Mövzu 2- (4 saat) 1900-1914-CÜ İLLƏrazərbaycanin iCTİMAİ-Sİyasi HƏyati plan


AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ SİYASİ FƏALLIĞIN ARTMASI



Yüklə 79,96 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü79,96 Kb.
#45868
1   2   3   4
mövzu 2

AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ SİYASİ FƏALLIĞIN ARTMASI

XX əsrin əvvəllərində sosial ziddiyyətlərin kəskinləşməsi, fəhlələrin kütləvi inqilabi çıxışları, Azərbaycan kəndlilərinin daha tez-tez baş verən etiraz hərəkatı bütün Azərbaycan cəmiyyətinin həm siyasi və həm də ideoloji cəhətdən fəallaşması üçün obyektiv şərait yaratdı.

1905-ci ilin yazı və yayında Rusiya imperiyasında, onun ucqarlarında azadlıq mübarizəsinin yüksəlişi bütün Azərbaycan xalqının tələb, arzu və istəklərini əhatə edən ümummilli proqramın işlənib hazırlanması üçün perspektivlər açdı.

Çar hökumətinin böyük dövlətçilik siyasəti, milli zülmün güclənməsi, ucqarlarda yaşayan xalqların hüquqlarının hər cür tapdalanması milli məsələnin tezliklə həllində maraqlı olan bütün ictimai təbəqələri bu məsələ ətrafında birləşməyə sövq edirdi. Bu dövrdə ictimai-siyasi həyat səhnəsinə Avropa və Rusiyanın ali təhsil müəssisələrində kamil peşə hazırlığına yiyələnmiş yüksək təhsilli parlaq şəxsiyyətlər nəsli gəlirdi. Onlar millətin taleyi ilə bağlı məsələlərə görə güclü həyəcan hissi keçirir, hüquqi məhdudiyyətlərin ləğvi məsələsini getdikcə daha inadla ortaya qoyur, islahatların keçirilməsini ehtirasla tələb edirdilər.

1905-ci ilin yazı və yayında mövcud quruluşun yeniləşdirildiyini bəyan edən bir sıra hökumət fərmanları və sərəncamlarının elan edilməsindən sonra, Azərbaycanda petisiya kampaniyası genişləndi.Rus imperiyasının tərkibinə qatıldıqdan sonra siyasi hüquqsuzluq və zülm şəraitində ilk dəfə idi ki, Azərbaycana, eləcə də digər milli ucqarlara öz arzu və istəklərini çar hakimiyyətinə çatdırmaq imkanı verilirdi.Bu nəcib vəzifəni ziyalıların nümayəndələri öz üzərlərinə götürürdülər.Həqiqətən yüksək peşəkarlıq və dərin siyasi-hüquqi biliklər tələb edən məsul işdə xüsusi rol görkəmli ictimai xadim Əlimərdan bəy Topçubaşova mənsub idi.Bütün petisiyalar - xahişnamələr, müraciətlər və i.a. onun bilavasitə iştirakı ilə tərtib və təqdim edilirdi.1905-ci ilin aprelində Cənubi Qafqaz müsəlmanları adından Nazirlər Kabinetinə təqdim olunmuş petisiyaları da o tərtib etmişdi.

Ali hökumət idarələrinə petisiya ilə müraciət etmək qərarı Azərbaycan burjuaziyası və ziyalıları nümayəndələrinin 1905-ci il aprelin 15-də H.Z.Tağıyevin sarayında keçirilən, Qafqaz diyarında islahatların keçirilməsi zərurəti müzakirə olunan müşavirədə qəbul edilmişdi. Yuxarı sosial təbəqələrin nümayəndələri Ş.Əsədullayev, R.Şirvanski, Ə.Ağayev, Ə.Topçubaşov, Ə.Ziyadxanov, Q.B.Zülqə-dərov və b. tərəfindən imzalanmış bu petisiya onunla əlaqədar idi ki, o, Azərbaycandan çar hökumətinə təqdim olunan ilk proqram sənədi idi.Sonralar bu sənəd digər inzibati idarələrə ünvanlanan müxtəlif müraciətlər, izahatlar üçün bir növ platforma, istinad nöqtəsi oldu.Bu zaman onun ayrı-ayrı müddəaları daha konkret məzmunla zənginləşdirildi.Azərbaycan cəmiyyətinin nümayəndələri petisiyada məhdudiyyətlərin ləğvi məsələsini qoyaraq, ―imperiyada yaradılacaq bütün məşvərətçi, qanunverici və bütün digər nümayəndəli təsisatlar"da müsəlmanların təmsil olunmasına, müsəlmanlara aid qanunvericilik təşəbbüsü göstərmək, məhdudiy-yətsiz olaraq dovlət və ictimai vəzifələri tutmaq hüquqlarına xüsusi maraq göstərirdilər.Petisiya onların həmçinin Qafqazın müsəlman əhalisi nümayəndələrinə 18 fevral reskriptinə əsasən çağırılan "xalq nümayəndələri müşavirəsinə" buraxılmasını da nəzərdə tuturdu.

