Mövzu: Akademik yazı və onların qaydaları
Plan:
1.Yazı və onun növləri
2.Akademik yazı ilə digər yazı növləri arasındakı fərqlər
3.Akademik yazının strukturu
4.Akademik yazının növləri
5.Yazının əsas hissələrinin təhlili
6.Akademik yazının xüsusiyyətləri
1.Yazının növləri
İnsanlar şifahi dilin köməyi ilə yalnız müəyyən yaxın məsafədə, bir-birləri ilə ünsiyyət saxlaya bilmişlər. Zaman keçdikcə insanlar səsin çatmadığı yerlərlə də əlaqə saxlamağa ehtiyac duymuşlar. Bu ehtiyacın nəticəsi olaraq yazı yaranmışdır. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.
Yazının ilkin növü əşyaların köməyi ilə olmuşdur. İnsanlar uzaq yerlərə öz fikirlərini əşyaların köməyi ilə çatdırmışlar. Buna görə də həmin yazı əşyavi yazı adlanır.
Bir sıra nağıllarımızda əşyavi yazı ilə bağlı maraqlı epizodlar vardır. Məsələn: "Daşdəmirin nağılı"nda Mirzə Möhsün Nardana "məktub" -daş, dəmir, əl dəyirmanı, armud və gavalı göndərir. Nardan daşla dəmirin Daşdəmir, əl dəyirmanının isə ovdan olduğunu bilir. Daşdəmir isə armudun Abasbəyi armudu adlandığına görə şahın qoşun başçısı Abas bəyə, gavalının isə vəzir Alı adlandığına görə vəzirə işarə edildiyini oxuyur.
Müasir həyatımızda da əşyavi yazının izlərinə rast gəlmək mümkündür. Məsələn, yas saxlayan şəxsin qara paltar geyməsi onun yaxın bir adamının vəfat etdiyini bildirir.
Yazının ikinci növü şəkli (piktoqrafik) yazıdır. Bu yazıda nəzərdə tutulan əşyanın şəkli çəkilir. Piktoqrafik yazıya aid nümunələr də bugünkü həyatımızda öz varlığını qoruyub saxlamışdır. Məsələn, ayaqqabı dükanının şüşəsində ayaqqabı şəklinin çəkilməsi piktoqrafik yazı nümunəsidir.
Piktoqrafik yazıdan sonra fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda da fikir şəklin köməyi ilə çatdırılır. Lakin piktoqrafik yazıda şəkil birbaşa əşyanın özünü bildirdiyi halda, ideoqrafik yazıda şəkil rəmzi mənada (ideya şəklində) işlənir. Məsələn, piktoqrafik yazıda günəş şəkli günəşin özünü bildirir, ideoqrafik yazıda isə bu şəkil işıq anlayışını ifadə edir.
Nəqliyyat yolunda qoyulmuş nida işarəsi və ya maşınların hərəkətini tənzimləyən qırmızı, sarı, yaşıl işıq ideoqrafik yazıya nümunə ola bilər.
Yazının ən son və müasir növü hərfi (fonoqrafik) yazıdır. Fonoqrafik yazının ilk mərhələsi heca yazısı (sillabik yazı) olmuşdur. Bu yazıda bir neçə səs bir işarə ilə ifadə olunmusdur Əsl fonoqrafik yazıda isə hər bir səs bir hərflə ifadə olunur.
Hazırda istifadə etdiyimiz latın əlifbası fonoqrafik yazıya əsaslanır.
Dostları ilə paylaş: |