MÖVZU 2
Beynəlxalq əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlərin
obyektiv əsasıdır
2.1. Beynəlxalq əmək bölgüsünün mahiyyəti və əsas formaları
Beynəlxalq əmək bölgüsü (BƏB) BİM-in mahiyyətini açan əsas kateqoriyadır. Bu özünü
onda göstərir ki, dünyanın istənilən ölkəsi bu və ya digər formada BƏB-ə cəlb olunub. Müasir
dünyada BƏB-də iştirak ölkənin qarşısında duran daxili və xarici vəzifələrin yerinə yetirilməsinin,
ölkələr arasında qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin qurulmasının vacib vasitəsidir.
BƏB-də iştirak ölkələrə daha az xərclə öz ehtiyaclarını ödəməyə və beləliklə də, əlavə iqtisadi
səmərə əldə etməyə imkan verir.
BƏB-in mahiyyətini açmağa keçməmişdən əvvəl ilk olaraq ölkə daxilində əmək
bölgüsünün necə baş verdiyini qısaca olaraq nəzərdən keçirək. Ümumiyyətlə, əmək bölgüsü
tarixən müəyyən olunmuş ictimai əmək sistemidir. O, cəmiyyətin inkişaf prosesində istehsal
fəaliyyətinin differensiallaşması nəticəsində bərqərar olur.
Dünyanın istənilən ölkəsində ayrıca götürülmüş heç bir müəssisə həmin ölkənin
cəmiyyətinə lazım olan bütün məhsulları istehsal etmək iqtidarında deyildir. Hər bir müəssisə
müəyyən növ məhsulların hazırlanması üzrə ixtisaslaşır, yəni müəssisələrin ixtisaslaşması baş
verir. O özünü bir neçə formada – predmet, peşəkar və ərazi ixtisaslaşmaları formasında göstərir.
Predmet ixtisaslaşması müəssisənin müəyyən növ məhsulların istehsalı ilə məşğul olması
deməkdir; peşəkar ixtisaslaşma isə müəssisədə əsasən müəyyən peşə mənsubiyyəti olanların
(neftçilər, iqtisadçılar, hüquqşünaslar və s.) çalışdığını göstərir; ərazi ixtisaslaşması müəssisənin
konkret ərazidə yerləşdiyini xarakterizə edir.
Təsərrüfat subyektlərinin ixtisaslaşması zəruri və mütləq şəkildə istehsal olunan
məhsulların mübadiləsi ilə müşaiyət olunur. Bu cür qarşılıqlı təsir nəticəsində müəssisələrarası
əmək bölgüsü meydana gəlir. Bu, əmək bölgüsünün universal formasıdır.
Əgər ixtisaslaşmış məhsul və ya xidmətlə mübadilə bir sahəyə aid olan istehsal subyektləri
arasında baş verirsə, onda müəssisələrarası əmək bölgüsü sahədaxili əmək bölgüsünə (məsələn,
maşınqayırma müəssisələri arasında məhsul mübadiləsi) çevrilir. Əgər mübadilə müxtəlif sahələrə
aid olan müəssisələr arasında baş verirsə, onda əmək bölgüsünün sahələrarası forması (məsələn,
sənayenin kömür və energetika sahələri arasında əlaqə) meydana gəlir. Əgər mübadilə müxtəlif
istehsal növlərinə aid olan sahələr arasında həyata keçirilirsə, onda əmək bölgüsünün növlərarası
forması (məsələn, maşınqayırma və kənd təsərrüfatı arasında olan iqtisadi əlaqələr) peyda olur.
Nəhayət, müəyyən regionun müəssisələrinin istehsal etdikləri məhsulların digər regionda istehsal
olunan məhsullarla mübadiləsi zamanı əmək bölgüsünün regionlararası forması (məsələn, Gəncə
iqtisadi rayonu ilə Xaçmaz iqtisadi rayonu arasında əmtəə mübadiləsi) əmələ gəlir.
Yuxarıda deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, əmək bölgüsü məsələsini
öyrənərkən müəssisələrin ixtisaslaşması formasını və müəssisələr arasında əmək bölgüsünün
formalarını dəqiq surətdə fərqləndirmək lazımdır. Istehsal subyektlərinin ixtisaslaşamsı yuxarıda
qeyd edildiyi kimi, özünü üç formada – predmet, peşəkar və ərazi əmək bölgüsü formasında
göstərir. Əmək bölgüsü isə aşağıdakı formaların biri üzrə meydana gəlir – sahədaxili, sahələrarası,
növlərarası və regionlararası. Bu formalardan hər biri özündə əmək bölgüsünün hər iki xarakterik
cəhətlərini – mübadilə və ixtisaslaşmanı (hər üç formada) əks etdirir.
Beləliklə, ölkə daxilində əmək bölgüsü ayrı-ayrı təsərrüfat subyektlərinin müxtəlif əmtəə və
xidmətlər istehsalında ixtisaslaşmaları və sonradan bu əmtəə və xidmətlərlə mübadilənin baş
verdiyi əməyin təşkili sistemi və ya üsuludur. Yəni, əmək bölgüsü iki əsas cəhətlə - ixtisaslaşma
və mübadilə ilə xarakterizə olunur.
Əmək bölgüsünün formaları ilə yanaşı onun növləri də fərqləndirilir. Adətən əmək
bölgüsünün üç növü – müəssisədaxili, ölkədaxili və ölkələrarası və ya beynəlxalq əmək bölgüsü
fərqləndirilir. Əmək bölgüsünün hansı sferada baş verdiyindən asılı olaraq o, ayrı-ayrı növlər üzrə
differensiallaşır.
BƏB – ictimai əmək bölgüsünün xüsusi növüdür. O, ölkədaxili əmək bölgüsünün inkişafı
əsasında yaranır. Qeyd edək ki, öz strukturlarına görə ölkədaxili əmək bölgüsünün və BƏB-in bir
sıra ümumi cəhətləri vardır. Birincisi, onların hər ikisi ictimai əmək bölgüsünə aiddir. Çünki,
onların hər ikisi cəmiyyət üzvləri arasında baş verir. İkincisi, həm ölkədaxili əmək bölgüsündə,
həm də BƏB-də müəssisələrin ixtisaslaşması müəyyən növ məhsulların istehsalı və bu
məhsullarla mübadilə əsasında baş verir. Üçüncüsü, qeyd olunan hər iki əmək bölgüsü forması
özlüyündə müxtəlif müəssisələrin istehsal kollektivlərinin eyni zamanda mövcud olan əməyini əks
etdirir. Bu müəssisələr istehsal etdikləri məhsulları mübadilə etməklə öz aralarında iqtisadi
əlaqələr qururlar. Beləliklə, həm ölkə daxilində, həm də dövlətlər arasında əmək bölgüsü xüsusi
üsullarla həyata keçirilən birgə əməkdir.
BƏB-i ölkədaxili əmək bölgüsündən fərqləndirən əhəmiyyətli cəhətlər mövcuddur. Bu
fərqli cəhətlər özünü aşağıdakılarda göstərir:
1. BƏB və ölkədaxili əmək bölgüsü arasında daha çox nəzərə çarpan fərq onların fəalyyət
sferalarının özünəməxsusluğundadır. Əgər ölkədaxili əmək bölgüsü hər hansı bir milli
iqtisadiyyatın strukturunu əks etdirirsə, BƏB iki və ya daha artıq milli iqtisadiyyatlar
arasında münasibətlərin qurulması deməkdir.
2. Digər fərq BƏB-in və ölkədaxili əmək bölgüsünün ölkələrin milli məcmu ictimai əməyinin
strukturuna təsir istiqamətlərinin spesifikliyindədir. Ölkədaxili əmək bölgüsünün inkişafı
zamanı milli iqtisadiyyatın strukturunun birbaşa dəyişilməsi baş verir. BƏB zamanı isə
dəyişmə birbaşa yox, dolayı yolla, yəni milli iqtisadiyyatın digər ölkələrin ehtiyaclarına
uyğunlaşdırılması yolu ilə baş verir. BƏB-in funksional təyinatı ondan ibarətdir ki, o,
müxtəlif ölkələr arasında möhkəm iqtisadi əlaqələrin yaranmasına kömək etməklə onların
milli məcmu ictimai əməyinin strukturuna daha faydalı iqtisadi təsir göstərir. Bu təsir
BƏB-də iştirakın, ölkəyə öz səylərini istehsalı üzrə daha yaxşı şərtlərə malik olduğu
məhsul buraxılışında cəmləşdirməyə imkan verməsi ilə müəyyən olunur.
3. Ölkədaxili əmək bölgüsü və BƏB arasında fərqlilik özünü həmçinin bu iqtisadi proseslərdə
iştirak edən subyektlərin səlahiyyətlərinin həcmində göstərir. Məlumdur ki, ölkədaxili
əmək bölgüsünün subyektləri kimi, ayrı-ayrı müəssisələr, firmalar, şirkətlər çıxış edirlər.
Onlar həmçinin BƏB-in də subyektləridir. Lakin BƏB zamanı dövlətin rolu əhəmiyyətli
dərəcədə artır ki, bu da özünü milli müəssisələrin xarici iqtisadi fəaliyyətlərinin
dəstəklənməsində, bəzən isə məhdudlaşdırılmasında göstərir.
4. BƏB ölkədaxili əmək bölgüsündən bu proseslərdə fəaliyyət göstərən obyektlərin əhatə
dairəsinin irihəcmliliyi ilə də fərqlənir. Məlumdur ki, ölkədaxili əmək bölgüsünün
obyektləri kimi müxtəlif əmtəələr və xidmətlər çıxış edirlər. Ölkə daxilində müəssisələr
həmçinin texnoloji nailiyyətlərlə, elmi-texniki təcrübə ilə, mütəxəssislər və işçilərlə
mübadilə edirlər. Bütün bu sadalanan obyektlər BƏB üçün də xarakterikdir, lakin onların
əhatə dairəsi əhəmiyyətli dərəcədə fərqlidir. Yəni, ölkə daxilində mübadilə olunan məhsul
və xidmətlərin çeşidi beynəlxalq səviyyədə mübadilədən daha genişdir.
Yuxarıda deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, BƏB ölkədaxili əmək bölgüsünün
davamı deyil. O, ictimai əmək bölgüsünün xüsusi, müstəqil növlərindən biridir.
Beləliklə, beynəlxalq əmək bölgüsü müxtəlif ölkələrin müəssisələrinin müəyyən əmtəə və
xidmətlərin istehsalı üzrə ixtisaslaşdıqları və sonradan bu əmtəə və xidmətlərlə mübadiləni həyata
keçirdikləri, qarşılıqlı surətdə asılı olan istehsalın təşkili sistemi və ya üsuludur.
BƏB-in mahiyyəti özünü istehsal prosesinin bölünməsinin və birləşməsinin dialektik
vəhdətində göstərir. BƏB-in əsas məzmunu əmək fəaliyyətinin müxtəlif növlərinin ayrılmasından
və xüsusiləşməsindən, onların qarşılıqlı fəaliyyətindən və bir-birlərini qarşılıqlı surətdə
tamamlamalarından ibarətdir. Yəni, əmək bölgüsü təkcə ayrılma prosesi kimi deyil, həmçinin
əməyin birləşdirilməsi üsulu kimi çıxış edir. BƏB-in əsası kimi müxtəlif ölkələr arasında baş
verən qarşılıqlı iqtisadi fəaliyyət zamanı ixtisaslaşma və mübadiləyə olan obyektiv ehtiyacı
göstərmək olar.
Yuxarıda göstərildiyi kimi, BƏB ölkələr arasında ictimai ərazi əmək bölgüsünün ən yüksək
inkişaf səviyyəsidir. Bu, ölkələrin müxtəlif məhsullar üzrə iqtisadi mənfəət baxımından sabit
surətdə ixtisaslaşmalarında və bu məhsullarla qarşılıqlı mübadilədə təzahür edir.
Qeyd etmək lazımdır ki, müəssisələrin beynəlxalq ixtisaslaşması da ölkə daxilində olan
formalarda baş verir. Yəni, beynəlxalq qarşılıqlı əlaqəli istehsal sistemində iştirak edən
müəssisələr müəyyən konkret məhsullar istehsal edirlər, bu müəssisələrdə konkret peşə
nümayəndələri çalışırlar və bu müəssisələr müəyyən ərazilərdə yerləşirlər.
BƏB-in formalarına gəldikdə isə, dünya arenasında da istehsal fəaliyyətinin nəticələri ilə
mübadilə müəyyən qruplara – istehsal sahələrinə, altsahələrinə və növlərinə daxil olan müəssisələr
arasında baş verir. Və mübadilənin hansı qrupa daxil olan müəssisələr arasında baş verməsindən
asılı olaraq BƏB-in uyğun formaları – sahədaxili, sahələrarası, növlərarası formaları meydana
gəlir. Lakin dünya arenasında regionlararası forma əvəzinə iki ölkə arasında əmək bölgüsünü
xarakterizə edən milli təsərrüfat forması əmələ gəlir.
Dostları ilə paylaş: |