Mövzu : İnformasiya sistemləri və texnologiyası
Yeni dərsin planı:
1.Ümumi məlumat
2.İnformasiya sisteminin arxitekturası
3.Paylanmış informasiya sistemi
4.İnformasiya prosesləri
5.Kompüter və informasiya texnologiyaları
1.Ümumi məlumat
İstənilən təşkilatın və müəssisənin səmərəli fəaliyyətini təmin edən mühüm vasitələrdən biri müasir kompüter texnologiyası əsasında qurulmuş informasiya sistemi hesab olunur.
İnformasiya sistemi (İS) tətbiq sahəsinə aid informasiyanın toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir. Texniki vasitələrə kompüterdən əlavə, informasiyanın ötürülməsi, qeyd edilməsi və əks etdirilməsi üçün vasitələr də daxildir. İnformasiya sistemi müəyyən mövzu sahəsi çərçivəsində müxtəlif istifadəçilərin informasiyaya olan təlabatını ödəmək üçün yaradılır.
İnformasiya sistemi ayrılıqda və ya hər hansı avtomatlaşdırılmış sistemin tərkibində layihə edilə bilər. Birinci halda o informasiya-sorğu sistemi kimi əsasən ayrı-ayrı şəxslərin və ya kolektivin informasiya tələblərini ödəmək üçün istifadə olunur. İkinci halda isə, İS istifadəçilərə informasiya arayış xidməti göstərməklə yanaşı, avtomatlaşdırılmış sistemin (məsələn, avtomatlaşdırılmış idarəetmə sisteminin) informasiya təminatı altsistemi rolunu pynayır.
İS vasitəsilə istifadəçilərin informasiya təlabatlarının təminində iki cəhəti nəzərə almaq lazımdır:
1) Tətbiq sahəsinin sərhədlərinin təyini və informasiya modelinin tam və
dəqiq əks etdirilməsi. Baxılan tətbiq sahəsi çərçivəsində İS istifadəçiləri lazımi informasiya ilə təmin etməlidir.
2) İstifadəçilərin sorğularına tam və dəqiq cavab verən İS-in yaradılması.
Bunun üçün sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli formada cavab verilməlidir.
Tipinə, məzmununa və verilmə tezliyinə görə sorğuları iki qrupa ayırmaq olar: reqlamentli (daimi) və ixtiyari (fərdi). Reqlamentli sorğuların tipi, məzmunu və bəzən də verilmə tezliyi əvvəlcədən müəyyən olur və uzun müddət ərzində dəyişməyir. İxtiyari sorğularda isə bu cür müəyyənlik olmur.
İS – nin həm reqlamentli, həm də ixtiyari sorğulara cavab verməsi tətbiq sahəsinin sərhədlərinin təyininə, informasiya modelinin yaradılması və proqram təminatına xüsusi yanaşmağı tələb edir. Əgər İS təkcə reqlamentli sorğulara xidmət etsəydi, onda tətbiq sahəsinin sərhədlərinin təyini və sistemin layihələndirilməsi sorğuların təhlili əsasında aparıla bilərdi, yəni layihələndirməni “istifadəçilərin sorğularına görə” prinsipi ilə yerinə yetirmək olardı. İxtiyari sorğulara da xidmət edilməsi və sistemin çevikliyi tələbi həmin prinsipi həyata keçirməyə imkan vermir. Bu halda layihələndirməni “həqiqi aləmə görə” prinsipi ilə aparırlar. Ekspertlərin köməyilə sistemin çevikliyini və inkişafını nəzərə almaqla mövzu sahəsininin sərhədləri, informasiya obyektlərinin tərkibi, onlarn xassələri, aralarındakı əlaqələr təyin edilir və aonra sistem layihələndirilir. Bu prinsip ixtiyari sorğularla mövzu sahəsi arasındakı uyğunluğa əsaslanır. İS-in layihələndirilməsi hər iki prinsipdən istifadə oluna bilər. “Həqiqi aləmə görə” prinsipi əsas sayılır, “sorğulara görə” prinsipi isə mövzu sahəsinin dəqiqləşdirilməsində istifadə olunur.
Verdikləri sorğuların və tələb etdikləri informasiyanın təsvir formasına görə istifadəçiləri iki qrupa bölmək olar: istifadəçi-proqramlar və istifadəçi şəxslər. İstifadəçi – proqramlar (tətbiqi proqramlar) İS-ə formasına və məzmununa görə reqlamentləşdirilmiş sorğulara müraciət edirlər. Alınan informasiya həmin proqramlar tərəfindən uyğun surətdə emal olunur.