Qafqazda inzibati hakimiyyət orqanların müdaxiləsi olmadan tam özünüidarəçilik prinsipinə əsaslanan zemstvo idarələrinin yaradılması, habelə zemstvo və şəhər özünüidarəsində müsəlmanların hər hansı məhdudiyyət qoyulmadan iştirakının təmin edilməsi zərurətinin əsaslandırılması petisiyadaəhəmiyyətli yer tuturdu. Petisiya müəllifləri belə hesab edirdilər ki, Qafqazda, eləcə də Rusiyanın daxili quberniyalarında "tam özünüidarə ideyası"nın həyata keçirilməsi bütün məhdudlaşdırıcı qanunların ləğvi, normal mülki idarəçilik təşkilatının yaradılması, idarəçilikdə qanunçuluğun təmin olunması, şəxsiyyət və mülkiyyətin toxunulmazlığı, vicdan, söz, mətbuat (rus və ana dillərində), yığıncaq, ittifaq azadlıqları, ana dilində ümumi icbari və pulsuz ibtidai təhsilin tətbiq edilməsi şəraitində mümkündür. Petisiya əhalinin bütün təbəqələrinin mənafeyini əks etdirir, ümumdemokratik xarakter daşıyırdı və hər cür hüquq məh-dudiyyətlərinə qarşı yönəldilmişdi.Petisiyanın məzmununun ətraflı təhlili onu milli-azadlıq və cəmiyyətin demokratikcəsinə yenidən qurulması uğrunda mübarizənin ümummilli proqramı hesab etməyə əsas verir.Petisiya Azərbaycan xalqının milli özünüdərkinin inkişafı üçün mühüm əhəmiyyətə malik idi və bütün milli qüvvələrin sıxlaşması və birləşməsi prosesində böyük rol oynadı.

Yelizavetpol quberniyası Zaqatala dairəsinin də müsəlmanları adından Nazirlər Kabinetinə petisiyalar 1905-ci ilin iyununda Qafqaz canişinin dəftərxanasına təqdim olundu.1905-ci ilin payızında elə həmin idarəyə Salyan və Cavad qəzalarının sakinləri adından təqdimat, Nuxa şəhəri müsəlman əhalisi nümayəndələrinin xa-hişnaməsi də təqdim olundu .Bütün bu sənədlər əsasən aprel petisiyasını təkrar edirdi, ancaq bəzilərinə yerli məsələlər də daxil edilmişdi. Lakin çar hökumətinin yerli və ali idarələrinə ünvanlanmış petisiyalar, xahişnamələr və müraciətlərə baxılmırdı. Bütün cəhdlər əbəs idi.Heç bir tələb yerinə yetirilmədi, heç bir təklif həyata keçirilmədi.Çarizm məqsədyönlü şəkildə müstəmləkəçilik siyasəti - vaxtilə istila etdiyi ucqarların xalqlarına heç bir hüquq, heç bir imtiyaz verməmək siyasəti yürüdürdü.

Azərbaycan xalqının siyasi özünüdərkinin formalaşması prosesində o illərin publisistikası böyük rol oynayırdı.Çoxsaylı məqalələrin və informasiya məlumatlarının müəllifləri öz yazılarında təkcə siyasi hadisələri işıqlandırmaqla kifayətlənmirdilər.Onlar bu hadisələrin hər birini Azərbaycan əhalisinə sübutlu-dəlilli şərhlərlə izah edir, bununla da milli özünüdərkin inkişafı işində mühüm vəzifəni - xalqın siyasi mədəniyyətinin yüksəldilməsi, xalqda baş verən hadisələrlə bağlılıq hissinin, millətin taleyi üçün məsuliyyət daşımağa qadirlik hissinin oyadılması vəzifəsini yerinə yetirirdi. Ə. Ağayev "Müsəlmanların petisiyasına zəruri izahatlar" adlı xüsusi məqalədə yazırdı: "Bütün rus cəmiyyətinin yaşadığı axınlar rus müsəlmanlarını da əhatə etdi. Çoxəsrlik və sonu görünməyən yuxu və mürgünün əsəri, deyəsən, aradan qalxır. Deyəsən biz də, nəhayət ki, başa düşdük ki, həyat yuxu və mürgüdə deyil, enerjidədir, həyatın sorğularına, insan təbiətinin əqli və ənənəvi inkişafının tələblərinə qərəzsiz hazır olmaqdadır... Tayı-bərabəri olmayan, görünməmiş mənzərə də bundan irəli gəlir: Rusiyanın müsəlman əhalisinin hər tərəfindən nümayəndələr göndərilir, gedirlər ki... müvafiq idarələrdə və yerlərdə öz ehtiyac və tələbatlarından danışsınlar, özləri üçün rus vətəndaşı olmaq, rus cəmiyyətinə qovuşmaq, öz sevinc və kədərini, bütün hüquq və vəzifələrini bu cəmiyyətlə bölüşmək hüququ xahiş etsinlər ki, əvvəlki tək onları kənarda qoymasınlar. Bu, müsəlmanların bütün xahişlərinin məhək daşıdır.Onlar uzun, əsrlik təcrübəyəəsasən bilirlər ki, unudulmaq, kənarda qoyulmaq nə deməkdir".

Azərbaycanın ictimai xadimləri milli qüvvələrin birləşdirilməsi işində mətbuatın sözünə böyük əhəmiyyət verərək, yerli əhalinin ana dilində qəzet nəşri və senzura əngəllərinin yumşaldılması məsələsinin zəruriliyini çar hakimiyyəti orqanları qarşısında dəfələrlə qaldırmışdılar. 1905-ci ilin iyununda "Həyat" qəzeti çıxmağa başladı. Onun birinci nömrəsində Azərbaycanda nəşr edilən, demək olar ki, bütün mətbuat orqanları üçün əsas olan aşağıdakı prinsiplər elan edilirdi: "Biz müsəlman və Rusiyanın təbəələri olduğumuz üçün rus dövlətinin siyasi və iqtisadi şəraiti çərçivəsində tərəqqi istəyirik. Biz müsəlmanlarıq və ona görə də bütün din qardaşlarımıza tərəqqi arzu edirik, dünyanın hansı guşəsində olurlarsa - olsunlar, onların yüksəlməsini ürəkdən alqışlayırıq. Biz türkük və ona görə də, hər yerdə, hər yanda bütün türklərə tərəqqi və çiçəklənmə arzulayırıq"82.

1905-ci ilin payızında Bakıda, Gəncədə, Şuşada, Azərbaycanın digər şəhərlərində rejimin özbaşınalıqlarını, milli məhdudiyyətləri ləğv etmək, çar məmurlarını işdən uzaqlaşdırmaq tələbləri ilə zəhmətkeşlərin kütləvi siyasi nümayişləri və mitinqləri baş verirdi83.

Azərbaycan ziyalılarının görkəmli nümayəndələri H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, M.Rəsulzadə, Ə.Ağayev, M.S.Ordubadi, Ü.Hacıbəyov, Ə.Qəmküsar, Ə.Haqverdiyev, F.Köçərli və b. xalq kütlələrini çarizmin müstəmləkə siyasətinə və istismarçılara qarşı mübarizəyə çağırırdılar. "Molla Nəsrəddin" jurnalı elə ilk saylarından çarizmin müstəmləkə siyasətini qəzəblə ifşa edirdi. Jurnal xalqın gücü, onun mənəvi zənginlikləri barə-sində materiallara xeyli yer verərək cəsarətlə bəyan edirdi ki, onun arxalandığı və rəğbət bəslədiyi ictimai qüvvələr - fəhlələr, "beli əyilmiş, kimi toz-torpaq içində, çoxu ayaqyalın olan "cır-cındırlı" kəndlilər, şəhər yoxsulları, "rus təhsili" almış və həyata yenicə qədəm basmış gənclər, Rusiyada despotik rejimə qarşı çıxış etdiklərinə görə "Saxalin adasına göndərilənlərdir".

"Molla Nəsrəddin" "xalqın düşmənləri kimlərdir?", "kimlərə qarşı mübarizə aparmaq lazımdır?" məsələsini dəfələrlə öz səhifələrində qaldıraraq, çarizmin milli-müstəmləkə əsarətinə qarşı çıxır, Azərbaycan xalqı üçün siyasi azadlıqlar və milli hüquq bərabərliyi tələb edirdi. Jurnal çar hökuməti və mürtəce dairələri tərəfindən xalqları qızışdırıb bir-birinin üstünə qaldırması siyasətinin ifşasına ciddi diqqət yetirir, birinci sayında yazırdı: "Bu nə sirdir? Erməni-müsəlman qırğını başlayan kimi hökumət qoşunları elə bir mərəzə mübtəla olurlar ki, həkimlər onların küçəyə çıxmalarını məsləhət bilmirlər".

Ziyalıların nümayəndələri "Molla Nəsrəddin" jurnalının səhifələrində milli hüquq bərabərsizliyinə qarşı çıxır, xalqı birliyə, dostluğa və birgə mübarizəyə çağırırdılar. Ü.Hacıbəyov yazırdı: "Bizim xilasımız birlikdədir. Milli və dini fərqlər bizim birliyimizə maneə törətməməlidir"86. Onlar orta əsr qalıqlarını, fanatizmi, xurafatı və avamlığı məhvedici tənqid atəşinə tutmaqla xalq kütlələrinin milli və siyasi özünüdərkinin oyanışına və yüksəlişinə təkan verir, Azərbaycan xalqının milli-azadlıq mübarizəsinə köməkedirdilər.

