4. Mütəxəssisə məxsus təsəvvürlərin formalaşdırılması
Tələbələrin təlim fəaliyyətində hafizə xüsusi rol oynayır. Bu proses fəaliyyət zamanı inkişaf edir. Fəaliyyət növləri ilə əlaqədar olaraq hafizənin inkişaf istiqamətləri də fərqli olur. Tələbələrdə hafizə o zaman yaxşılaşır ki, gələcək fəaliyyəti ilə əlaqədar olaraq, məsuliyyət hissi böyük olsun. Məsuliyyətsizlik, soyuqqanlılıq unutqanlıqla əlaqəlidir. Təcrübə göstərir ki, gələcək peşəyə olan məhəbbət ixtisaslaşma və hafizənin yaxşılaşması üçün mühüm şərtdir. Müəllimin apardığı canlı və maraqlı söhbətlər, inandırıcı və öyrədici nümunələr, müqayisələr, əyanilikdən istifadə bu işdə ən yaxşı köməkdir.
Yaxşı yaddasaxlamanın yollarına yiyələnmək, dərindən dərk etmək və mahiyyətə varmaq, yaddasaxlamanın həcmini genişləndirir və möhkəmliyini təmin edir. Hafizənin özünütərbiyə əhəmiyyəti xüsusilə vacibdir. Yaddasaxlama və yadasalmanın əvvəlcə başlıca məsələlərin, sonra xırdalıqların dəqiqliyi hafizənin fəaliyyətini yaxşılaşdırır. Yadasalmaq üçün elə məsələlərdən başlamaq lazımdır ki, şəxsiyyətin imkanlarını artırmağa xidmət etsin.
Maddi aləmin dərki və insanın təcrübəsinin qorunmasında təsəvvürlərin xüsusi rolu vardır. Mütəxəssisin peşəsinə məxsus təsəvvürləri nə qədər parlaq və zəngin olarsa, o öz fəaliyyətində daha yaxşı istiqamət götürə bilər, məqsədə çatmaqda, qərarın qəbulunda və həllində səhvə yol verməz.
Gələcək fəaliyyət haqqında təsəvvürə malik olmaq peşə fəaliyyətinin gözlənilən şəraiti haqqında özünəməxsus daxili model yaratmaqdır ki, bu da tələbənin təlim prosesinə əsaslı təsir göstərir. Bu təsəvvürlər elə istiqamətlərin müəyyənləşməsinə xidmət edir ki, onlar qazanılan biliklərin gələcəkdə tətbiq ediləcəyinə zəmanət verir. Beləliklə, bu təsəvvürlər peşə keyfiyyətlərinin yetişdirilməsinə təsir edir ki, tələbələrdə bütövlükdə təlim prosesinə münasibətdə vərdişlər formalaşdırır.
Tələbələrdə gələcək ixtisasın tələb etdiyi təsəvvürlər nə qədər zəngin olarsa, o öz vəzifələrini bir o qədər müvəffəqiyyətlə icra edər. Pedoqoji təsəvvürlər müəllimə öz işində müvəffəqiyyətlər qazanmaqda kömək edir. Müxtəlif texniki təsəvvürlər texnikaya yiyələnməyin rəhni hesab edilir. Zəngin tarixi təsəvvürlər tarixi dərk etməyin tam və konkret şərti hesab olunur və s.
Təsəvvürlərin, eləcə də müxtəlif biliklərin əsasında təxəyyül formalaşır. Elə bir peşə sahəsi olmaz ki, orada insan təxəyyülsüz ötüşə bilsin.
Təxəyyül, digər psixi proseslər və xassələr kimi anadangəlmə və daimi insani keyfiyyət deyildir, o inkişaf edir və təkmilləşir. Onun gücü və istiqaməti insanın ideallığından, təfəkkür və hafizəsindən, əvvəllər yaranmış təsəvvürlər və təəssüratlardan asılıdır. Tələbələrdə peşə təxəyyülləri mənimsənilmiş biliklər və təsəvvürlərin əsasında formallaşır. Zəngin və dəqiq təxəyyül yaradıcı fəaliyyətdə təşəkkül tapır, fəal hafizə təfəkkür, iradə ilə əlaqədar olur. Psixi proseslər fəal cərəyan etdikdə, əldə edilmiş təcrübədən fəal istifadə etdikdə, təxəyyülün təkmilləşməsi üçün əlverişli şərait yaranır.
Təxəyyülün stimullaşdırılması və inkişafı üçün müxtəlif metod və vasitələrdən istifadə olunur. Belə ki, məsələn, gələcək peşə fəaliyyətinin dinamikasını əks etdirən təxəyyül obrazları yaradılır, qabaqcadan hazırlanmış tematik diafilmlər, cədvəl və şəkillər kömək edir. Onların köməyilə yaradılan gələcək fəaliyyətin genişlədirilməsi, eyni zamanda onların ağılda məşq etdirilməsi, gələcək fəaliyyətlərinin optimal variantlarının hazırlanması tələbələrə kömək edir.
Təxəyyülün inkişafı obrazlı ifadələrə, atalar sözlərinin işlənməsinə kömək edir, müxtəlif fakt və hadisələrin uyuşdurulmasını yaxşılaşdırır, təəssüratların və təsəvvürlərin təhlili və əlaqələndirilməsinə imkan verir və onların əsasında yeni obrazlar yaranır.
Hər hansı bir peşə yaradıcılığı özünəməxsus xüsusiyyətlərilə seçilir. Məsə\lən, pedaqoji yaradıcılıq yeniliklərə, biliklərin genişləndirilməsinə, gələcək fəaliyyətinin konkret şəraitinin dərindən öyrənilməsinə, düşünülməsinə, yeni metodların və tərbiyə vasitələrinin axtarışına istinad edir.
Elmi yaradıcılıqda hipotezlər, əqli eksperimentlər, axtarışlar böyük rol oynayır. Bədii yaradıcılıqda isə obrazların əyaniliyi, onların parlaqlıq kəsb etməsi əsas hesab edilir.
Nəticə etibari ilə demək olar ki, yaradıcılıq yalnız təxəyyülə deyil, həm də təfəkkürə əsaslanır, şəxsiyyətin fəaliyyətlıə sıx bağlılığı onun qabiliyyətləri, təmayülü və davranış motivləri ilə də əlaqədar olur.
Dostları ilə paylaş: |