Mövzu 15 Akademik kommunikasiya prosesində nitqin keyfiyyətinə verilən tələblər. XV mühazirənin plani



Yüklə 31,56 Kb.
səhifə5/10
tarix16.06.2022
ölçüsü31,56 Kb.
#61640
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
mühazirə 15

NİTQİN İFADƏLİLİYİ. Nitqin ifadəliliyi ünsiyyət mühiti ilə dilin struktur sahələri və üslub sistemi ilə şərtlənir. İfadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və dili yaxşı bilməklə, onun ifadəlilik imkanlarını duyub qiymətləndirməklə əlaqədardır. Adi sözlərdən qurulmuş epitet, metafora, metonimiya, sinekdoxa və məcazlar ifadəliliyi, bədiiliyi gücləndirən vasitələrdir.
Nitq düzgün, dəqiq, təmiz, məntiqi olmaqla yanaşı, həm də mənalı, təsirli və ifadəli olmalıdır. Ünsiyyətin yaranmasında ifadəlilik kateqoriyası böyük əhəmiyyət kəsb edir.
İfadəlilik dilin əsas kateqoriyalarından biridir və geniş diapazona malikdir. Bu genişlik həm onun əmələgəlmə mənbələrinin rəngarəngliyindən, həm də təzahüretmə xarakterinin mürəkkəbliyindən irəli gəlir.
İfadəlilik kateqoriyasının nitqdə təzahürü son dərəcə mürəkkəbdir. İfadəlilik nitqdə nə cür gəldi, kor-koranə deyil, müəyyən dil qanun-qaydaları, nitqin formaları, funksional üslublar, janr növləri, hətta ayrı-ayrı fərdi üslubların xarakterinə müvafiq özünü göstərir.
İfadəlilik kateqoriyasının təzahüretmə səciyyəsi ən əvvəl nitqin yazılı və şifahi formalarda çıxış etməsi ilə bağlıdır. Şübhəsiz, nitqin hər iki formasında ifadəlilik keyfiyyəti dilin bütün sistemlərinin iştirakı sayəsində mümkünləşir. Lakin yazılı nitqdən fərqli dialoq və monoloqlardan ibarət olan şifahi nitq səslənən nitq olduğuna görə, burada ifadəliliyin meydana çıxması üçün daha geniş imkanlar açılır. Burada müxtəlif xarakterli dil vahidləri ilə yanaşı, insanın psixoloji-fizioloji sistemi və səs cihazı da fəaliyyətdədir. Nəfəs, səs, diksiya və s. anlayışlardan ibarət olan bu səs cihazı müəyyən qaydalar və vərdişlərin məcmusu vasitəsilə dili konkret ünsiyyət şəraitində reallaşdırır. Səs cihazı intonasiya, vurğu, pauza, orfoepiya, temp, ritm, tembr, mimika, hərəkət kimi anlayışlarla birləşib, nitqin texnikası adlı bir sahəni təşkil edir. Həmin sahə nitq mədəniyyətinin əsas bölmələrindən biri olub, şifahi nitqin daxili, səslənən tərəfinin ifadəlilik keyfiyyətinin yaranmasına xidmət edir.
İfadəlilik ifadəli olmaq, yaxşı və aydın ifadə etmək deməkdir. Bu, dilin söz xəzinəsinə, onun qanun-qaydalarına yaxşı bələdlilik, fikrin ifadəsində onlardan məqsədəuyğun istifadə edə bilmək bacarığı ilə bağlıdır. Nitq vərdişlərini möhkəmləndirmək üçün sistematik məşğul olmaq lazımdır. İfadəli nitq üçün bacarıq və vərdiş əsas şərtdir. İfadəli nitqi dinləyənlər onu asanlıqla qavrayır və mənimsəyirlər. Bu cür nitq yaddaşlarda uzun müddət qalır. Mükalimələrin əvvəlində, ortasında və sonunda eyni sözlərin təkrarı, qoşa sözlərin işlədilməsi, nitqdə ədəbi tələffüz normalarına düzgün əməl olunması, danışıqda fasilə və durğulardan düzgün istifadə kimi cəhətlər nitqin ahəngdarlığına müsbət təsir göstərir, musiqililiyi gücləndirir.
Nitq düzgün, təmiz, məntiqli olmaqla yanaşı, həm də mənalı, təsirli və ifadəli olmalıdır. İfadəlilik dilin əsas kateqoriyalarından biridir. İfadəlilik keyfiyyətinin əmələ gəlməsində dilin bütün sistemləri iştirak edir: fonetika, leksika, semantika, qrammatika, intonasiya, üslubiyyat.
İfadəliliyin müxtəlif tipləri var. Bunun üç əsas şərtini göstərmək olar: ilk şərtlərdən biri ünsiyyət mühitidir. Müəllimin nitqinin ifadəliliyi siyasi natiqin və ya diplomatın, vəkilin məhkəmədəki ifadəliliyindən, məruzəçinin nitqinin ifadəliliyindən fərqlənir. İkinci əsas şərt dilin struktur sahəsidir, tələffüz, leksik, sözyaratma, morfoloji və sintaktik normalarla, intonasiya ilə bağlıdır. Üçüncü şərt üslubi ifadəlilikdir.
Nitqin ifadəli olması müəyyən şərtlərlə bağlıdır: birincisi, ayrı-ayrı şəxslərin nitqinin ifadəliliyi təfəkkürün müstəqilliyi, nitq müəllifinin şüurlu fəaliyyəti ilə əlaqədardır. İkinci şərt nitq müəllifinin hazırlığıdır. Danışan və ya yazan bilməlidir ki, nə haqda danışır, yazır və ya onun danışdığını və yazdığını kim bilməlidir. Belə olmasa, nitq söyləyənin danışığı dinləyicilərə maraqsız görünəcək. Üçüncü şərt dili yaxşı bilmək və onun ifadəlilik imkanı ilə əlaqədardır. Dil haqqında belə bilik elmin köməyi olmadan əldə edilə bilməz. Buna görə də səsləri, vurğunu, sözləri, cümlə üzvlərini, intonasiyanı bilmək vacibdir. Dördüncü şərt dilin üslublarını bilməklə bağlıdır: bədii, elmi, işgüzar, publisistik, danışıq-məişət və s. Bu üslubların hər birində ayrı-ayrı söz qruplarından, dil vasitələrindən istifadə edilir. Beşinci şərt nitq vərdişlərinə sistematik və şüurlu münasibətdir. Əsas vasitə nümunəvi mətnin diqqətlə oxunuşu, bədii, elmi, publisistik və s. üslublarda ifadəli danışmağı bacaran adamların nitqini dinləməkdir. Öz nitqinə nəzarət etməyi öyrənmək lazımdır. Hər bir şəxsin öz-özünü nəzarət etmək vərdişinə yiyələnməsi vacibdir. Altıncı şərt beşinci ilə əlaqədardır. Müəllif nitqi şüurlu, məqsədlidir. Yeddinci şərt ayrı-ayrı adamların iradə, istək və şüurundan asılı olmayaraq, obyektivdir. Nitqin əsas mənbələrindən biri leksikadır.

Yüklə 31,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin