Disputun vəzifəsi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların mənəviyyatına təsir edən mənfi amilləri zərərsizləşdirməkdir. Disput çox ciddi bir işdir. Ona ciddi və diqqətli yanaşdıqda onun müvəffəqiyyəti olur və o, şagirdlərin mənəvi keyfiyyətlərinin formalaşmasında müsbət rol oynayır. Yaxşı təşkil olunmuş disput təşəbbüskarlığın tərbiyəsinə imkan yaradır.
Bu gün disputda böyük insan kütləsi, xüsusi ilə gənclər iştirak edir. Çıxış edən gənc üçün disput şəxsiyyətini təsdiq etməyin özünəməxsus bir üsuludur. Həmyaşıdlarının onun çıxışını necə qarşılamağı, onun fikirlərini necə qiymətləndirəcəkləri onun üçün böyük əhəmiyyət kəsb edir. Disputda çıxış edən, nəinki təşkilatçılıq bacarığı əldə edir, həm də öz vətəndaşlıq mövqelərini qoruyurlar, özlərində prinsipiallıq və mübarizliyi inkişaf etdirirlər.
Deməli, disput yuxarı sinif şagirdlərinin şəxsiyyətinin formalaşmasına çox böyük təsir göstərir. Burada onlar aşağıdakı keyfiyyətlərə yiyələnirlər:
Təlim prosesində əldə etdikləri bilik, bacarıq və vərdişləri daha da genişləndirib dərinləşdirir, biliklərin tətbiqi üçün daha real imkanlara malik olur, onlardan həyat prosesində istifadə etmək yollarını öyrənirlər;
Onlar şüurlu intizam, kollektivçilik, təşəbbüskarlıq, təşkilatçılıq bacarığı, müstəqillik, səlis danışıq və s. qabiliyyətlərini üzə çıxarırlar;
Vətənpərvərlik, beynəlmiləlçilik, dostluq və yoldaşlıq, hörmət və tələbkarlıq, qarşılıqlı qayğı kimi keyfiyyətləri dərindən anlayırlar;
Atalar sözləri, hikmətli sözləri öyrənir, görkəmli şəxsiyyətlərin tərbiyəvi fikirlərindən sitat gətirir və elmin bir çox sahələri haqqındda məlumat toplayırlar.
Asudə vaxtlarının düzgün bölünməsini təşkil edirlər, bir-birilərinin qabiliyyət və istetdadını üzə çıxarırlar ki, bu da onlara gələcəkdə peşə seçimi etməkdə kömək olur.
Disput yalnız həqiqətləri üzəçıxmaqla kifayətlənmir, habelə fikirləşməyi, hərəkət etməyi, öz əqidəsini müdafiə etmək qabiliyyətlərini formalaşdırmağı şagirdlərə öyrədir. Disput yoldaşlıq münasibəti daşımalıdır.
Burada müəllimlər şagirdlərin başqalarının rəyinə münasibət bəslədiklərinə, necə qiymətləndirdiklərinə xüsusi əhəmiyyət verməlidirlər. Mübahisələrdə inandırma yolu ilə, məntiqlə qələbə çalmaq lazımdır.
Disputların şagirdlərin təlim-tərbiyəsində, onlarda mənəvi keyfiyyətlərin formalaşmasında böyük əhəmiyyət vardır. Məhz bu əhəmiyyətlilik disputların vəzifələrinin məqsədəuyğun həyata keçirilməsinə güclü təsir göstərir.
Disputların gənclərin dünyagörüşünün formalaşmasına kömək etməklə yanaşı, həm də onlarda prinsipiallıq tərbiyə edir, düzgün mülahizə yürütməyə, dilin səlisləşməsinə təsir göstərir. Disputun maraqlı cəhəti budur ki. Burada bu və ya digər məsələ haqqında fikirlər toqquşur, şagirdlərə öz dünyagörüşünü aşkar etmək, başqalarının hərəkətlərinə düzgün qiymət vermək qabiliyyətinə malik olmaq imkanı verilir.
Disputda şagirdlərə müstəqillik verilir. Sərbəstlik nəticəsində şagird necə hərəkət edəcəyini şüurlu surətdə dərk edir və bu ideyanı həyata keçirmək üçün onda rzu və cəhd oyanır. Şagird disputda öz təsəvvürlərini bu və ya digər məsələ ətrafında cəmləşdirir və mövzu ilə əlaqədar təcrübələrini, təsəvvürlərini yaddaşında bərpa edir. Disputun səviyyəsi onun iştirakçılarının mədəni səviyyəsinin, bilik dairəsinin göstəricisidir. Gənclər burada iştirak etməklə öz biliklərini artırır, yoxlayır və möhkəmləndirir və onlarda sərbəstlik, təfəkkür, natiqlik qabiliyyəti, başqasını dinləmək mədəniyyəti kimi cəhətlər formalaşır.
