Mövzu 2 Beynəlxalq əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlərin obyektiv əsasıdır



Yüklə 356,12 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix02.01.2022
ölçüsü356,12 Kb.
#42297
  1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 2 - metn-beynelxalq emek bolgusu (1)



MÖVZU 2 

Beynəlxalq əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlərin  

obyektiv əsasıdır 

 

2.1. Beynəlxalq əmək bölgüsünün mahiyyəti və əsas formaları 

 

Beynəlxalq əmək bölgüsü (BƏB) BİM-in mahiyyətini açan əsas kateqoriyadır.  Bu özünü 

onda  göstərir  ki,  dünyanın  istənilən  ölkəsi  bu  və  ya  digər  formada  BƏB-ə  cəlb  olunub.  Müasir 

dünyada BƏB-də iştirak ölkənin qarşısında duran daxili və xarici vəzifələrin yerinə yetirilməsinin, 

ölkələr  arasında  qarşılıqlı  faydalılığa  əsaslanan  münasibətlərin  qurulmasının  vacib  vasitəsidir. 

BƏB-də  iştirak  ölkələrə  daha  az  xərclə  öz  ehtiyaclarını  ödəməyə  və  beləliklə  də,  əlavə  iqtisadi 

səmərə əldə etməyə imkan verir. 

 

BƏB-in  mahiyyətini  açmağa  keçməmişdən  əvvəl  ilk  olaraq  ölkə  daxilində  əmək 



bölgüsünün  necə  baş  verdiyini  qısaca  olaraq  nəzərdən  keçirək.  Ümumiyyətlə,  əmək  bölgüsü 

tarixən  müəyyən  olunmuş  ictimai  əmək  sistemidir.  O,  cəmiyyətin  inkişaf  prosesində  istehsal 

fəaliyyətinin differensiallaşması nəticəsində bərqərar olur. 

Dünyanın  istənilən  ölkəsində  ayrıca  götürülmüş  heç  bir  müəssisə  həmin  ölkənin 

cəmiyyətinə  lazım  olan  bütün  məhsulları  istehsal  etmək  iqtidarında  deyildir.  Hər  bir  müəssisə 

müəyyən  növ  məhsulların  hazırlanması  üzrə  ixtisaslaşır,  yəni  müəssisələrin  ixtisaslaşması  baş 

verir. O özünü bir neçə formada – predmetpeşəkar və ərazi ixtisaslaşmaları formasında göstərir. 

Predmet  ixtisaslaşması  müəssisənin  müəyyən  növ  məhsulların  istehsalı  ilə  məşğul  olması 

deməkdir;  peşəkar  ixtisaslaşma  isə  müəssisədə  əsasən  müəyyən  peşə  mənsubiyyəti  olanların 

(neftçilər, iqtisadçılar,  hüquqşünaslar və s.) çalışdığını göstərir;  ərazi ixtisaslaşması  müəssisənin 

konkret ərazidə yerləşdiyini xarakterizə edir. 

Təsərrüfat  subyektlərinin  ixtisaslaşması  zəruri  və  mütləq  şəkildə  istehsal  olunan 

məhsulların  mübadiləsi  ilə  müşaiyət  olunur.  Bu  cür  qarşılıqlı  təsir  nəticəsində  müəssisələrarası 



əmək bölgüsü meydana gəlir. Bu, əmək bölgüsünün universal formasıdır.  

Əgər ixtisaslaşmış məhsul və ya xidmətlə mübadilə bir sahəyə aid olan istehsal subyektləri 

arasında  baş  verirsə,  onda  müəssisələrarası  əmək  bölgüsü  sahədaxili  əmək  bölgüsünə  (məsələn, 

maşınqayırma müəssisələri arasında məhsul mübadiləsi) çevrilir. Əgər mübadilə müxtəlif sahələrə 




aid olan müəssisələr arasında baş verirsə, onda əmək bölgüsünün sahələrarası forması (məsələn, 

sənayenin  kömür  və  energetika  sahələri  arasında  əlaqə)  meydana  gəlir.  Əgər  mübadilə  müxtəlif 

istehsal növlərinə aid olan sahələr arasında həyata keçirilirsə, onda əmək bölgüsünün növlərarası 

forması  (məsələn,  maşınqayırma  və  kənd  təsərrüfatı  arasında  olan  iqtisadi  əlaqələr)  peyda  olur. 

Nəhayət, müəyyən regionun müəssisələrinin istehsal etdikləri məhsulların digər regionda istehsal 

olunan məhsullarla mübadiləsi zamanı əmək bölgüsünün regionlararası forması (məsələn, Gəncə 

iqtisadi rayonu ilə Xaçmaz iqtisadi rayonu arasında əmtəə mübadiləsi) əmələ gəlir. 