1905-ci ildə petisiya və xahişnamələrdən biri də Qafqazda zemstvo idarələrinin tətbiq edilməsi idi. Qafqaz canişini də diyarı köhnə qaydalarla idarə etməyin qeyri-mümkün olduğunu başa düşərək, zemstvonun yaradılmasına tərəfdar çıxırdı. Ona görə də "sülh və əmin-amanlıq yaratmaq" üçün canişin Tiflisdə bütün şəhərlilərin və silklərin müşavirəsini keçirməyi vəd etdi. 1905-ci il iyulun 16-da keçirilən həmin müşavirədə Qafqazdakı çar idarələrinin məmurları, mülkədarlar və kapitalistlər, burjua ziyalıları, ən iri yerli qəzetlərin redaktorları iştirak edirdi87.

Müşavirədən az sonra canişinin göstərişi ilə "Zemstvo əsasnaməsi" dərc olundu. Bu sənəd 1864-cü il "Əsasnaməsi" əsasında hazırlanmışdı. "Zemstvo əsasnaməsi"ndə bütün silklərin iştirak etdikləri sahə zemstvo idarəsinin ən aşağı inzibati vahid olduğu gös-tərilirdi. Rusiyadan fərqli olaraq, Zaqafqaziyada daha kiçik, cəmisi bir neçə kənd cəmiyyətindən ibarət zemstvo vahidlərinin yaradılması nəzərdə tutulurdu. Növbəti həlqə zemstvo idarəsi olmalı idi. Onun qlasnıları (üzvləri) xüsusi sahə yığıncaqlarında və ən çox zemstvo rüsumları ödəyənlərin xüsusi seçki yığıncaqlarında seçilməli idi. Qəza qlasnılarının ümumi miqdarı iri torpaq sahibləri və qalan iştirakçıları arasında yarıbayarı bölünməli idi. Əslində bu, o demək idi ki, onlarla torpaq sahibi minlərlə və ya on minlərlə zəhmətkeşin seçdiyi qədər qlasnıya malik olacaqdı.

Hər bir qəzadan iki qlasnısı olan dairə zemstvosu diyarda ən ali zemstvo idarəsi kimi təklif olunurdu88. Dairə zemstvolarının hüquqları Rusiyanın daxili quberniyalarındakı quberniya zemstvolarının hüquqları ilə eyniləşdirilirdi. Layihədə nəzərdə tutulan zemstvo idarələri üzərində inzibati nəzarəti qəza rəisləri, quberniyalar və canişin Şurasının daxili işlər nazirliyindən olan üzvləri həyata ke-çirməli idilər və bu ciddilik də çarizmin müstəmləkə siyasətinin məqsədlərinə qulluq etməli idi.

Canişinin göstərişinə görə, qəza və quberniya müşavirələri 1905-ci ilin sentyabrınadək keçirilməli, onların protokolları sentyabrın 15-də canişin dəftərxanasına təqdim olunmalı idi89.

Avqustun sonunda Bakı quberniyasının Quba, Cavad, Göyçay, Lənkəran və Şamaxı qəzalarında müşavirələr keçirildi. Onlarda quberniya müşavirəsinə və canişinlik şurasına seçilən nümayəndələr torpaq sahibləri silkinə mənsub idilər90.

Bakı qəza müşavirəsinə gəldikdə isə, onun keçirilməsi avqust hadisələri ilə əlaqədar olaraq təxirə salındı.

Sentyabrın 27-də Bakı şəhərində quberniya müşavirəsi açıldı. Burada cəmisi 33 müvəkkil iştirak edirdi. Azacıq istisna ilə onların hamısı burjuaziya və mülkədarların nümayəndələri idilər91.

Müşavirədə sədrlik edən M.Hacınski bildirdi ki, "bütün əhali idarəçilikdə şəxsən iştirak etmək hüququ alır. Bununla birlikdə isə həm də müstəqil iş və şəxsi təşəbbüsü inkişaf etdirmək imkanı qazanır". Lakin elə bu müşavirədə təhsil senzi müəyyənləşdirildi: ancaq orta təhsili olanlar qlasnı seçilə bilərdilər.

Qəza müşavirələrinin arzularına əlavə olaraq, quberniya müşavirəsi"Qafqazın bütün zemstvo işləri"nin qəti həlli üçün canişinin yanında qəza və quberniya müşavirələrində seçilmiş nümayəndələrdən ibarət xüsusi şura yaradılması təklifinə tərəfdar çıxdı. Yuxarı sosial təbəqələr diyara aid problemlərin müzakirəsi və həllində öz iştiraklarını onun vasitəsilə fəallaşdırmaq istəyirdilər.

Yelizavetpol quberniyasında kəndli hərəkatı gündən-günə gücləndiyi üçün qəza müşavirələrini keçirmək mümkün olmadı və quberniya müşavirəsinin işi pozuldu93. 1905-ci il avqustun sonunda Zaqatala dairəsində də zemstvoların yaradılması üzrə müşavirələr keçirildi.

Zemstvo kampaniyası kəndlilər tərəfindən müdafiə olunmadı. Bakı quberniyasının kəndli nümayəndələri quberniya müşavirəsində iştirakdan imtina etdilər, Lənkəran qəzasının kəndliləri isə bu müşavirədə zemstvo seçkilərinin əleyhinə çıxdılar94.

1905-ci ilin zemstvo kampaniyası uğurla nəticələnmədi və bunu canişin də etiraf etməyə məcbur oldu.

1905-ci ilin sonunda inqilabi hərəkatın yüksəlişi, ümumoktyabr tətili mübarizə aparan qüvvələrin elə bir müvəqqəti tarazlığına gətirib çıxardı ki, bu zaman "çarizm artıq inqilabı boğmağa", "inqilab isə hələlik çarizmi əzməyə" qadir deyildi. Çar vaxt qazanmaq və mütləqiyyətin iflasının qarşısını almaq niyyəti ilə oktyabrın 17-də manifest imzaladı. Burada qanunverici dövlət dumasını çağırmaq dumaya seçkilərə əhalinin bütün təbəqələrini cəlb etmək, ―əhaliyə vətəndaş azadlığının sarsılmaz əsaslarını" bəxş etmək vədi verilirdi. Azərbaycanda çar manifestinə münasibət çox müxtəlif olsa da. onun nəşri Azərbaycan cəmiyyətinin siyasi həyatı üçün müəyyən əhəmiyyət kəsb etdi. Manifestdə demokratik azadlıqların bəyan edilməsi Azərbaycanda siyasi partiyalar və təşkilatların yaradılması üçün bir növ qanuni əsas oldu.

Manifestin elan edilməsi münasibəti ilə oktyabrın 19-da Bakı şəhər dumasının təcili iclası çağırıldı. Qlasnılar çara ünvanlanmış təbrik-müraciətdə qeyd etmişdilər ki, duma "bu möhtəşəm dövlət zəkası aktını coşqunluqla qəbul etdi və inanır ki, 17 Oktyabr Mani-festi ölkəyə asayişi əldə etmək üçün bütün imkanları verir".

Manifestdə söz və mətbuat azadlığının elan edilməsinin ardınca Qafqaz canişini tərəfindən "birgə həmlə ilə mətbuat sözü üzərində ona mane olan senzura zəncirləri və qandallarının götürülməsi" xəbəri də ictimaiyyət tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan ictimaiyyəti ümid edirdi ki, senzuranın ləğvi ona öz mənafelərini daha uğurla qorumaq, özünün hüquq bərabərliyi məsələsini mətbuat səhifələrində daha geniş şəkildə işıqlandırmaq imkanı verəcək, senzuranın ləğvi "ictimai bəla və ağrıları azad tənqid etmək, bəlaların bütün növlərinə qarşı azad mətbuat mübarizəsi aparmaq imkanları yaradacaqdır"98.

Çar manifesti münasibətilə Bakıda "vətənpərvərlik" manifestasiyaları təşkil olundu. Oktyabrın 18-də və 19-da şəhərdə keçirilən yürüşlərə şəhər özünüidarə orqanlarının nümayəndələri başçılıq edirdilər.

17 Oktyabr Manifesti Azərbaycanın digər şəhərlərində də rəğbət ifadə edən təntənə ilə qarşılandı. Çar manifestinin çıxması ilə nəticələnən 1905-ci ilin inqilabi hərəkatı cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirdi, siyasi partiyaların və təşkilatların yaranmasına təkan verdi. Həmin ildə Azərbaycanın siyasi səhnəsində ilk olaraq sırf milli, heç bir ümumrusiya təşkilatının filialı və ya şöbəsi olmayan partiyalar meydana çıxdı. 1905-ci ilin fevralında Gəncədə "Sosial-federalistlərin türk inqilabi komitəsi" yarandı. Siyasi partiyanın rüşeymi olan bu komitə 1905-ci ilin fevralında iki vərəqə buraxdı100. Bu vərəqələrdə çar hökuməti müsəlmanların hüquqlarını məhdudlaşdırmaqda, Bakıda millətlərarası toqquşmalar təşkil etməkdə, Qafqazda köçürmə siyasətini həyata keçirməkdə ittiham olunurdu.Vərəqələrdə sosial-federalist ideyaları, "əsarətin" aradan götürülməsinə, Qafqaz xalqlarını birliyə, Qafqazın federal quruluşuna can atan bütün təşkilatlarla birgə fəaliyyətə və bu fəaliyyəti əsas düşmənə - rus hökumətinə qarşı yönəltməyə çağırış öz əksini tapmışdı.

Beləliklə, Sosial-federalistlərin Türk İnqilabi Komitəsi Azərbaycanda muxtariyyət və Rusiyanın federativ quruluşu haqqında ideya irəli sürmüş ilk milli təşkilat idi.

1905-ci ilin yayında Gəncədə "Qeyrət" adlı qrup yaradıldı . O, Şuşada da müəyyən nüfuza malik idi. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə (Yelizavetpolda) formalaşan ilk milli siyasi qurum olan uQeyrət" partiyasının əsasını qoymuşdu.Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi.Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov, bəzi mənbələrə görə, türk ədəmi-mərkəziyyət partiyasının başçısı Nəsib bəy Yusifbəyli də var idi.

"Qeyrət" partiyasının qırmızı möhürü və proqramı mövcud idi.Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi.Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi.

"Qeyrət‖in üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Həlilov və b. əhali arasında federalizm ideyalarını yaymaqla yanaşı, sosial-demokrat və digər partiya nümayəndələri ilə birgə bir çox mitinqlərdə millətlərarası savaşa son qoymaq çağırışı ilə iştirak edirdilər. "Qeyrət" partiyası 1908-ci ilə qədər fəaliyyət göstərdi, lakin bəzi sənədlərə görə, 1912-ci ildə Balkan müharibələri başladığı dövrdə federalistlər fəallaşmaqda idilər.

Siyasi səhnədə isə "Qeyrət" yenidən 1917-ci ilin Fevral inqilabından sonra yeni liderlər, yeni "Türk ədəmi-mərkəziyyət partiyası" adı və yeni proqramı ilə parlaq fəaliyyətə başladı.

1905-ci ilin yazı və yayında Rusiya imperiyasının müstəmləkə ucqarlarında müsəlman xalqlarının siyasi qüvvələrinin birləşməsi prosesi davam edirdi. Azərbaycan nümayəndələri "Ümumrusiya müsəlman ittifaqı"nın ("İttifaqi-müslimin"in) yaradılmasında fəal iştirak etmişdilər. Ə.Topçubaşov bu təşkilatın 1905-ci ilin avqustunda Nijni Novqorodda I (təsis) qurultayının çağırılmasında, proqram sənədlərinin hazırlanmasında vəfəaliyyətində bilavasitə iştirak etmiş.1906-cı ilin avqustunda onun Mərkəzi Komitəsinin III qurultayında təsis edilmiş daimi bürosuna daxil olmuşdu.Azərbaycan nümayəndələri İttifaqın komissiyalarına üzv seçilir, onun qurultay, müşavirə və yığıncaqlarında iştirak edirdilər."İttifaqi-müslimin" Rusiya müsəlmanları siyasi qüvvələrinin sonralar Rusiya dövlət dumalarının bütün çağırışlarında müsəlman parlament fraksiyasının fəaliyyətində özünü göstərmiş birliyin bünövrəsi idi.Fraksiya qanun layihələrinin işlənməsində, sorğuların hazırlanmasında ümumrusiya müsəlman qurultayının qərar və qətnamələrini rəhbər tuturdu.

Bakıda 1905-ci ilin noyabrında 17 Oktyabr Manifestinin verilməsindən sonra ölkədə yaranmış siyasi vəziyyəti müzakirə edən mitinqlər keçirildi.Mitinq iştirakçıları belə bir məsələdə yekdil idilər ki, manifestin vədləri həyata keçirilməli və ümumi seçki hüququ.müsəlmanların Rusiya dövlət dumasında mütənasib sayda nümayəndələrlə təmsil olunması və b. tələblər yerinə yetirilməlidir.

Azərbaycanda burjua xadimlərinin kadetlərə rəğbət bəsləyən bir hissəsi 1905-ci il dekabrın 4-də Konstitusion Demokratlar Partiyasının Bakı şöbəsinin təşkilində iştirak etdi. Azərbaycan cəmiyyətinin nümayəndələri İ.Hacınski, İ.Hacıyev, Ə.Topçubaşov, K.Səfərəliyev şöbənin daimi bürosuna seçildilər.Şöbənin 300 nəfər üzvü var idi.Dövlət dumasına seçki kampaniyasının gedişində şöbənin fəaliyyəti nəzərə çarpacaq dərəcədə canlandı.Seçkilərin nəticələri kadet partiyasının populyarlığını bir daha nümayiş etdirdi.Azərbaycandan olan bütün deputatlar duma fəaliyyəti dövründə daim özlərinin bu partiyaya mənsubiyyətlərini unutmurdular. 1912-ci ilin yanvarında Yelizavetpol qubernatoru polis departamentinə bildirdi ki, "ziyalılar başdan-başa kadetçilik eləyirlər: ayrı-ayrı, müstəsna hallarda ciddi surətdə öz daxili inamlarına görə, əksəriyyəti isə nəyə görəsə, belə hesab edir ki, kadet platforması hər bir ziyalı üçün mütləq lazımdır".