Şagirdlərin diqqətini və marağını artırmaq üçün disput mütəşəkkil və dinamik keçməlidir. Hər şey aparıcıdan, onun hazırlığından, onun təşkilatçılıq qabiliyyətindən gözlənilməz vəziyyətdən çıxış yolu tapmaq, dinləyicilərin diqqətini cəlb etmək bacarığından asılıdır. Disput keçirərkən şagirdlərin qəlbinə və şüuruna hakim olmaq üçün disputun keçirilmə planını bilmək lazımdır. Disput aşağıdakı plan üzrə keçirilir:
1. Disputun keçirilmə yerini müəyyən etmək;
2. Disputun mövzusunu seçmək;
3. Mövzuya aid suallar tərtib etmək;
4. Suallara uyğun olan ədəbiyyatları müəyyənləşdirmək;
5. Şagirdləri disputa hazırlamaq;
6. Disputa hazırlıq işlərində şagirdlərin fəal iştirakını təmin etmək;
7. Disputun keçirilməsi;
8. Disputun yekunu.
Disputun uğuru aparıcıdan çox asılıdır. Giriş sözünün mövzuya əsaslanaraq qısa və aydın olması, auditoriya qarşısında mübahisəli suallar qoymaq və onları düşünməyə məcbur etmək onun başlıca vəzifəsidir. Aparıcı təşkilatçlarla sadə, sərbəst və inandırıcı danışılmalıdır ki, bu da onu iştirakçılarla yaxınlaşdırır, iştirakçılarda ona qarşı inam yaranır və açıq söhbətə gətirib çıxarır.
Aparıcının giriş sözü və onun disputa rəhbərlik metodu mübahisəli və eyni zamanda dostluq xarakteri daşımalıdır. Giriş sözündə müzakirə olunan problem haqqında zidiyyətli fikirlər olduğunu söyləmək, iştirakçıları mövzu və onun ayrı-ayrı sualları ətrafında çıxış etməyə, öz münasibətini bildirməyə çağırmaq lazımdır.
Giriş sözündən sonra o, müzakirə olunacaq mövzunun adını, sualları iştirakçılara bildirir. Disputa başlayarkən şagirdlərə mövzu ətrafında fikir mübadiləsi söyləyə bilmələri xatırladılmalıdır. Müzakirə ardıcıllıqla, yəni bir sualdan digərinə keçməklə aparılsa daha səmərəli olar. Aparıcı hər bir sualın qısa yekununu verməlidir. Disputun gedişi zamanı aparıcı bütün iştiakçılara söz verilməlidir.
Hər kəs çıxış etmək, çıxış edənə və aparıcıya sual vermək hüququna malikdir. Müzakirə olunan məsələ haqqında şagirdlərin çıxışları və mübahisəsi başlanır. Hər bir şagird mübahisə olunan məsələ haqqında öz fikrini söyləyir. Bu zaman aparıcının məsuliyyəti daha da artır. O, çıxış edənləri bacarıqla istiqamətləndirməli, sualların ardıcıl müzakirəsinə nəzarət etməli, mövzudan uzaqlaşmağa yol verməməlidir. O, çalışmalıdır ki, mübahisə prinsipial xarakter daşısın, çıxışlar əsaslı olsun.
Şagirdlərin çıxışından sonra disputa dəvət olunmuş görkəmli şəxslər, alimlər və məktəbin müəllimləri yığcam şəkildə şagirdlərin çıxışlarına öz münasibətlərini bildirirlər, həmin məsələyə dair söylənilən fikirləri ümumiləşdirirlər. Disputun rəhbəri son sözündə disputa yekun vurur, çıxışlara qiymət verir, səhv mülahizə və fikirlər göstərir, onların səbəblərini açıqlayır. Düzgün mülahizələrə aid dəlillər gətirir, bütün suallara, aydın olmayan məsələlərə qənaətbəxş cavab verir.
Aparıcının son sözü xüsusi rol oynayır. Burada disput yekunlaşdırılır, müzakirə olunan məsələnin elmi cəhətdən əsaslandırılmış həlli verilir. Son söz həm də ona görə əhəmiyyət kəsb edir ki, ona müəyyən metodik tələblər aiddir. Belə ki, o :
Qısa, aydın və inandırıcı olmalıdır;
Müzakirə olunan problemli düzgün həllinə yol göstərməli;
Ən yaxşı və ən maraqlı çıxışlara istinad etməli;
Tənqidi fikirlərə imkan yaratmalı;
Gələcək disput iştirakçılarının qeyri-mənəvi inkişafına kömək etməli;
Yeni problemlər qoymalı;
Gənclərdə biliyə, öz təhsilini və xarakterini təkmilləşdirməyə maraq doğurmalıdır.
Aparıcı disputu başlamazdan əvvəl çıxış edənlərə təşəkkür edir, gələcək disputun mövzusu və sualları barəsində iştirakçılarla məsləhətləşir. Yaxın günlərdə keçiriləcək mədəni-kütləvi tədbir barəsində onlara məlumat verir. Disputa təhlil edərkən müsbət nəticələri cəmləşdirmək, müvəffəqiyyətə səbəb olan şərtləri və metodları göstərmək, uyğunsuzluğun səbəblərini müəyyənləşdirmək lazımdır. Təhlil həm müşahidəçiliyi, tələbkarlığı, özünütəndiqi, pedaqoji ustalığı gücləndirməyi tərbiyə edir.
Dostları ilə paylaş: |