Yuxarıda  deyilənlərdən  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  əmək  bölgüsü  məsələsini 

öyrənərkən  müəssisələrin  ixtisaslaşması  formasını  və  müəssisələr  arasında  əmək  bölgüsünün 

formalarını dəqiq surətdə fərqləndirmək lazımdır. Istehsal subyektlərinin ixtisaslaşamsı yuxarıda 

qeyd  edildiyi  kimi,  özünü  üç  formada  –  predmet,  peşəkar  və  ərazi  əmək  bölgüsü  formasında 

göstərir. Əmək bölgüsü isə aşağıdakı formaların biri üzrə meydana gəlir – sahədaxili, sahələrarası, 

növlərarası və regionlararası. Bu formalardan hər biri özündə əmək bölgüsünün hər iki xarakterik 

cəhətlərini – mübadilə və ixtisaslaşmanı (hər üç formada) əks etdirir. 

Beləliklə, ölkə daxilində əmək bölgüsü ayrı-ayrı təsərrüfat subyektlərinin müxtəlif əmtəə və 

xidmətlər  istehsalında  ixtisaslaşmaları  və  sonradan  bu  əmtəə  və  xidmətlərlə  mübadilənin  baş 

verdiyi əməyin təşkili sistemi və ya üsuludur. Yəni, əmək bölgüsü iki əsas cəhətlə - ixtisaslaşma 

və mübadilə ilə xarakterizə olunur. 

Əmək  bölgüsünün  formaları  ilə  yanaşı  onun  növləri  də  fərqləndirilir.  Adətən  əmək 

bölgüsünün üç növü – müəssisədaxiliölkədaxili və ölkələrarası və ya beynəlxalq əmək bölgüsü 

fərqləndirilir. Əmək bölgüsünün hansı sferada baş verdiyindən asılı olaraq o, ayrı-ayrı növlər üzrə 

differensiallaşır. 

BƏB – ictimai əmək bölgüsünün xüsusi növüdür. O, ölkədaxili əmək bölgüsünün inkişafı 

əsasında yaranır. Qeyd edək ki, öz strukturlarına görə ölkədaxili əmək bölgüsünün və BƏB-in bir 

sıra  ümumi  cəhətləri  vardır.  Birincisi,  onların  hər  ikisi  ictimai  əmək  bölgüsünə  aiddir.  Çünki, 

onların  hər  ikisi  cəmiyyət  üzvləri  arasında  baş  verir.  İkincisi,  həm  ölkədaxili  əmək  bölgüsündə, 

həm  də  BƏB-də  müəssisələrin  ixtisaslaşması  müəyyən  növ  məhsulların  istehsalı  və  bu 

məhsullarla  mübadilə  əsasında  baş  verir.  Üçüncüsü,  qeyd  olunan  hər  iki  əmək  bölgüsü  forması 

özlüyündə müxtəlif müəssisələrin istehsal kollektivlərinin eyni zamanda mövcud olan əməyini əks 

etdirir.  Bu  müəssisələr  istehsal  etdikləri  məhsulları  mübadilə  etməklə  öz  aralarında  iqtisadi 



əlaqələr qururlar. Beləliklə, həm ölkə daxilində, həm də dövlətlər arasında əmək bölgüsü xüsusi 

üsullarla həyata keçirilən birgə əməkdir. 

BƏB-i  ölkədaxili  əmək  bölgüsündən  fərqləndirən  əhəmiyyətli  cəhətlər    mövcuddur.  Bu 

fərqli cəhətlər özünü aşağıdakılarda göstərir: 

1.  BƏB  və  ölkədaxili  əmək  bölgüsü  arasında  daha  çox  nəzərə  çarpan  fərq  onların  fəalyyət 

sferalarının  özünəməxsusluğundadır.  Əgər  ölkədaxili  əmək  bölgüsü  hər  hansı  bir  milli 

iqtisadiyyatın  strukturunu  əks  etdirirsə,  BƏB  iki  və  ya  daha  artıq  milli  iqtisadiyyatlar 

arasında münasibətlərin qurulması deməkdir. 

2.  Digər fərq BƏB-in və ölkədaxili əmək bölgüsünün ölkələrin milli məcmu ictimai əməyinin 

strukturuna  təsir  istiqamətlərinin  spesifikliyindədir.  Ölkədaxili  əmək  bölgüsünün  inkişafı 

zamanı  milli  iqtisadiyyatın  strukturunun  birbaşa  dəyişilməsi  baş  verir.  BƏB  zamanı  isə 

dəyişmə  birbaşa  yox,  dolayı  yolla,  yəni  milli  iqtisadiyyatın  digər  ölkələrin  ehtiyaclarına 

uyğunlaşdırılması  yolu  ilə  baş  verir.  BƏB-in  funksional  təyinatı  ondan  ibarətdir  ki,  o, 

müxtəlif ölkələr arasında möhkəm iqtisadi əlaqələrin yaranmasına kömək etməklə onların 

milli  məcmu  ictimai  əməyinin  strukturuna  daha  faydalı  iqtisadi  təsir  göstərir.  Bu  təsir 

BƏB-də  iştirakın,  ölkəyə  öz  səylərini  istehsalı  üzrə  daha  yaxşı  şərtlərə  malik  olduğu 

məhsul buraxılışında cəmləşdirməyə imkan verməsi ilə müəyyən olunur.  