İstifadəçi – şəxslər İS-ə həm reqlamentli, həm də ixtiyari sorğularla müraciət edə bilərlər. İs-dən alınan informasiya istifadəçiyə əlverişli formada (mətn, izahlı cədvəl və ya qrafik şəklində) çatdırılmalıdır. Bu qrupa daxil olan istifadəçiləri 2 kateqoriyaya ayırmaq olar: hazırlıqlı istifadəçilər və hazırlıqsız istifadəçilər. Hazırlıqlı istifadəçilər adətən kompüter texnologiyasını bilən mütəxəssislər və ya proqramçılar olur və onlar İS ilə sorğu dilində əlaqə yaradılır. Hazırlıqsız istifadəçilər istifadəçi-şəxslərin ən geniş hissəsini təşkil edirlər. Çox vaxt İS elə bu qrup istifadəçilərə xidmət etmək üçün yaradılır. Buna görə də onlar həm də sonuncu istifadəçilər adlanırlar. İstifadəçilərin bu qrupuna idarəedici və xidmətedici personal, öz sahələri üzrə mütəxəssislər və s. aiddir. Onlar sistemlə əsasən dizloq rejimində təbii (və ya məhdud təbii) dildə və ya menyu dili vasitəsilə əlaqə yaradırlar.
Beləliklə, İS çoxlu sayda müxtəlif istifadəçilərə xidmət edir. Odur ki, bütün sorğuların vahid terminalogiyaya uyğunlaşdırılması üçün verilənlər lüğəti yaradılır. Bundan əlavə, sorğuların emalının optimal prosedurunu qurmaq üçün onların ekvivalent qrammatik çevrilməsi üsullarından istifadə olunur. İstifadəçiləri bu və ya digər informasiya müraciətinin mümkünlüyünü xarakterizə edən səlahiyyət səviyyələrinə görə də fərqləndirirlər. Bunun üçün İS-də səlahiyyətsiz istifadəçilərin informasiya mürciətini məhdudlaşdıran vasitələr də nəzərə alınmalıdır.
Müasir informasiya sistemləri verilənlər bazası konsepsiyası əsasında qurulur. Verilənlər bazası (VB) bir-birilə qarşılıqlı əlaqələndirilmiş, eyni prinsiplərlə və vasitələrlə təsvir olunan, saxlanan və idarə olunan, müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunan verilənlər toplusudr. Verilənlər adətən fayllarda (cədvəllərdə) saxlanır. Verilənlər bazası konsepsiyasının əsas prinsipləri aşağıdakılardır.
1. Saxlanan verilənlərdə təkrarlanmaların aradan qaldırılması.
Eyni verilənlər bir neçə faylda aşkar edildikdə həmin verilənlər bir faylda saxlanmaqla, digər fayllardan çıxarılır və fayllar arasında əlaqə yaratmaqla onlara müraciət təmin olunur.
2.Verilənlərin mərkəzləşdirilmiş idarə olunması.
Faylların fərdi emalından fərqli olaraq, mərkəzləşdirilmiş idarə olunma verilənlərin bazaya daxil edilməsi, dəyişdirilməsi, silinməsi və axtarışı əməliyyatların VB daxilində eyni üsul və vasitələrlə (proqramlarla) aparılmasını nəzərdə tutur.
3.Verilənlərin müstəqilliyi.
Verilənlərin tətbiqi proqramlardan və əksinə, tətbiqi proqramların verilənlərdən asılı olmaması çox vacib məsələdir. VB-də bu məsələ verilənərin çoxsəviyyəli müstəqil təsviri və bu təsvirlərin yaradılma mexanizmlərinin müstəqilliyi ilə əldə edilir. Nəticədə, verilənlərin məntiqi və fiziki səviyyələrdə dəyişdirilməsinin tətbiqi proqramlara təsiri aradan qaldırılır.
4.Verilənlərin tamlığının təmin edilməsi.
Təkrarlanmaların aradan qaldırılması eyni verilənlərin müxtəlif fayllarda yol verilən uyğunsuzluqlarını aradan qaldırmağa imkan verir. Lakin bəzi hallarda təkrarlanmaları tam aradan qaldırmaq mümkün olmur. Bu halda eyni verilənlərin müxtəlif fayllardakı qiymətləri arasında uyğunluğun təmini üçün VB-də lazımi vasitələr nəzərdə tutulur.
5.Verilənlərin təhlükəsizliyi təmin edilməsi.
Verilənlərin təhlükəsizliyi dedikdə, bir tərəfdən onların təhriflərdən və zədələnmələrdən qorunması, digər tərəfdən, səlahiyyətsiz müraciətlərdən mühafizə edilməsi nəzərdə tutulur. Bunun üçün VB-də lazımi metodlar və vasitələr nəzərə alınır.
6.Verilənlərdən müxtəlif məqsədlərlə istifadə olunması.
Mərkəzləşdirilmiş idarə olunma verilənlərin müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunmasına zəmin yaradılır.
7.Optimallaşdırma və standartlaşdırma imkanları.
Müasir proqramlaşdırma texnologiyaları yaddaş sərfinin və informasiya
axtarış vaxtının minimallaşdırılmasını təmin edən strukturların və metodların seçilməsinə və tətbiqinə imkan yaradır.
Verilənlərin və sorğuların təsviri üçün standart üsullardan və dillərdən istifadə olunduğundan, İS – in istismarı və digər sistemlərlə verilənlər mübadiləsi sadələşir, verilənlərin yoxlanması və bərpası əməliyyatları asanlaşır.
