i`sim, si`fət kimi tələffüz olunursa, yaxud mənəvi, mavi, vadar (etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz olunursa bu da fonetik normadan uzaqlaşmadır. Dilimizin orfoepik qaydaları fonetik normalara əsaslandığından təkrara yol verməmək üçün bu barədə (fonetik normalar barədə) ədəbi tələffüzlə bağlı hissədə bir qədər geniş söhbət açmağı lazım bildik.
Leksik normalar sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk olunması və s. baxımından uyarlısının müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir. Bu normalara görə sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul sayılmır:
a) sözlərin yerli şivə və dialektlərdə işlənən və ümumiyyət tərəfindən az anlaşılan variantları: məs.: cəviz (qoz), sərək (ağılsız), soruq (döşəkağı), qəlbi (hündür), tumo (zökəm) və s.
b) köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər daxildir. Məsələn, çuxa, əba, xış, badya (qab), dünğ, kəndxuda, suç, çuar (su
çuarı) və s.
c) loru sözlər və ifadələr. Məsələn, zırpı (böyük), lələş, qağa, fışqırıq, dürtmək, anqırmaq, bağırmaq, böyürmək və s.
ç) sözlərin yerində işlənilməməsi. Məsələn, Azərbaycan xalqı yaxşı yaşamağa məhkumdur (layiqdir əvəzinə); Biz bunlara müdaxilə göstərməyə (etməyə əvəzinə) çalışdıq; Adama necə də həzz verirdi (ləzzət verirdi əvəzinə). Bu il havaların pis keçməsilə bağlı qəbahət (çətinlik əvəzinə) yaranmışdır; İcazə verin sizdən bir sual soruşum (sual verim əvəzinə) və s.
söyüş xarakterli sözlər, ifadələr.
Dostları ilə paylaş: |