Ünsiyyət prosesində nitq mühüm rol oynayır. İnsan istər onu əhatə edən mühit, istərsə də keçmiş və gələcək barədə hər cür məlumatı əsasən yazılı və şifahi nitq vasitəsilə alır. Nitqin əsas struktur vahidi olmaq etibarilə söz çox böyük qüvvəyə malikdir. İ.P.Pavlovun sözləri ilə desək «Söz fırtına kimi insanın orqanizminin ən etibarlı hesab edilən psixofizioloji prosesləri belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər və ya dəyişə bilər». Söz yalnız pozan, dağıdan deyil, eyni zamanda müsbət təsirə malik ən qüvvətli qıcıqlandırıcıdır. Ən çətin şəraitdə deyilən bircə kəlmə söz belə insanda ruh yüksəkliyi yaradır, onda müsbət emosiyaların baş qaldırmasına, nəcib əxlaqi keyfiyyətlərin yaranmasına, təzahürünə, həmçinin formalaşmasına istiqamət verə bilər. Burada əsl məsələ hər sözdən yerində istifadə etmək, bununla da ünsiyyətə düzgün qiymət verməkdir.
Nitqin müxtəlif funksiyaları var. Onlardan bəzilərini qeyd edək:
Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır.
Ictimai- tarixi şərait haqqında məlumatı nitq vasitəsilə alınır.
Nitq ümumbəşəri təcrübənin mövcudluğunu təmin edir.
Nitqin əsas funksiyası ilə yanaşı köməkçi funksiyaları da mövcuddur: a) nitqin emotiv funksiyası ( danışanın emosiyasını, hisslərini ifadə etməsi); b) nitqin poetik, yaxud da estetik funksiyası; j) nitqin nominativ funksiyası; ç) nitqin yardımçı funksiyası ( məs: allo); d) nitqin fərqləndirmə (diakritik) funksiyası; ə) nitqin interdiktiv (qadağanedici) funksiyası və s.
Kütləvi informasiya prosesi 4 tərkib hissədən ibarətdir: kommunikator, resipient, verilən məlumat, informasiyanın vərilməsini və qəbulunu təmin edən vasitələr.
Kommunikator. Adi kommunikasiya prosesində kommunikator konkret fərddir. Burada isə məlumatı verən müəyyən kollektiv və ya qrupdur. Daha doğrusu verilən məlumat konkret fərdin adından yox, hər hansı kollektiv adından verilir.
Resipient. Kütləvi informasiya prosəsində adətən müəyyən ixtisas sahibləri və ya hər hansı yaş qrupunu təmsil edən adamlar resipiənt rolunda çıxış edirlər.