1905-ci ilin payızında "Müsəlman əyanları, ziyalıları və yuxarı təbəqələrin ittifaqı və müdafiə cəmiyyəti" meydana çıxdı .Cəmiyyət "Bakı şəhərinin məşhur və hörmətli adamlarına müraciət" nəşr etdirdi. Müraciətdə müəlliflər hökumətə qarşı yönəlmiş azadlıq hərəkatına rəğbət bildirir108, eyni zamanda qeyd edirdilər ki, bu hərəkatdan müsəlmanlara qarşı istifadə edilməsinə cəhd göstərildiyi təqdirdə cəmiyyətdə birləşmiş qüvvələr qətiyyətli cavab verəcəkdir...

1906-cı ilin avqust-sentyabr aylarında Bakı və Yelizavetpol quberniyalarında "Difai" partiyası meydana çıxdı.

Vahid milli siyasi təşkilatın yaradılması məqsədə uyğunluğunun meydana çıxmasında 1905-ci ildə erməni-müsəlman ziddiyyətlərinin kəskinləşməsi az rol oynamadı. 1906-cı ildə Tiflisdə keçirilmiş barışdırıcı qurultayın siyasi yekunlarından biri "Daşnaksutyun" və onun silahlı qüvvələrinə qarşı Azərbaycan tərəfindən özünə siyasi partiya və döyüş drujinaları yaratmaq zərurəti qarşısında qalmasını etiraf etməsi oldu.

"Difai"nin banisi partiyanın Bakıda yerləşən MK-sına başçılıq edən Ə.Ağayev idi. Gəncədə, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Qarsda, Naxçıvanda, Vladiqafqazda və b. yerlərdə partiyanın şöbələri yaradılmışdı111.

Partiyanın 1906-cı ilin oktyabrında "İrşad" qəzetində dərc olunmuş proqramında bölgədə yaranmış, Azərbaycan xalqını təqiblərə və məhv olmağa məruz qoyan siyasi şəraitin səciyyəsi verilirdi.Milltlərarası toqquşmalar və kütlələrin avamlığı yaranmış vəziy-yətin başlıca səbəbləri sayılırdı. Partiyanın proqramı aşağıdakı əsas məqsədi müəyyənləşdirirdi: "Qafqazın bütün digər xalqları ilə hətta öz proqramını elan edib bütün xalqların hüquq və üstünlükləri, Qafqazın nəcib əməlləri ilə razılaşması" şərtilə "Daşnaksutyun"la belə, birlikdə əməl qardaşlığı ortaya çıxarmaq".

Partiya maarifi və əhalinin mənafeyinin müdafiəsini məqsəda çatmaq üçün zəruri şərt sayırdı və bu, partiyanın möhüründə də əks olunmuşdu.Möhürün üzərində altıguşəli ulduzla aypara, çarpazlaşmış iki qılınc təsvir edilmiş və "Difai"-"Mübariz milli firqəsi"sözləri həkk olunmuşdu. "Difai" - nin vərəqələrində hər bir əkinçinin əbədi arzusu - 'Torpaq zəhmətkeş sinfə məxsus olmalıdır": öz əksini tapırdı.

Partiyanın sosial dayağını əsasən cəmiyyətin orta təbəqələri-tacirlər, ziyalılar, kəndlilər, şagirdlər vo onları təmsil edən şəxslar təşkil edirdi.

Partiyanın təşkilatçıları qarşıya qoyduqları siyasi məqsəd və vəzifələri kütlələrin dərk edib həyata keçirmələri üçün onlarda müəyyən şüur və siyasi mədəniyyət səviyyəsi olmasının zəruriliyini çox düzgün anlayırdı.Buna görə də əhali içərisində geniş maarifçilik işi aparır, mədəni-maarif cəmiyyətinin imkanlarından istifadə edir, siyasi ədəbiyyat yayırdılar.

"Difai"nin şöbələri əhali içərisində geniş şöhrətə malik idi. Çar məmurları öz ali rəislərinin nəzərinə çatdırırdılar ki, bu partiyanın mövcud olduğu müddətdə yerli əhalinin ictimai işlərə marağı xeyli artmışdır, indi əhali onun komitələrinə hökumət idarələrindən çox müraciət edir. Həmçinin qeyd edirdilər ki, təbliğat nəticəsində "müsəlmanlar birləşəcək, əqli cəhətdən inkişaf edəcək və şüurlu olacaqlar, partiya, şübhəsiz ki, hökumət əleyhinə olan məqsədləri də təbliğ etməyə başlayacaqdır".