3.  Ölkədaxili əmək bölgüsü və BƏB arasında fərqlilik özünü həmçinin bu iqtisadi proseslərdə 

iştirak  edən  subyektlərin  səlahiyyətlərinin  həcmində  göstərir.  Məlumdur  ki,  ölkədaxili 

əmək  bölgüsünün  subyektləri  kimi,  ayrı-ayrı  müəssisələr,  firmalar,  şirkətlər  çıxış  edirlər. 

Onlar  həmçinin  BƏB-in  də  subyektləridir.  Lakin  BƏB  zamanı  dövlətin  rolu  əhəmiyyətli 

dərəcədə  artır  ki,  bu  da  özünü  milli  müəssisələrin  xarici  iqtisadi  fəaliyyətlərinin 

dəstəklənməsində, bəzən isə məhdudlaşdırılmasında göstərir. 

4.  BƏB  ölkədaxili  əmək  bölgüsündən  bu  proseslərdə  fəaliyyət  göstərən  obyektlərin  əhatə 

dairəsinin  irihəcmliliyi  ilə  də  fərqlənir.  Məlumdur  ki,  ölkədaxili  əmək  bölgüsünün 

obyektləri  kimi  müxtəlif  əmtəələr  və  xidmətlər  çıxış  edirlər.  Ölkə  daxilində  müəssisələr 

həmçinin  texnoloji  nailiyyətlərlə,  elmi-texniki  təcrübə  ilə,  mütəxəssislər  və  işçilərlə 

mübadilə edirlər. Bütün bu sadalanan obyektlər BƏB üçün də xarakterikdir, lakin onların 

əhatə dairəsi əhəmiyyətli dərəcədə fərqlidir. Yəni, ölkə daxilində mübadilə olunan məhsul 

və xidmətlərin çeşidi beynəlxalq səviyyədə mübadilədən daha genişdir.  




Yuxarıda deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, BƏB ölkədaxili əmək bölgüsünün 

davamı deyil. O, ictimai əmək bölgüsünün xüsusi, müstəqil növlərindən biridir. 

Beləliklə, beynəlxalq əmək bölgüsü müxtəlif ölkələrin müəssisələrinin müəyyən əmtəə və 

xidmətlərin istehsalı üzrə ixtisaslaşdıqları və sonradan bu əmtəə və xidmətlərlə mübadiləni həyata 

keçirdikləri, qarşılıqlı surətdə asılı olan istehsalın təşkili sistemi və ya üsuludur. 

BƏB-in  mahiyyəti  özünü  istehsal  prosesinin  bölünməsinin  və  birləşməsinin  dialektik 

vəhdətində göstərir. BƏB-in əsas məzmunu əmək fəaliyyətinin müxtəlif növlərinin ayrılmasından 

və  xüsusiləşməsindən,  onların  qarşılıqlı  fəaliyyətindən  və  bir-birlərini  qarşılıqlı  surətdə 

tamamlamalarından  ibarətdir.  Yəni,  əmək  bölgüsü  təkcə  ayrılma  prosesi  kimi  deyil,  həmçinin 

əməyin  birləşdirilməsi  üsulu  kimi  çıxış  edir.  BƏB-in  əsası  kimi  müxtəlif  ölkələr  arasında  baş 

verən  qarşılıqlı  iqtisadi  fəaliyyət  zamanı  ixtisaslaşma  və  mübadiləyə  olan  obyektiv  ehtiyacı 

göstərmək olar. 

Yuxarıda göstərildiyi kimi, BƏB ölkələr arasında ictimai ərazi əmək bölgüsünün ən yüksək 

inkişaf  səviyyəsidir.    Bu,  ölkələrin  müxtəlif  məhsullar  üzrə  iqtisadi  mənfəət  baxımından  sabit 

surətdə ixtisaslaşmalarında və bu məhsullarla qarşılıqlı mübadilədə təzahür edir. 

Qeyd  etmək  lazımdır  ki,  müəssisələrin  beynəlxalq  ixtisaslaşması  da  ölkə  daxilində  olan 

formalarda  baş  verir.  Yəni,  beynəlxalq  qarşılıqlı  əlaqəli  istehsal  sistemində  iştirak  edən 

müəssisələr  müəyyən  konkret  məhsullar  istehsal  edirlər,  bu  müəssisələrdə  konkret  peşə 

nümayəndələri çalışırlar və bu müəssisələr müəyyən ərazilərdə yerləşirlər. 

BƏB-in  formalarına  gəldikdə  isə,  dünya  arenasında  da  istehsal fəaliyyətinin nəticələri  ilə 

mübadilə müəyyən qruplara – istehsal sahələrinə, altsahələrinə və növlərinə daxil olan müəssisələr 

arasında baş verir. Və mübadilənin hansı qrupa daxil olan müəssisələr arasında baş verməsindən 

asılı  olaraq  BƏB-in  uyğun  formaları  –  sahədaxili,  sahələrarası,  növlərarası  formaları  meydana 

gəlir.  Lakin  dünya  arenasında  regionlararası  forma  əvəzinə  iki  ölkə  arasında  əmək  bölgüsünü 

xarakterizə edən milli təsərrüfat forması əmələ gəlir.  


Yüklə 356,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin