2.Natiqlik sənəti haqqında
Xalq yaradıcılığının incilərindən olan natiqlik sənəti cəmiyyətdə mühüm yer tutur. Natiqlik sənəti hər bir insanın qabiliyyətini, istedadını üzə çıxarır. Natiqlik sənətinin ən böyük rolu ondan ibarətdir ki, bu sənət vasitəsilə yeni natiqlər və cəmiyyətə xidmət edən təbliğatçılar yetişir. Natiqliyin əsas xüsusiyyətlərindən biri odur ki, bu sənət ilə məşğul olan hər bir adam hansı mövzuda nitq söyləyirsə, həmin elmi dərindən öyrənir və müşahidələr aparır. Bu da fikrin elmi əsaslarla ifadə olunmasına xidmət edir. Millətindən asılı olmayaraq hər bir natiq xalqına yaxından bağlı olur və həqiqətlərin üzə çıxarılmasında, kütləyə çatdırılmasında öz məharətlərindən istifadə edirlər. Bu bir danılmaz faktdır ki, XX əsr Azərbaycanda natiqlik sənəti və onun inkişafı yeni mərhələyə qədəm qoydu. Bu dövrdə natiqlik sənəti, üslub və üslubiyyat haqqında dəyərli fikirlər, elmi məqalələr, kitablar, dərsliklər yazılıb çap olunmuşdur.
Dünya natiqlik sənəti, onun ən gözəl nümunələri Azərbaycan dilinə çevrilmiş və onlardan layiqincə istifadə olunmuşdur. Məhz, bu illərdə M.İbrahimov, S.Vurğun, Ə.Sultanlı, H.Araslı, Ə.Dəmirçizadə, H.Mirzəzadə, M.Cəlal, M.Quluzadə, A.Qurbanov, Y.Seyidov, A.Axundov, T.Hacıyev və başqa görkəmli dilçilər, söz ustaları, uslub və üslubi prinsiplər haqqında, ədəbi dil, dil tarixi haqqında elmi əsərlər, kitablar, məqalələr yazıb çap etdirmişlər. Natiqlik sənətini hamı bilməlidir (ziyalılar nəzərdə tutulur). Müasir dövrümüzdə xalq kütlələri arasında, idarələrdə, müxtəlif sahələrdə çalışan insanları informasiya ilə təmin etmək üçün cəmiyyətimizə savadlı natiqlər lazımdır. Natiq xalqının həm təbliğatçısı, həm də təşkilatçısı olmalıdır. Ona görə də cəmiyyətimizin qaymağı sayılan müəllimlər, mədəniyyət xadimləri, bilik cəmiyyətlərində fəaliyyət göstərən mühazirəçilər, ağsaqqallar natiqlik sənətinin əsaslarını dərindən öyrənməli və yeri gəldikcə məqsədyönlü şəkildə bundan istifadə etməlidirlər. Bu günümüzün tələblərinə cavab vermək üçün hər bir natiq dərin biliyə və müşahidə qabiliyyətinə malik olmalıdır. Natiq həmçinin dilin incəliklərini dərindən bilməlidir.
Bu gün təhsil ocaqlarımızda minlərlə müəllim natiqlik sənətinin inkişafına xidmət edir. Sual-cavablar, keçirilən ədəbi gecələr, disputlar, elmi mübahisələr natiqlik sənətinin inkişafına, yüksək nitq mədəniyyətinə yiyələnmək üçün geniş imkanlar açır.
Cəmiyyətimiz inkişaf etdikcə informasiya bolluğu yaranır. Televiziya, radio hər gün nə qədər informasiyanı əhatə edir. Dünyada baş verən hadisələrin şərhi, daxili xəbərlər, rəsmi xronika, siyasi icmalçıların təhlili və s. natiqlik sənətinin inkişafına xeyli köməklik göstərir, xalqın dünyagörüşünü zənginləşdirir.