Partiyanın ən iri şöbəsi "Qarabağ birlik məclisi" idi. Onun fəaliyyəti bütün Qarabağı - Yelizavetpol quberniyasının Cavanşir-Qaryagin və Şuşa qəzalarını əhatə edirdi. Məclisin təşkilatçıları tacirlər, ziyalılar, varlı və kasıb kəndlilərdən ibarət idi.Məclisin baş komitəsi Şuşada yerləşirdi.Onun sədri Kərim bəy Mehmandarov idi.Təşkilatın 400 nəfərlik döyüş drujinası var idi .Məclisin 1907-ci ilin oktyabr ayında qəbul olunmuş proqramında həm siyasi tələblər, həm də əxlaqi normalar əks olunmuşdu. Bu proqram müsəlmanları birliyə, milli özünüdərki inkişaf etdirməyə çağırır, millətlər arasındakı münasibətləri müəyyənləşdirir, milli düşmənçiliyi qızışdırmağa görə məsuliyyət məsələsini qaldırır, rüşvətxorluğa, hakimiyyətdən sui-istifadəyə, böhtana, əsassız surətdə qiymətlərin qaldırılmasına və s. görə cərimələr nəzərdə tuturdu. "Qarabağ birlik məclisi" qanunçuluq və hüquqi qaydaların cəmiyyətin həyatına daxil edilməsi sahəsində ilk kövrək addımlar atırdı.Proqram qadın təhsili də daxil olmaqla məktəblər şəbəkəsinin yaradılmasını nəzərdə tuturdu.Bu sənəddə ticarət, istehsalat və məhsul satışında qayda-qanun və sabitlik yaratmaq, həmçinin cəmiyyətin iqtisadi, siyasi və mənəvi həyatı ilə bağlı məsələlərin həllini partiyanın əlində cəmləşdirmək barədə də müddəa var idi. O, bir növ cəmiyyətin əmin-amanlıq və qanunçuluq prinsipləri əsasında yenidən qurulması proqramı idi və kütlələrin siyasi oyanışına kömək edirdi.

1907-ci ilin mayında "Müdafiə" təşkilatı meydana çıxdı.Ona böyük ictimai-siyasi xadim İsmayıl xan Ziyadxanov başçılıq edirdi.―Müdafiə"nin fəaliyyəti, başlıca olaraq, Yelizavetpol quberniyasının qərb hissəsini və Tiflis quberniyası qəzalarının bir hissəsini əhatə edirdi.Onun siyasi dayağını əhalinin imtiyazlı təbəqələrinin, mülkədar-bəylərin, kənd ziyalılarının nümayəndələri təşkil edirdi. Təşkilat müsəlmanlar içərisində maarif və mədəniyyət işlərinin qayğısına qalmağı, onların hüquq və mənafelərinin müdafiəsini, habelə kəndli məişətinin yaxşılaşdırılmasını və s. özünün zəruri məqsəd və vəzifəsi hesab edirdi.

Azərbaycan xalqının siyasi cəhətdən birləşməsində Müsəlman Demokratik Müsavat ("Bərabərlik") Partiyası mühüm rol oynadı."Müsavat" Partiyası 1911-ci ilin oktyabrında Bakıda meydana çıxmışdı.Bu təşkilata Azərbaycanın artıq xalq mənafeyi uğrunda müəyyən mübarizə təcrübəsinə malik, milli-azadlıq hərəkatının həm yaxın illər, həm də perspektiv üçün məqsəd və vəzifələrini müəyyənləşdirməyə qadir olan bir sıra ictimai xadimi başçılıq edirdi.

"Müsavat", onun lideri M.Rəsulzadə və nəşr etdiyi "Açıq söz" qəzeti Azərbaycanın siyasi həyatında öz fəallıqları ilə seçilirdi.

1912-ci ildə partiyanın manifesti - proqramı nəşr edildi. Proqramda qarşıya həyati məsələlər qoyulurdu: bütün müsəlman xalqları üçün bərabərlik əldə olunması, müsəlmanların dövlət müstəqilliyinin qorunması, müstəqilliyini bərqərar edən və onu qorumaq uğrunda mübarizə aparan müsəlman dövlətlərinə maddi və mənəvi yardım göstərilməsi. Partiya həm müsəlmanlar, həm də bütün bəşəriyyətə münasibətdə ali demokratik amallara əsaslanaraq, bütün partiyalarla əməkdaşlıq etmək niyyətində idi. Proqramın xüsusi maddəsi ilə partiya üzvlərinin bütün iqtisadi həyatın inkişafına kömək göstərməsi bir vəzifə kimi qoyulurdu.

Çox tezliklə partiya ziyalıları, xırda burjua, kəndli, fəhlə və qulluqçuların nümayəndələrini öz sıralarına cəlb etdi.Partiyanın Bakıda yerləşən Mərkəzi Komitəsi yerlərdə mərkəzin təyin və ya təsdiq etdiyi ən azı üç nəfərdən ibarət şöbələrə malik idi. Partiyanın təşkilat əsasları gizli iş şəraitində fəaliyyət üçün nəzərdə tutulmuşdu. Bunun səbəbi panislamist adlandırılanların kütləvi təqiblərə, Balkan müharibəsi başlandıqdan sonra isə xüsusilə güclənən cəza tədbirlərinə məruz qaldıqları şərait idi.



1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş amnistiya (əfvi-ümumi) nəticəsində İstanbuldan Bakıya qayıda bilən M.Ə.Rəsulzadə həmin vaxtdan etibarən "Müsavat" partiyasının şəriksiz liderinə çevrildi.


Yüklə 79,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin