2.2. Beynəlxalq əmək bölgüsünün əsas konsepsiyaları
BƏB nəzəriyyəsi öz nəzəri əsaslarını və inkişafını ilk klassik iqtisadçılar – Adam Smit və
David Rikardonun əsərlərində tapıb. İngilis iqtisadçısı A.Smit özünün “Xalqların sərvətinin təbiəti
və səbəbləri haqqında traktat” (1776) əsərində azad ticarətin və sahibkarlığın zəruriliyini sübut
edirdi. Onun fikrincə, azad ticarətə qoyulan müxtəlif məhdudiyyətlər ayrı-ayrı regionlar və ölkələr
arasında əmək bölgüsünün dərinləşməsinə mane olur. Bu maneələrin aradan qaldırılması və
beynəlxalq mübadilənin fəaliyyət sahəsinin genişləndirilməsi son nəticədə milli iqtisadiyyatların
ixtisaslaşmasına və onların qarşılıqlı asılılıqlarının güclənməsinə, bir sözlə ümumdünya
təsərrüfatının bərqərar olmasına gətirib çıxarmalıdır.
A.Smit əmək bölgüsü prinsipini beynəlxalq iqtisadi əlaqələrə münasibətdə tətbiq edərək
belə bir nəticəyə gəlib ki, mübadiləyə hazır olan hər bir ölkə mütləq üstünlüyə malik olduğu
əmtəə üzrə ixtisaslaşdığı halda, bundan digər ölkələr də mənfəət qazanırlar. Beləliklə, A.Smitə
görə, əmək bölgüsünün əsasında mütləq üstünlük prinsipinə əsaslanan ixtisaslaşma durur.
Lakin mütləq üstünlüyə əsaslanan ixtisaslaşma bu cür üstünlüyə malik olmayan ölkələrə
beynəlxalq mübadilədə iştirak etməyə imkan vermir. A.Smitin nəzəriyyəsində mövcud olan bu
çatışmazlıq digər ingilis iqtisadçıları – David Rikardo, R.Torrens və Con Stüart Millin əsərlərində
aradan qaldırılmağa çalışılıb. Onların, xüsusilə də D.Rikardonun BƏB nəzəriyyəsinin inkişafına
göstərdikləri əsas xidmət iqtisad elminin fundamental nəzəriyyələrindən birinin – müqayisəli
üstünlüklər nəzəriyyəsini işləmələrindən ibarətdir.
Müqayisəli üstünlüklər (və ya istehsalın müqayisəli xərcləri) nəzəriyyəsinin əsasında
ölkələr arasında istehsal şərtlərində fərqlərin mövcudluğu fikri durur. Prinsipcə istənilən ölkədə
istənilən əmtəənin istehsalı prosesini təşkil etmək olar. Məsələn, Azərbaycanda kivi yetişdirmək
mümkündür. Lakin çəkilən xərclərin çoxluğu səbəbindən onun dəyəri yüksək olardı. Bu və ya
digər əmtəələrin istehsalı üçün çəkilən xərclərin müqayisəsi göstərir ki, bütün əmtəələrin
istehsalındansa daha az xərc tələb edən əmtəənin istehsalına diqqəti yönəltmək daha sərfəli olardı.
Bu əmtəə üzrə ixtisaslaşma mübadilə vasitəsilə xarici bazarda digər əmtəələri də əldə etməyə
imkan verir. Məsələn, Azərbaycanda limonun becərilməsi kiviyə nisbətən xeyli ucuz başa
gəldiyindən bu əmtəə üzrə ixtisaslaşma və mübadilə yolu ilə kiviyə olan ehtiyacın ödənilməsi
daha sərfəli olardı.
Müqayisəli üstünlüklər nəzəriyyəsi sübut edir ki, müəyyən əmtəənin istehsalı üzrə
ixtisaslaşma bir ölkənin digər ölkə qarşısında mütləq üstünlüyə malik olması ilə yanaşı, bu
üstünlük olmadıqda da sərfəlidir. Məsələ burasındadır ki, əgər ölkədə heç bir məhsulun istehsalı
üçün çəkilən xərc beynəlxalq səviyyədən aşağı deyilsə, onda elə bir məhsul var ki, ona çəkilən
xərclər bu orta səviyyəyə daha yaxındır. Onda ölkənin bu əmtəə istehsalı üzrə ixtisaslaşması daha
mənfəətli olardı. Digər tərəfdən, əgər ölkə bir neçə məhsul istehsalı üzrə üstünlüyə malikdirsə,
onda o, ən maksimal üstünlüyə malik olduğu əmtəə üzrə ixtisaslaşmalıdır.
Klassik məktəbin digər bir nümayəndəsi Con Stüart Mill isə öz əsərlərində aşağıdakı iki
əsas məsələni sübut edib:
1) beynəlxalq istehsal ixtisaslaşması istiqamətində edilən təbii səylər son nəticədə bu
ixtisaslaşmadan əldə edilən mənfəətlərin tarazlaşdırılmasına gətirib çıxarır;
2) tam və ya qismən ixtisaslaşma şərtləri istehsaldan əldə edilən gəlirlərin qeyri-bərabərliyi ilə
müəyyən olunur.
Klassik iqtisadçıların ideyaları sonradan XX əsrin iqtisadçılarının əsərlərində öz inkişafını
tapmışdır. Klassik iqtisadçılar ölkənin hansı əmtəə istehsalı üzrə ixtisaslaşmasının məqsədəuyğun
olduğunu müəyyən etməyə çalışdıqları zaman əmək dəyəri nəzəriyyəsinə əsaslanırdılar. XIX əsrin
ikinci yarısından etibarən isə istehsal amilləri nəzəriyyəsi geniş surətdə inkişaf etməyə başladı.
Bu nəzəriyyəyə görə, əmtəənin istehsalı, onun dəyərinin formalaşdırılması zamanı üç faktor –
torpaq, əmək və kapital iştirak edir. Bu nəzəriyyələr, həmçinin mütləq və müqayisəli üstünlüklər
nəzəriyyələri barədə sonrakı mövzuda geniş surətdə məlumat veriləcəkdir.
BƏB-in modernləşdirilməsi istiqamətində müasir Qərb nəzəriyyələrinə gəldikdə isə, onları
şərti olaraq iki qrupa bölmək olar:
1) “qarşılıqlı asılılıq” konsepsiyasının müxtəlif variantları;
2) BƏB-in mövcud modelinin yenidən qurulması üçün konkret tövsiyələr və planlar.
1970-ci illərin ortalarından yayılmağa başlamış qarşılıqlı asılılıq konsepsiyaları ideyaları
“yeni BƏB nəzəriyyəsi”nin əsasını təşkil edir. Bu ideyalar bir sıra sənayecə inkişaf etmiş ölkələrin
və beynəlxalq təşkilatların rəsmi doktrinalarında öz əksini tapmışdır.
“Qarşılıqlı asılılıq” konsepsiyasının nümayəndələrindən biri, holland iqtisadçısı
K.Nuvenhuze öz ideyalarının əsaslandırılması üçün ilk növbədə bütün ölkələr üçün ümumi olan
ekoloji faktorlara müraciət edir. Bu faktorlara o, aşağıdakıları aid edir:
1) ətraf mühitin qeyri-sabitliyi;
2) təbii resursların məhdudluğu və bərpa olunmaması.
Onun fikrincə, inkişaf etmiş ölkələrin (İEÖ) inkişaf etməkdə olan ölkələrdən (İEOÖ)
xammal asılılığı və əksinə İEOÖ-in İEÖ-dən texnologiya asılılığı mövcud olan bir şəraitdə bu
ölkələr bir-birlərindən qarşılıqlı surətdə asılıdırlar və bir-birlərinə “qarşılıqlı təzyiq” edirlər.
K.Nuvenhuzeyə görə, məhz bu situasiyadan çıxış edərək BƏB-i qurmaq lazımdır.
Digər Qərb iqtisadçısı R.Kuper (Harvard məktəbi) də qarşılıqlı asılılıq probleminə
müraciət edərək onu bir neçə aspektdə nəzərdən keçirir. Onun fikrincə qarşılıqlı asılılığın dörd
növü mövcuddur:
1) struktur asılılığı; bu zaman ölkələr bir-birlərindən o qədər asıldırlar ki, bir ölkənin
iqtisadiyyatında baş verən dəyişikliyin təsiri özünü dərhal digər ölkədəki mövcud
situasiyada göstərir;
2) iqtisadi siyasət üzrə müəyyən edilmiş məqsədlərin qarşılıqlı asılılığı;
3) iqtisadi inkişafın xarici faktorlarının qarşılıqlı asılılığı;
4) siyasi qarşılıqlı asılılıq.
Qarşılıqlı asılılıq konsepsiyaları ümumi xarakter daşımaqla, digər iqtisadi nəzəriyyələr
qrupu – mövcud BƏB-in modernləşdirilməsi nəzəriyyələri üçün çıxış nöqtəsi rolunu oynayırlar.
BƏB-in modernləşdirilməsinin əsas ideyası inkişaf etməkdə olan ölkələrə proteksionizm
siyasətindən imtina edilməsinin və iqtisadiyyata geniş surətdə xarici kapitalı cəlb edilməsinin
tövsiyə olunmasından ibarətdir.
Bir çox İEOÖ bu tövsiyəyə əməl edərək çoxsaylı birgə müəssisələr təsis etməklə, azad
sahibkarlıq zonaları və s. təşkil etməklə “açıq qapı”, “açıq iqtisadiyyat” siyasəti yeritməyə
başladılar. Bu siyasətdən ən çox mənfəət götürənlər Şərqi Asiya və Latın Amerikasının “Yeni
Sənaye Ölkələri” adlandırılan dövlətləri oldu. Lakin maraqlıdır ki, onlar bu siyasəti həyata
keçirərkən heç də tamamilə proteksionizm siyasətindən imtina etmirlər və ehtiyac olduqca ondan
istifadə edirlər.
Qərb iqtisadçılarının nöqteyi-nəzərindən “yeni” və “modernləşdirilmiş” BƏB ideyalarının
praktiki əhəmiyyəti nədən ibarətdir?
Əsas fikir İEOÖ-in sahəvi ixtisaslaşmasının yeni istiqamətinin bərqərar edilməsindən
ibarətdir. Bu ölkələrə ilk növbədə İEÖ-in ehtiyaclarının ödəmək üçün əməktutumlu,
materialtutumlu, standart məhsulların istehsalı və ixracı üzrə istiqamət götürməyi təklif edilir. Öz
növbəsində, onların fikrincə, sənayecə inkişaf etmiş ölkələr öz maraqlarını yüksəkixtisaslı iş
qüvvəsinin payının yuxarı olduğu və intensiv elmi-texniki prosesin baş verdiyi iqtisadiyyat
sahələrində cəmləşdirməlidirlər.
Bu fikirlər ardıcıl olaraq praktikada reallaşdırılır. Belə ki, İEOÖ-də xarici kapitalın birbaşa
investisiyalarının ümumi həcmində emaledici sənaye sahələrinə yönəldilmiş kapitalın payı artır,
“çirkli” istehsalın İEOÖ-ə köçürülməsi prosesi baş verir. Bu zaman sahəvi ixtisaslaşma
üçmərhələli sxem üzrə həyata keçirilir:
1) “yeni sənaye ölkələri” əsasən nisbətən ixtisaslı əmək və müasir texnologiyalar tələb edən
əmtəələr istehsal edirlər;
2) İEOÖ-lərin bir qədər az inkişaf etmişləri əməktutumlu məhsulların istehsalına, xammal
ixracına vurğu edirlər; daha az inkişaf etmiş ölkələr isə ümumiyyətlə bu sxemdən kənarda
qalırlar;
3) sənayecə inkişaf etmiş ölkələr səylərini kapitaltutumlu, yüksək texnologiyaya əsaslanan
məhsulların istehsalında təmərgüzləşdirirlər.
Dostları ilə paylaş: |