8.Xərclərin minimallaşdırılması.
Sübut edilmişdir ki, VB konsepsiyası ilə qurulan İS faylların fərdi emalı ilə qurulan sistemlərdən təxminən 1,5 dəfə daha ucuz başa gəlir.
İstifadəçilərin İS ilə əlaqə yaratması üçün 3 cür dildən istifadə olunur: sorğu dili, menyu dili və təbii dil.
Sorğu dilində istifadəçinin informasiya tələbi təbii dilə yaxın, lakin ciddi formal qaydalarla qurulan dildə ifadə olunur. Bir çox hallarda bu dildə verilənlər üzərində əməliyyat aparmaq üçün vasitələr də nəzərə alınır. Son illər sorğu dillərinin standartlaşdırılması sahəsində işlər görülür. Bu iş beynəlxalq miqyasda geniş tətbiq tapan SQL dilinin əsasında aparılır. 1999-cu ildə bu dilin təkmilləşdirilmiş variantı SQL3 relyasiya modeli verilənlər bazaları əsasında qurulmuş İS-də standart dil kimi qəbul olunmuşdur. Sorğu dilinin imkanları geniş olduğundan, ondan həm reqlamentli, həm də ixtiyari sorğuları ifadə etmək üçün istifadə oluna bilər. Lakin bu dildə işləmək istifadəçilərdən xüsusi hazırlıq tələb edir.
Hazırlıqsız istifadəçilər üçün İS ilə ən əlverişli ünsiyyət vasitəsi menyu dilidir. Əvvəlcədən planlaşdırılmış sorğular menyuya salınır və sistem həmin sorğuların emalı üçün hazırlanır. İstifadəçi yuxarı səviyyədən başlayaraq sonuncu səviyyəyədək seçmə prinsipi ilə informasiya tələbini sistemə çatdırır.
Menyu dili istifadəçilər üçün sadə və əlverişli olmasına baxmayaraq ixtiyari sorğuların emalı üçün yaramır. Belə hallarda menyu dili təbii dilin elementləri ilə zənginləşdirilir.
Təbii dil İS ilə ünsiyyət üçün ideal vasitədir. Lakin təbii dilin mürəkkəbliyi, eyni fikrlərin müxtəlif ifadə üsulları, vahid terminologiyanın olmaması və s. onun reallaşdırılmasını xeyli çətinləşdirir və bu səbəbdən də indiyədək İS-də ünsiyyət vasitəsi kimi təbii dildən istifadə olunması problemi həll olunmamamışdır. İntellektual interfeysin yaradılmasını nəzərdə tutan bu sahədə geniş elmi-tədqiqat işləri aparılır və bugünkü nailiyyət ondan ibarətdir ki, təbii dilin mövzu sahəsinə uyğun məhdudlaşdırılmış variantından istifadə olunur.
2.İnformasiya sisteminin arxitekturası
İnformasiya sistemi kompüterdən, onun xarici yaddaşında saxlanan verilənlər bazasından, verilənlər bazasının idarəetmə sistemindən (dil və proqram vasitələri) və sistemin administiratorundan ibarət mürəkkəb “insan-maşın” kompleksidir. İnformasiya sisteminin əsasını verilənlər bazası təşkil etdiyindən, bəzən ona verilənlər bazası sistemi (VBS) də deyilir. İnformasiya sistemlərini fəaliyyət dairəsinə görə iki sinfə bölmək olar:lokal sistemlər və paylanmış sistemlər. Əvvəlcə lokal İS-in arxitekturasına baxaq.
Lokal İS adətən bir kompüterdə reallaşdırılır, bir VB-yə malik olur və həmin VB-yə aid sorğulara cavab verir.
Verilənlərin məntiqi və fiziki müstəqilliyini təmin etmək üçün onlar 3 səviyyədə təsvir olunur: xarici (istifadəçi səviyyəsində),məntiqi (konseptual səviyyə) və fiziki(yaddaş səviyyəsində). Hər səviyyədə uyğun verilənlərin modeli yaradılır.
Xarici model (XM) istifadəçinin verilənləri necə görməsi deməkdir. Başqa sözlə, xarici model istifadəçinin VB-dən tələb etdiyi verilənlərin strukturunu və tərkibini əks etdirir. Xarici modelə başqa sözlə altsxem də deyilir. İstifadəçilərin informasiya tələbləri müxtəlif olduğundan, altsxemlərin sayı və strukturları müxtəlif olur. Xarici model istifadəçinin ünsiyyət dili vasitəsilə sistemə verdiyi sorğuya görə formalaşdırılır.
Məntiqi model (MM) verilənlərin mücərrəd təsvirini əks etdirir. Bu təsvirdə VB-yə daxil edilən bütün verilənlərin xarakteriskaları və onlar arasındakı əlaqələr əks etdirilir. Məntiqi model VB-nin əsası sayılır. Ona başqa adla konseptual model (KM) deyilir. Məntiqi model verilənlərin strukturunu və onlar arasındakı əlaqələri əks etdirən sxem vasitəsilə ifadə olunur. VB-nin təşkili zamanı konseptual sxem verilənlərin təsviri dili vasitəsilə (məsələn, dBase dili, SQL dili və s.) təsvir olunur.
