NİTQİN AHƏNGDARLIĞI. Nitqin ahəngdarlığı deyiləndə, onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlığı gözlənilməklə materialın alçaq tondan başlayaraq, uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, tempin dəyişməsi, dinləyiciləri özünə cəlbetmə qabiliyyəti, dilin fonetik imkanlarından bəhrələnməklə, cümlədə eyniköklü üzvlərin ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar və rəqəmlərlə ahəngdar verilməsi nəzərdə tutulur.
Estetikakın ən mühüm kateqoriyalarından biri də ahəngdarlıqdır. Estetika ədəbli, incə, mülayim, hazırcavab və bədii-emosional müxtəliflikdir. Nitqdə ahəngdarlıq deyəndə nitqin uyğunluğu, səlisliyi, gözəlliyi başa düşülür. Ahəngdarlığı təmin edən xüsusiyyətlər bunlardır: 1. Azərbaycan sözləri üçün açıq hecalar səciyyəvidir. Açıq hecalar yüksək intonasiya ilə tələffüz olunur. Bu da, şübhəsiz, nitqin ahəngdarlığına, uyğunluğuna, axıcı və musiqili olmasına təsir göstərir. 2. Azərbaycan sözlərində saitlər, sonor və cingiltili samitlər işlənmə tezliyinə və kəmiyyətinə görə fərqlənir. 3. Ahəng qanununun nitqin uyarlığında rolu böyükdür. 4. Cümlədə eyniköklü üzvlərin ardıcıl sıralanması nitqin ahəngdarlığına imkan yaradır. K.S.Stanislavskinin dediyi kimi, “danışıq, şeir özü də musiqi kimidir, mahnıdır. Danışıqda da, şeirdə də səs məlahətli olmalıdır. Skripka kimi səslənməlidir, taxtaya dəyən noxud kimi taqqıldamamalıdır”.
NİTQİN DƏQİQLİYİ. Dəqiqlik nitqin ilk və əsas şərtidir. Dəqiqlik, bir tərəfdən, nitqin gerçəklik və təfəkkürlə əlaqəsinin, digər tərəfdən, fikrin dil vasitələri ilə düzgün verilməsinin göstəricisidir. Dəqiq sözişlətmə dilin leksik sistemində olan sözlərin semantikasını, sinonimliyi, çoxmənalılığı, terminləri, müxtəlif funksional üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. Dilin sinonimlik imkanlarından istifadə edərək, lazım olan sözün seçilib işlədilməsi nitq üçün çox vacibdir.
NİTQİN YIĞCAMLIĞI. Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur.Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır. Bu, nitqdə sözçülüyə, uzunçuluğa qarşı qoyulan bir anlayışdır. Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq, lüzumsuz sözlərin, ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq” (İslamın prinsiplərindən).
Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və başqasının danışığına (eləcə də yazısına) bu cəhətdən tənqidi münasibət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır.
Fikri əhatə etməklə qısa demək bacarığı istedad əlamətidir. İstedadla bağlı olan yığcamlıq söz söyləyəndən deyəcəklərini ölçülü-biçili, geniş mətləbləri yığcam şəkildə deməyi, vaxt almamağı, təkrarçılıqdan qaçmağı, məlum olanları yenidən xatırlatmamalı, başqalarını yormamağı tələb edir.
Yığcam nitq danışandan dərin bilik, həssas düşüncə, zəngin lüğət ehtiyatı tələb edir. Yığcamlıq məzmunu dolğun əhatə edən adekvat formadır. Burada fikir geniş, sözlər az, məna dərin olmalıdır. Babalarımız həmişə yığcamlığı gözləmiş, uzunçuluğa, yoruculuğa qarşı mübarizə aparmışlar. Məsələn, “uzun sözün qısası” atalar sözünün mənası genişdir, qafiyəsi dar.
Yığcamlıq nitqin bəzəyidir, təsirliliyidir. «Yığcamlıq nitqi qüvvətləndirir. Elə ifadələr var ki, günəş şüalarına bənzəyir, nə qədər çox olursa, o qədər şiddətlə yandırır» (H.Suit).
Dostları ilə paylaş: |