İşsizliyin sosial nəticələri İşsizliyin sosial nəticələri onun hər hansı bir ölkənin əhalisi üçün adət etdiyi həyat tərzinin mühüm komponentinin - əhalinin ümumi məşğulluğuna, işə düzəlmənin məcburiliyinə olan inamının qırılmasındadır.
İşsizlik ailələrin gəlirlərini azaltmaqla əhalinin təbəqələşməsini gücləndirir. İşsizlik faktiki olaraq insanın davranışının mənəvi əsaslarını dağıdır. O, əsəbi, mərhəmətsiz, acıqlı, başqalarının taleyinə biganə olur, özünü alçalmış, cəmiyyətə, ailəsinə, hətta özünə belə lazımsız hiss edir. İşsizlik insanın fəaliyyətsizliyinə və ruh düşgünlüyünə səbəb olur və nəticə etibarilə əyyaşlığa, narkomanlığa, mənəviyyatsızlığa və kriminal hadisələrin törədiləsinə gətirib çıxarır.
Təbii ki, işsizliyin yüksək səviyyədə olması nikah və boşanmalara, doğum səviyyəsinəvə nəhayət, ölkədə sosial iqlimə mənfi təsir göstərir.Boşanma ailə tellərinin, əlaqələrin zəifləməsinə, valideyn borcunun unudulmasına gətirib çıxarır.
İşsizliyin nəticələrini qiymətləndirərkən nəzərə almaq lazımdır ki, o, insanın sağlamlığını kifayət qədər pisləşdirən bir sosial stresdir. İnsanın müxtəlif xəstəliklərə tutulma və daha çox psixi pozuntulara məruz qalma ehtimalı artır.
İşsizlik sosial gərginliyin artması və hətta sosial partlayışla nəticələnə bilər. Bu, işsizliyin səviyyəsinin normadan yuxarı olduqda mümkündüqr. Qərb ədəbiyyatında belə kritik hədd 10-12% hesab olunur.
İşsizlik təhlükəsi ölkənin iqtisadi həyatında mühüm rol oynayan çoxsaylı və mütəşəkkil peşə qruplarına və ya əksər əhalinin maraqlarına toxunan fəaliyyət növlərinə toxunduqda o, sosial-iqtisadi sabitsizlik amili kimi çıxış edə bilər. Belə peşə qruplarına misal olaraq energetikləri, həkimləri, müəllimləri, neftçiləri və d. göstərmək olar.
İşsizliyin azaldılmasının əsas yolları Dövlətin mühüm vəzifəsi əmək kimi istehsal ehtiyatının tam və rasional istifadəsi, kütləvi işsizliyin qarşısını almaq və onun azaldılması üçün aktiv fəaliyyət göstərməkdən ibarətdir. Bu problemin həllində iki əsas istiqamət ayırmaq mümkündür:
Subyektiv adlanan istiqamət insanı əmək fəaliyyətinə elə hazırlamaqdan ibarətdir ki, o, istehsal şəraitinin, texniki bazanın dəyişilməsi ilə əlaqədar kifayət qədər tez təkmilləşmədən keçsin və müvəffəqiyyətli əmək fəaliyyəti üçün yeni biliklərə, bacarıq və səriştəyə yiyələnsin.
Ölkəmizdə bu gün məşğulluq xidmətinin qarşısında böyük vəzifələr durur. Bu onunla əlaqədardır ki, bu gün məşğulluqun qarantı qismində təkcə dövlət, bələdiyyələr və ictimai təşkilatlar deyil, həm də iqtisadiyyatın özəl sektoru (xarici firmaların iştirakı olmadan qarışıq və onların iştirakı ilə fəaliyyət göstərən xarici mülkiyyət də daxil olmaqla) çıxış edir və hər bir şəxs üçün sahibkarlıqla məşğul olmaq üçün şərait vardır. Bütün bunlar insanın əmək davranışını dəyişdirir. Təsərrüfatçılığın yeni şəraitində işə düzəlmə hər bir şəxsin şəxsi işinə çevrilmişdir. Dövlətsə bu məsələlərin həllində ona yalnız yardım edir. Bundan əlavə işə düzəlmə işsizlik şəraitində baş verir ki, bu da məşğulluq problemini həll etməyi çətinləşdirir.
2) Əhalinin məşğulluğunun təmin olunması üçün ikinci əsas istiqamət – dövlətin iqtisadiyyatı stiullaşdırmaq üçün fəaliyyətidir ki, bu da istehlak və investisiya xarakterli mallara olan tələbatı artırmalıdır. Məhz bu əsasda o, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrdə yeni iş yerləri aça, iqtisadiyyatın özəl sektorunu stiullaşdırabilər. Lakin bütünlükdə bu cür fəaliyyət qısa bir müddət ərzində təkmilləşməyə ehtiyac duyur.
Lakin onu da etiraf etmək lazımdır ki, iri dövlət və özəl müəssisələrin gücü ilə işsizlik problemini çətin ki, həll etmək mümkün olsun. İnkişaf etmiş ölkələrdə məşğul əhalinin əsas hissəsi kiçik və orta biznesdə toplaşmışdır. Məhz bu sahənin sənətkarlıq və fərdi əmək fəaliyyəti ilə yanaşı inkişafı məşğulluğun artırılması və işsizliyin aradan qaldırılması problemini həll edə bilər. Lakin bu sahədə çoxlu problemlər mövcuddur: hələ bu gün də fərdi bizneslə məşğul olmaq istəyənlər bu və ya digər problemlərlə qarşılaşırlar. Bunların aradan qaldırlması dövlətin ümdə vəzifəsidir.