İdeal halda məntiqi model verilənlərin bütün xarakteriskalarını və əlaqələrini əhatı etməlidir. Lakin real sistemdə bu tam mümkün olmur. Sxemdə müəyyən məhdudluqlar olur və bu da özünü məntiqi modelin təsviri üçün istifadə olunan iyearxik, şəbəkə və relyasiya sxemlərində göstərir. Yığcamlığı, əyaniliyi, zənginliyi və verilənlər üzərində lazımi əməliyyatların aparılmasının mümkünlüyü baxımından relyasiya sxemi daha geniş tətbiq tapmışdır və müasir sistemlərin böyük əksəriyyəti relyasiya modeli əsasında yaradılır.
Fiziki model (FM) verilənlərin kompüterin xarici yaddaşında necə təşkil olunmasını əks etdirir. Bu modeldə VB-nin daxili (maşın) sxemi təsvir edilir. Həmin sxemdə xarici yaddaşın xarakteriskaları, fiziki yazıların formatları, indekslər, kataloqlar və s. haqqında məlumat verilir. Verilənlər bazası xarici yaddaşda fiziki modelə uyğun saxlanır.
Xarici, məntiqi və fiziki modellər verilənlər bazasının idarəetmə sistemi vasitəsilə bir-biri ilə əlaqələndirilir.
Beləliklə, informasiya sistemi 3 səviyyəli arxitektura üzrə qurulur. Şəkil -də lokal İS-in sadələşdirilmiş strukturu göstərilmişdir. Qeyd edək ki, bu arxitektura verilənlərin idarəetmə sistemləri üzrə tədqiqat qrupunun (ANSI/SPARC) təklif etdiyi arxitekturaya uyğundur.
Verilənlər bazasında aparılan əməliyyatların hamısı verilənlər bazasının idarəetmə sistemi (VBİS) adlanan proqram kompleksi vasitəsilə yerinə yetirilir. Əməliyyat aparmaq üçün sorğular VBİS – in interfeysi vasitəsilə sistemin tələb etdiyi dilə və formaya çevrilib icra olunur. VBİS öz işini əməliyyay sisteminin (ƏS) idarəsi altında aparır.
Modellər arasında əks olunma funksiyalarının və verilənlərin emalı üçün funksiyaların reallaşdırılması bir neçə variantda aparıla bilər. Məsələn, sadə halda hər bir məntiqi yazıya bir fiziki yazı və hər bir xarici yazıya bir məntiqi yazı uyğun gələ bilir. Onda xarici yazı birmənalı olaraq daxili yazıdan alınır. Bu variant yüksək məhsuldarlığa malikdir, lakin verilənlərin təkrarlanmasına yol verilir. Digər halda konseptual sxem əsasında lazımi əksolunmanı həyata keçirən proqram yaradılır və onun köməyilə daxili yazılardan xarici yazılar formalaşdırılır.
Şəkil –də Lokal informasiya sisteminin sadələşdirilmiş struktru
İnformasiya sistemi tətbiq olunan müəssisədə verilənlərin mərkəzləşdirilmiş idarə olunmasına məsuliyyəti verilənlərin adminstratoru (VA) adlanan bir və ya bir neçə şəxsdən ibarət qrup daşıyır. VA-nın funksiyalarına aşağıdakılar aiddir: VB-yə hansı verilənlərin daxil edilməsini müəyyənləşdirmək, İS-in fəaliyyəti zamanı qaydalara əməl olunmasını və sorğu nəticələrinin istifadəçilərə vaxtında çatdırılmasını təmin etmək.
VB-nın tələblərinin yerinə yetirilməsi verilənlər bazasının adminstratoru (VBA) tərəfindən aparılır. Verilənlər bazasının adminstratoru bir və ya bir neçə peşəkar mütəxəssisdən ibarət qrupdur. VBA – nın əsas vəzifəsi VB-ni yaratmaq, onun yeniləşdirilməsini, təshihini və istifadəçilərin sorğularına cavabları təmin etməkdir. VBA həmçinin sistemin operativliyinə, texniki, informasiya və proqram təminatına da cavabdehlik daşıyır.
3.Paylanmış informasiya sistemi (PİS)
Paylanmış informasiya sistemi paylanmış verilənlər bazasında verilənlərin paylanmış emalını yerinə yetirir. Paylanmış emal o deməkdir ki, müxtəlif məsafələrdə yerləşdirilmiş kompüterlər kommunikasiya şəbəkəsi ilə bir-biri ilə əlaqələndirilir və verilənlərin emalı şəbəkənin kompüterləri arasında bölüşdürülür. Müxtəlif kompüterlər arasında əlaqə şəbəkəni idarə edən xüsusi proqram vasitəsilə əldə edilir.
