3.Akademik natiqlik
Ali məktəb ocaqlarında oxunan mühazirələr, elmi məruzələr, müzakirələr bu növə daxildir. Akademik natiqliyi digər növlərdən fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, burada elmiliyə daha çox yer verilir. Hər bir natiq mühazirəyə hazırlaşarkən ona yaradıcı yanaşır, verilən sualları elmi əsaslarla şəhr edir.
Akademik natiqliyin əsas məziyyətlərindən biri də mövzunun əvvəlcədən dinləyicilərə məlum olmasıdır. Məsələn, hər hansı bir ixtisas sahibi hazırladığı mühazirəni dinləyicilərin səviyyəsinə uyğun qurmalı və müəyyən ümumiləşmələr aparmaq qabiliyyətinə malik olmalıdır. Mühazirə hazırlanarkən mübahisə doğuran məsələlər aradan qaldırılmalıdır. Əgər fakt, sübut, dəlil varsa, bu, nitqin təsir gücünü artırır.
Bəzi elmi məruzələrdə isə vəziyyət dəyişir. Onlarda konkretlik olmur. Bəzilərində isə fərziyələr irəli sürülür. Bu xüsusiyyət onu mühazirədən fərqləndirir. Belə məruzələrdə məsələnin həlli ümumi xarakter daşıyır, mahiyyət açılmır. Elmi məruzələr fərziyyə xarakteri daşıyırsa, onda sübut, dəlil, fakt işlənə bilmir. Məsələn, zəlzələnin nə vaxt baş verəcəyi faktı elm aləminə bəlli deyil. Şübhəsiz ki, bu barədə deyilən sözlərin, fikirlərin nə fakta, nə də sübuta ehtiyacı var. Lakin onu da yaddan çıxarmaq olmaz ki, ayrıca bir problemin həllində, mübahisələrə, dəlil və sübutlara ehtiyac duyulur. Bu zaman elmi məruzə mühazirəyə yaxınlaşır, lakin dilinə görə, ifadə vasitələrinə görə yenə də özünəməxsusluğunu saxlayır. Elmi məruzələrin dili, ifadə tərzi mühazirəyə nisbətən qəliz olur. Elmi məruzələr əsasən simpoziumlarda, konfranslarda daha çox işlənir. Akademik natiqliyin də inkişafı cəmiyyətin tərəqqisinə bağlıdır. Elm, texnika nə qədər çox inkişaf edirsə, akademik natiqlik də bir o qədər tərəqqi edir. Akademik natiqlik hər hansı bir elmi kəşf və ya tədqiqat barədə məlumat verməklə bərabər, müəyyən tezis xarakteri daşıyan müddəalardan da dinləyiciyə məlumat verir. Akademik natiqlik həm də müəyyən məcmuələrdə, jurnallarda elmi xəbərlər adı altında bir qrup adamlara çatdırılır. Bu xəbərlər isə öz növbəsində uzunçuluqdan, təkrarlardan seçilir. Elmi xəbərlərdə əsas meyar xəbərlərin şərhi hesab olunur. Akademik natiqliyin inkişafında müəllimlərin, bilik cəmiyyətində işləyən elmi işçilərin mühüm rolu vardır. Akademik natiqlikdə elmi düsturlar, təriflər, terminlər, dəlil, sübut, fakt, izahlar əsas amil kimi özünü göstərir. Akademik natiqlik kütləvi xarakter daşımır.
Qeyd etmək lazımdır ki, elm inkişaf etdikcə, onun qolları çoxşaxələrə bölündükcə, akademik natiqlik də genişlənir, zənginləşir və daha da təkmilləşir. Akademik natiqlikdə dil vahidləri məhdud dairədə işlənir, geniş şəkildə işlədilməsi mümkün olmayan, anlaşılmayan sözlərin, ifadələrin işlənməsi isə bu nitqin təsir qüvvəsini azaltmır, əksinə, elmi cəhətdən fikrin orijinallığına xidmət edir.