Natiqliyin inkişafına təsir edən amillərdən biri də demokratiyadır. Demokratiya əsasında natiqlik sənəti və nitq mədəniyyətinin təməli qoyulur. Söz azadlığı, obyektiv tənqid natiqliyin kəsərini artırır. İdarələrdə, yığıncaqlarda, təntənəli gecələrdə nitq söyləyən və ya çıxış edən hər bir şəxs qarşısında belə bir məqsəd qoymalıdır ki, söylədiyi nitq cəmiyyətə xidmət etmiş olsun. Əsl natiq nitqini cəlbedici qurmalıdır. Xalq kütləsi, kollektiv arasında natiqin nüfuzunu qaldıran, onu hörmətli edən əsas cəhətlərdən biri nitqin inandırıcı və qərəzsiz olmasıdır. Fikri sübut və faktlarla ifadə etmək üçün natiq tutarlı materiallardan istifadə etməlidir. Natiqlik sənətinin özünəməxsus xüsusiyyətlərindən biri də nitq zamanı gətirilən sitatların fikirlə bağlı olmasıdır. Fikrin dolğun şəkildə dinləyiciyə çatdırılmasında mənbədən gətirilən sitatlar aydın, düzgün və səlis ifadə olunmalıdır.
Hər bir natiqin şəxsi xüsusiyyətləri ilə bərabər fərdi üslubu olmalıdır. Onun yazdığı hər hansı mühazirə, çıxış xidmət etdiyi cəmiyyətlə güclü təmasda olmalıdır. Şairə, yazıçıya, jurnalistə, tənqidçiyə və digər şəxslərə xas olan fərdi üslub natiqlik sənətində mühüm və əsas keyfiyyətdir. Hər bir natiq nitqini qurarkən dildə işlənən sözləri saf-cürük edir, fikrini dolğun, obrazlı ifadə etmək üçün dil vahidlərini düzgün seçib işlədir. Bu xüsusiyyət natiqin səviyyəsini üzə çıxarır. Ona görə də natiq olmaq istəyən hər bir şəxs dilin incəliklərini bilməlidir, ondan düzgün istifadə etməlidir.
Söylənilən fikirlərdən aydın oldu ki, natiqlik sənəti cəmiyyətə xidmət edir. Cəmiyyət isə uzun bir tarixi yol keçmişdir. Bu tarixi yol natiqlik sənətinin müxtəlif növlərinin və şəkillərinin yaranmasına şərait yaratmışdır. Eyni zamanda cəmiyyətin inkişafına və tərəqqisinə xeyli kömək göstərmişdir. Onu da qeyd edək ki, cəmiyyətin inkişafı bir xətt üzrə getmədiyi üçün natiqlik sənətinin də təsnifi, bölgüsü müxtəlif şəkildə təzahür etmişdir. Yəni cəmiyyətin inkişafında bir sahə yüksək səviyyədə, digəri orta, başqa birisi isə durğunluq dövrü keçirərək yaşamışdır. Bu müxtəliflik şübhəsiz ki, cəmiyyətlə birgə inkişaf edən natiqlik sənətində də özünü göstərməyə bilməzdi. Ona görə natiqlik sənətinin növləri ya tam əhatə olunmamış, ya da bölgülərdə naqislik özünü göstərmişdir. Bu bölgülərin müxtəlifliyinə, tədqiqatçıların fikir ayrılığına baxmayaraq, bu, natiqlik sənətinin müvəffəqiyyəti idi. Artıq bir elm kimi mütəxəssislərin diqqətini cəlb edən natiqlik sənəti elmi mübahisələrin yaranmasına şərait yaratdı və öz varlığını sübut etdi.
Ümumiyyətlə, natiqlik sənətinin bölgüsü haqqında fikir müxtəlifliyinə Azərbaycan tədqiqatçılarının əsərlərində də rast gəlirik. Bizcə, başqa bir alimin tərtib etdiyi sxemi əsas götürən və onu qəbul edən Məmmədəli Əskərovun məqbul hesab etdiyi bölgü daha məqsədəuyğundur. Əsasən, məqbul və dolğun hesab etdiyimiz bu bölgüdə yalnız bir növün adını dəqiqləşdirmək yerinə düşərdi: Bu növün adının ilahiyyatçı natiqlik yox, dini natiqlik adlanmasını daha düzgün hesab edirik. Yerdə qalan növləri və onların müxtəlif qollara ayrılmasını (Məmmədəli müəllim bunları şəkillər kimi ifadə edir) olduğu kimi qəbul edirik. Natiqlik sənətinin növlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar.
Dostları ilə paylaş: |