Hazırda PİS üçün ən perspektivli kliyent-server arxitekturası hesab olunur. Bu arxitekturanın geniş yayılmış variantı kompüter şəbəkəsindən və paylanmış verilənlər bazasından ibarət olur. Paylanmış verilənlər bazası server kompüterdə yerləşdirilən korporativ verilənlər bazasından (KVB) və terminal kompüterlərdə yerləşdirilmiş fərdi verilənlər bazalarından (FVB) ibarət olur.
Server dedikdə kompüter şəbəkəsinin resursunu idarə edən kompüter (proqram), kliyent dedikdə isə, həmin resursdan istifadə edən kompüter (proqram) başa düşülür. Kompüter şəbəkəsinin resursu rolunda verilənlər bazaları, fayl sistemləri, poçt xidməti, mətbuat xidməti və s. çıxış edə bilər. Serverin tipi onun idarə etdiyi resursun növü ilə təyin olunur. Məsələn, əgər idarə olunan resurs verilənlər bazasıdırsa, onda uyğun server verilənlər bazası serveri adlanır.
İnformasiya sisteminin kliyent-server arxitekturası ilə təşkilinin böyük üstünlüyü ondan ibarətdir ki, burada ümumi korporativ informasiyanın mərkəzləşdirilmiş saxlanması, idarə olunması və həmin informasiyaya kollektiv müraciətlə yanaşı, fərdi informasiya ilə fərdi işləmək imkanları da var. Kliyent – server arxitekturalı İS-in sadələşdirilmiş strukturu aşağıdakı şəkil–də verilmişdir.
Şəkil-də Paylanmış informasiya sisteminin sadələşdirilmiş strukturu.
Korporativ VB server VBİS – in (məsələn, MS SQL Server və ya Oracle Server) idarəsi altında yaradılır, təmin olunur və fəaliyyət göstərir.
Fərdi VB-nin və onların tətbiqlərinin yaradılması və idarə olunması üçün Access, foxPro, Paradox və s. kimi VBİS – lərdən istifadə olunur.
Müəssisə və təşkilatın ölçüsündən və həll olunan məsələlərin xüsusiyyətlərindən asılı olaraq informasiya sistemi aşağıdakı konfiqurasiyalardan biri ilə qurula bilər:
Həm korporativ, həm də fərdi bazaları özündə saxlayan kompüter server;
Kompüter-server və hər bir fərdi VB üçün fərdi kompüter;
Bir neçə kompüter-server və kompüter-kliyent
Kliyent-server arxitekturası müəssisənin informasiya sisteminin inkişafına
və əhatə dairəsinin genişləndirilməsinə imkan yaradır.
Ümumi VB-nin korporativ və fərdi verilənlər bazalarına bölünməsi VB-nin
layihələndirilməsini mərkəzləşdirilmiş varianta nisbətən asanlaşdırılır və bununla da layihə xərclərini və layihələndirmədəki səhvlərin ehtimalını azldır.
4.İnformasiya prosesləri
İnformasiya proseslərinə informasiyanın toplanması ötürülməsi, saxlanılması, emalı və istifadəçiyə çatdırılması aiddir. İnformasiya prosesləri insanların həyat fəaliyyətində, elm və texnikada vacib rol oynayırlar. Bəşəriyyəti inkişafı ərəfəsində bu proseslərin daxili məzmununun dəyişməməsinə baxmayaraq onların mexanikləşməsi və avtomatlaşdırılması meylləri açıq özünü göstərir. Kompüter texnikasının yaranması və inkişafı nəticəsində bu proseslərin avtomatlaşdırılması daha da sürətlənmiş və hazırda informatikanın əsas probleminə çevrilmişdir.
İnfromasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumat alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması prosesi adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. Məsələn, istifadəçi qatarların və təyyarələrin hərəkəti haqqında məlumatı cədvələ baxmaqla və ya başqasından soruşmaqla ala bilər. Avtomatlaşdırılmış variantda isə o bu məlumatı texniki vasitələrin köməyi ilə (avtomatik arayış, telefon və s.) əldə edə bilər. Texniki qurğularda və sistemlərdə informasiyanın toplanması üçün müxtəlif ölçü və avtomatik qeyd edici cihazlardan istifadə olunur.
İnfromasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən avtomatlaşdırılmış halda isə kompüter vasitəsi ilə aparılır. İnformasiya toplanan məntəqədən emal məntəqəsinə qədər olan məsafədən asılı olaraq, informasiyanın ötürülməsi müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə olunur. Müasir kompüterlərdə infromasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və ötürülməsi üçün modem (modulyator-demodulyator) adlanan xüsusi qurğudan istifadə olunur.
İnfromasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanır. Infromasiya daşıyıcısı kimi kağızdan, köhnə kompüterlərdə, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompüterlərdə isə maqnit və yığcam disklərdən, fləş yaddaşdan və s. istifadə olunur.