4.Məhkəmə natiqliyi
Məhkəmə natiqliyi natiqlik sənətində ən qədim tarixə malik demokratik əsaslar üzərində qurulan bir anlayışı ifadə edir. Natiqlik sənətinin inkişafında əvəzsiz xidmətləri olan məhkəmə natiqliyi antik dövrün məhsulu kimi diqqəti cəlb edir. Solon islahatlarından sonra özünü müdafiə nitqlərinin yaranması, loqoqrafların yetişməsi məhkəmə natiqlik sənətinin bünövrəsini qoydu. Qədim Yunanıstanda Demosfen, Lisi, İsey, Romada Siseron, Fransada andlı məhkəmələrə Lemetr, Demanj, Rusiyada Aleksandrov, Plevako, Konn kimi natiqlərin yetişməsi böyük bir məktəbin yaranmasına gətirib çıxardı.
Məhkəmə natiqliyi müttəhimin müdafiəsi üzərində qurulur və ədalətin zəfər qazanması üçün vəkil nitqi kimi hüquqi əsaslarla səciyyələnir.
Bununla da məhkəmə zamanı gizli qalan hadisələr, obyektiv və subyektiv cəhətlər elmi şəkildə araşdırılır və ədalətli nəticə əldə edilir.
Məhkəmə natiqliyini digər növlərdən fərqləndirən əsas xüsusiyyətlər ondan ibarətdir ki, o, hüquq, psixologiya, məntiq, pedaqoqika, dil, ədəbiyyat və digər elmlərlə sıx şəkildə bağlıdır.
Məhkəmə natiqliyində əsas məsələlərdən biri müttəhimin son söz söyləməsidir. Bu son söz adətən ibrətamiz xarakter daşıyır. Müttəhim törətdiyi əmələ görə peşmançılığını bildirir. Bir də heç vaxt cinayət törətmədiyinə söz verir. Bəzən bu fikrin əksilə də rastlaşırıq.
Məhkəmə prosesində prokurorun nitqi əsas rol oynayır. O, dövlət nümayəndəsi kimi çıxış edir və müttəhimin törətdiyi cinayətə görə cəza almasını hakimdən tələb edir. Hakim isə müttəhimin cavanlığını və ya qocalığını, uşaqlarını, ata-anasını və digər cəhətləri nəzərə alıb işi müəyyən qədər yüngülləşdirir.
Məhkəmə natiqliyi öz məzmun və formasına görə, quruluşuna görə o biri növlərdən fərqlənir. Belə ki, bu prosesdə bir neçə adam iştirak edir. Hər birinin də nitqi bir-birindən əsaslı surətdə fərqlənir. Məsələn, prokuror ədalətin bərpası, hadisələrin düzgün təhlil və şərhini ustalıqla yerinə yetirməlidir.
Vəkil isə qanunların aliliyini gözləyərək, müttəhimin hüquqlarını müdafiə edir. Həm də şahidlərin nitqini düzgün və dəqiq izləməlidir. Üst-üstə düşməyən fikirləri təkzib etməlidir.
Məhkəmə natiqliyi əsasən rəsmi xarakter daşıyır. Hadisələrin gedişi, sübutlar, dəlillər, faktlar, əşyayi-dəlil olan hər bir şey rəsmiləşir və məhkəmə prosesində istifadə olunur. Məhkəmə natiqliyinin yaranmasında və inkişaf etdirilməsində respublikamızda fəaliyyət göstərən hüquq işçilərinin, prokurorların əməyi yüksək qiymətləndirilməlidir.
5.Məişət natiqliyi
Məişət natiqliyi qədim tarixə malikdir. O, xalq həyatının, məişətinin inkişafı ilə əlaqədar yaranıbdır. Bizcə, o biri növlərə nisbətən məişət natiqliyi Azərbaycanda daha erkən yaranıb püxtələşmişdir. İlkin nümunələrinə şifahi xalq ədəbiyyatında rastlaşdığımız məişət natiqliyi fikrimizi sübut etməyə əsas verir.
Əzizim, ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir igid ölmüş,
Göy kişnər, bulud ağlar.
Məişət natiqliyi haqqında fikir söyləyən Kamil Əliyev yazır: «Eramızdan əvvəl V-IV əsrlərdə Afinada məişət natiqliyinə böyük əhəmiyyət verilirmiş. Müharibələrdə həlak olan igidlərin cəsədi sərv ağacından düzəldilmiş tabutlara qoyularmış. Həmin tabutlar üçün uca bir yer düzəldilərmiş. Təntənəli dəfn mərasimi başlanarmış. Tabutlar qəbrə endirilib üstü örtüləndən sonra matəm mitinqi olarmış. Həmin mitinqdə ən məşhur natiq — siyasi xadim nitq söyləyər, həlak olanların igidliyini yüksək qiymətləndirər və dinləyicilərə vətənpərvərlik ideyaları aşılarmış.
Analoji fikir Ə.B.Haqverdiyev tərəfindən də söylənilir. Böyük mütəfəkkir yazır: «Qədim Azərbaycanda böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayırdılar. Bu toplantıya «yuq» deyirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş yuqçular isə ikisimli qopuz çalıb oynardılar. Yuqçu əvvəlcə mərhum qəhrəmanın igidliklərindən danışıb, onu tərifləyərdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi.
Belə ağılar həm nəzm, həm də nəsr formasında şifahi xalq ədəbiyyatında indi də varlığını qoruyub saxlayır. Məsələn, nəsr formasında: «Açılmayan tüfəngin, sivrilməyən xəncərin öz canına qurban! Ay kimi doğdun, gün kimi batdın! Minəndə at bağrı yardın, düşəndə yer bağrı yardın! Saydığına salam verdin. düşməninə dirsək göstərdin...ağzuvun kəsərli sözünə anan qurban!»
Nəsr forması ilə bağlı yuxarıda məlumat verdik. İlk yazılı abidələrimizdən biri Azərbaycan xalqının məişətini, qədimliyini sübut edən, ensiklopedik nümunəmiz olan «Kitabi-Dədə-Qorqud» dastanlarında məişət natiqliyinin nümunəsi kamil şəkildə özünü göstərir. Xalq mərasimlərini, adət-ənənələri, xalq məişətini dolğun şəkildə əks etdirən bu qədim və əvəzsiz abidədə Banuçiçək başının tacı, igid, qəhrəman nişanlısı Beyrək üçün göz yaşı tökərək bu ağını deyir:
Vay, ay duvağın ayası! Vay alnım başım umuru!
Vay şah igidim, vay şahbaz igidim!
Doyunca üzünə baxmadığım, xanım igit!
Qanda getdin məni yalqız qoyub, canım igit!
Məişət natiqliyinin bu qolu indi də yaşamaqdadır. Söylənilən qəbirüstü nitqlər, yazılan nekroloqlar bu gün də davam etdirilir.
Məişət natiqdiyinin ən geniş yayılmış qollarından biri də sağlıq nitqidir. Sağlıq yubileylərdə, şənliklərdə, toylarda, mərasimlərdə söylənilir. Sağlıq nitqlərində əsas yerlərdən birini tutan təbriklər müxtəlif məzmunda olur. Burada natiqin səmimiyyəti, arzu və istəkləri nitqin əsasını təşkil edir. Maraqlı cəhətlərdən biri odur ki, məişət anlayışı bütün xalq həyatını əhatə etdiyi kimi, məişət natiqliyi də geniş və əhatəli bir sahəni əks etdirir. Natiqlik sənətinin digər növləri və onların qolları məişət natiqliyi ilə əlaqəlidir.
Dostları ilə paylaş: |