İnfromasiyanın axtarışı və emalı adi halda insan tərəfindən avtomatlaşdırılmış halda isə kompüter vasitəsilə aparılır. İnfromasiya emalı infromatikanın əsas problemi hesab olunur. İnformasiyanın emalı başqa sözlə, qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur.
İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadə çilərə çatdırılır. İnfromasiyanın istifadəçilərə çatdırılmasına çox vaxt proses kimi baxırlar. Avtomatlaşdırılmış üsulla (kompüterlə) emal olunan informasiya istifadəçilə adətən kompüterin xaric etmə qurğuları ilə (monitor, printer, qrafik çəkən qurğu və s.) mətn, cədvəl, qrafik və s. şəklidə çatdırılır. İnformasiya proseslərinin avtomatlaşdırılmasının ümumi sxemi aşağıdakı şəklidə verilmişdir.
İnfromasiya proseslərinin yerinə yetirilməsinin ardıcıllığını aks etdirən bu sxem avtomatlaşdırılmış informasiya və idarə etmə sisteminin sadələşdirilmiş quruluşunu göstərir. İş rejimləri analoq kəmiyyətləri ilə tənzimlənən texnoloji proseslərin idarə edilməsi sistemlərində informasiya emalından alınan nəticələr kod – analoq çeviricisi ilə kod formasından, analoq formasına çevrildikdən sonra idarə olunan obyektin icra mexanizminə verilir.
İnformasiyanın
ötürülməsi
5.Kompüter və informasiya texnologiyaları
Göründüyü kimi informatikanın mühüm sahələrindən biri İnformasiya texnologiyalarıdır (İT). İT konkret proqram və aparat toplusunu, və insan fəaliyyətinin-bütün-sahələrində(sosial,mədəniyyət,hüquqi elmi,istehsalat,idarəetmə,bank maliyyə və s.)informasiyanın emalını əhatə edir.
Özünün inkişaf dövründə İT mexaniki, elktrik, elektron və s. mərhələləri keçərək müasir çoxfunksiyalı dövrünə gəlib çıxmışdır.İT-nin əsas resursu isə informasiyadır
Son illərdə “Kompüter texnologiyası” və “İnformasiya texnologiyaları” terminlərindən geniş istifadə olunur.
“Texnologiya” yunan sözü olub (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusunu və həmin proseslərin özlərini ifadə edir. Bu zaman emal olunan obyektdə keyfiyyət dəyişiklikləri baş verir. Texnoloji proseslərdə qeyri – mütəşəkkil (kor – təbii) proseslərdən fərqli olaraq, nizamlılıq və mütəşəkkillik olur. “Texnologiya” termini tarixən material istehsalı sahəsində yaranmışdır. Məsələn, metallar texnologiyası və s. Bu nöqteyi – nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir.
İnformasiya texnologiyası – informasiya ehtiyatlarından istifadə olunması proseslərinin ağırlığını azaltmaq, onların etibarlılığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və texnoloji zəncirdə birləşdirilən metodlar, istehsal prosesləri və texniki – proqram vasitələri toplusudur.
İnformasiya texnologiyası aşağıdakı xüsusiyyətlərlə təyin olunur:
Emal obyekti – verilənlərdir;
Məqsəd – informasiyanın alınmasıdır;
Emal prosesinin vasitələri – aparat, proqram və aparat – proqram
vasitələridir;
Verilənlərin emal prosesləri mövzu sahəsinə uyğun əməliyyatlara
bölünür;
Proseslərin idarə olunması qərar qəbul edən şəxslər tərəfindən yerinə
yetirilir;
Proseslərin optimallaşdırılma kriterisi: informasiyanın operativliyi
(istifadəçilərə vaxtında çatdırılması), onun etibarlığı, doğruluğu, dəqiqliyi və tamlığı təmin olunmalıdır.
Bütün texnologiya növləri içərisində informasiya texnologiyası “insan amilinə” çox yüksək tələblər qoyur (peşəkarlıq səviyyəsi, zehni və fiziki iş qabiliyyəti və s.)
Material istehsalı texnologiyasında materialın ilkin vəziyyətini dəyişdirilməklə material məhsulu alınır
Material Material
resursları məhsulu
Neft, qaz, faydalı qazıntılar və s. tipli material resursları ilə yanaşı informasiya da cəmiyyətin vacib resurslarından biridir. Odur ki, informasiyanın emalı prosesini də material resurslarının emalı prosesinə analoji olaraq informasiya texnologiyası adlandırırlar
İnformasiy
İnformasiya məhsulu
Material istehsalı texnologiyasında məqsəd insanın və ya sistemin tələblərinə cavab verən məhsulun istehsalıdır. İnformasiya texnologiyasında isə məqsəd insan tərəfindən analiz edilmək və onun əsasında qərar qəbul etmək üçün informasiya istehsalıdır.
Məlumdur ki, eyni material resurslarına müxtəlif texnologiyaları tətbiq etməklə müxtəlif məlumat almaq olar. Bu deyilən informasiya texnologiyasına da aiddir.
Cəmiyyətin informasiya resurslarından səmərəli istifadə etməsi üçün informasiya texnologiyası vacib əhəmiyyət kəsb edir. İnformasiya texnologiyası elmi – texniki tərəqqinin inkişafı və informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Müəsir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasını, həmçinin informasiya məhsulunun keyfiyyətinə ciddi təsir etmiş fərdi kompüter hesab olunur. Fərdi kompüterin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı. Bununla da “informasiya texnologiyası” söz birləşməsinə “yeni” sözü əlavə olundu: yeni informasiya texnologiyası.
Material və informasiya texnologiyalarının əsas komponentləri
№Material texnologiyasıİnformasiya texnologiyası1Xammalın və materialların yığılması və ya hazırlanmasıVerilənlərin və ya ilkin informasiyanın toplanması2Material məhsulun istehsalıVerilənlərin emalı və nəticəvi informasiyanın alınması3İstehsal məhsulunun istehlakçıya çatdırılmasıİnformasiya məhsulunun istifadəçiyə çatdırılması
Yeni sözü bu texnologiyanın təkamülülüyünü yox, yeniliyini göstərir. Onun tətbiqi o mənada yenilik aktı hesab olunur ki, o, təşkilatların və müəssisələrin fəaliyyət növlərinin məzmununu əhəmiyyətli dərəcədə dəyişdirir. Yeni informasiya texnologiyası anlayışına həmçinin informasiyanın müxtəlif vasitələrlə ötürülməsini təmin edən kommunikasiya texnologiyaları da daxil edilir.
Yeni informasiya texnologiyasının əsas xüsusiyyətləri
MetodologiyaƏsas əlamətNəticəİnformasiyanın emalı və ötürülməsi üçün yeni vasitələrİdarəetmə texnologiyasına qoşulmaqYeni kommunikasiya texnologiyasıBütöv texnolo sistemlərMütəxəssislərin və menecerlərin funksiyalarının inteqrasiyasıİnformasiya emalının yeni texnologiyasıİnformasiyanın hazırlanması, ötürülməsi, saxlanması və əks etdirilməsinin məqsədyönlü təşkiliSosial mühitin qanunauyğunluqlarının nəzərə alınmasıİdarəetmə üçün qərarların qəbulunun yeni texnologiyası
Yeni informasiya texnologiyası istifadəçilərlə “dostsayağı” interfeyslə işləməyi təmin edən, fərdi kompüterlərdən və telekommunikasiya vasitələrindən istifadə edən texnologiyadır.
Yeni informasiya texnologiyasının 3 əsas prinsipi aşağıdakılardır.
Kompüterlə interaktiv (dialoq) rejimində işləmək;
Proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı
əlaqələndirilməsi);
Həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi
prosesinin çevikliyi.
Material istehsalı texnologiyası müxtəlif vasitələrlə (avadanlıq.dəzgahlar, insturumentlər, konveyr xətləri və s.) reallaşır. Analoji olaraq informasiya texnologiyası üçün də texniki vasitələr mövcuddur. İnformasiya istehsalının texniki vasitələrinə onun aparat , proqram və riyazi təminatını yerinə yetirən vasitələr daxildir. Bu vasitələrin köməyilə ilkin informasiya emal edilərək yeni keyfiyyətli informasiyaya çevirilir.
Bu vasitələrin içərisində proqram vasitələrinin xüsusi yeri var. Həmin vasitələrlə başqa sözlə informasiya texnologiyasının proqram instrumentarisi deyilir. Proqram insturumentarisi istifadəçi tərəfindən qoyulan məqsədə nail olmaqdan ötrü müəyyən tip kompüter üçün bir və ya qarşılıqlı əlaqəli bir neçə proqram məhsulundan ibarətdir. İnstrumentari kimi fərdi kompüterlər üçün geniş yayılmış aşağıdakı proqram məhsullarından istifadə edilə bilər: mətn prosessorları və ya redaktorları, stolüstü nəşriyyat sistemləri, elektron cədvəllər, qrafik redaktorlar, verilənlər bazalarının idarəetmə sistemləri, elektron yazı kitabçaları, funksional təyinatlı (maliyyə, mühasibat, marketinq və s.) informasiya sistemləri, internet bələdçiləri, ekspert sistemləri və s.
İnformasiya texnologiyası onun üçün əsas mühit olan informasiya sistemləri ilə sıx bağlıdır. İlk baxışdan onların bir – birinə çox oxşarlığı təəsüratı yaranır, əslində isə bu belə deyildir.
İnformasiya texnologiyası verilənllər üzərində əməllərin, əməliyyatların, mərhələlərin aparılması üçün dəqiq reqlamentləşmiş qaydalardan ibarət olan prosesdir. İnformasiya texnologiyasının əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır.
İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ kommunikasiya vasitələrindən və s. ibarət olan mühitdir. İnformasiya sistemi, “insan - kompüter” tipli informasiya emalı sistemdir və burada əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.
İnformasiya sisteminin funksiyalarının reallaşdırılması ona yönəlmiş informasiya texnologiyasını bilmədən mümkün deyil. İnformasiya texnologiyası isə informasiya sistemindən kənar olaraq reallaşdırıla bilər.
Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində informasiyanın çevrilmə prosesləri haqqında müasir təsəvvürü ifadə edən daha geniş anlayışdır. İnformasiya sistemi isə informasiya və idarəetmə texnologiyalarından birgə və bacarıqlı istifadə olunmasını təmin edir.
Material istehsalı sahəsində istifadə olunan norma, normativ, texnoloji proses, texnoloji əməliyyat və s. kimi anlayışlardan informasiya texnologiyasında da istifadə oluna bilər. Hər bir texnologiyada bu anlayışları müəyyənləşdirməkdən əvvəl məqsədi təyin etmək lazımdır. Sonra isə qoyulan məqsədə çatmaq üçün görüləsi işlərin hamısını strukturlaşdırmağa cəhd etmək və lazımi proqram instrumentarisini seçmək lazımdır.
İnformasiya texnologiyasını aşağıdakı səviyyələrə görə iyerarxik struktur şəklində təsvir etmək olar:
1 - ci səviyyə - sonrakı səviyyələrdə yerinə yetirilən əməliyyatlardan və əməllərdən ibarət texnoloji prosesləri reallaşdıran mərhələləri əhatə edir.
......
.......
....
.......
........
2 – ci səviyyə - proqram mühitinin 1- ci səviyyəsində seçilən konkret obyektin yaradılması üçün yerinə yetirilən əməliyyatları əhatə edir.
3 – cü səviyyə - uyğun əməliyyat qarşısında qoyulan məqsədə çatmaq üçün standart əməllərin toplusudur.
Hər bir əməl son nəticədə məhdud sayda elementlər əməliyyatlar kombinasiyasından təşkil olunur. Əməllərdən isə müxtəlif kombinasyalarla əməliyyatlar, müxtəlif kombinasyalı əməliyyatlardan isə texnoloji mərhələlər təşkil olunur. Texnoloji mərhələlər toplusu prosesi təşkil edir.
Dərsin möhkəmləndirilməsi üçün suallar:
1. İnformasiya sistemi nədir?
2. İnformasiya sistemləri yaradılarkən nəzərə alınan əsas cəhətlər hansılardır?
3. Müasir informasiya sistemləri verilənlər bazası konsepsiyası əsasında qurulur. Verilənlər bazası konsepsiyasının əsas prinsipləri hansılardır?
4. İstifadəçilərin informasiya sistemləri ilə əlaqə yaratması üçün neçə dildən istifadə olunur?
5. İnformasiya sistemlərini fəaliyyət dairəsinə görə neçə sinfə bölmək olar?
6. İnformasiya sistemi neçə səviyyəli arxitektura üzrə qurulur?
7. Lokal İnformasiya sisteminin sadələşdirilmlş struktur sxemini çək
8. İS vasitəsilə istifadəçilərin informasiya təlabatlarının təminində neçə cəhəti nəzərə almaq lazımdır?
9. Tipinə, məzmununa və verilmə tezliyinə görə sorğuları neçə qrupa ayırmaq olar ?
10. Verdikləri sorğuların və tələb etdikləri informasiyanın təsvir formasına görə istifadəçiləri neçə qrupa bölmək olar?
11.Verilənlərin məntiqi və fiziki müstəqilliyini təmin etmək üçün onlar neçə səviyyədə təsvir olunur?
12.Verilənlərin strukturunu və tərkibini əks etdirən model hansıdır?
13.Verilənlərin mücərrəd təsvirini əks etdirən model hansıdır?
14.Verilənlərin kompüterin xarici yaddaşında necə təşkil olunmasını əks etdirən model hansıdır?
15.Bir və ya bir neçə peşəkar mütəxəssisdən ibarət olan qrup necə adlanır?
16.Müəssisə və təşkilatın ölçüsündən və həll olunan məsələlərin xüsusiyyətlərindən asılı olaraq informasiya sistemi hansı konfiqurasiyalar əsasında qurula bilər?
17.VB-nın tələbləri necə yerinə yetrilir?
18.Paylanmış informasiya sisteminin funksiyası nədir?
19.İnformasiya proseslərinin avtomatlaşdırılmasının ümumi sxemini çək
20.Texnologiya nədir?
21.İnformasiya texnologiyası nəyə deyilir?
22. İnformasiya texnologiyasını təyin edən xüsusiyyətlər hansılardır?
23.Material və İnformasiya texnologiyalarının əsas komponentləri hansılardır?
24.İnformasiya texnologiyasını hansı səviyyələrə görə iyerarxik struktur şəklində təsvir etmək olar?
Ədəbiyyat:Kərimov Sabit Qəhrəman oğlu, Həbibullayev Səlahəddin Bəxtiyar oğlu, İbrahimzadə Tofiq İbrahim oğlu “İnformatika”
Dərslik: Səhifə 13- Səhifə 18
Səhifə Səhifə 315- Səhifə 321
Quliyeva Səlimə
Dostları ilə paylaş: |