Telefonla danışanda; Zəng edəndə: Alo, sabahınız (axşamınız, hər vaxtınız) xeyir olsun. Bağışlayın, mən kiminlə danışıram? Sizi narahat edən Kamilədir. Bilmək istəyirəm… Fikrimi sizə çatdıra bildimmi? Çox sağ olun. Bağışlayın, vaxtınızı aldım. Deyəsən, sizi yordum. Təşəkkür edirəm. Minnətdaram. Zəngə cavab verəndə: Alo, salam, eşidirəm sizi. Buyurun. Zəhmət olmasa bir qədər ucadan danışın. Bağışlayın, zəng edən kimdir? Xoşdur. Bu saat çağıraram. Mütləq yetirərəm. Arxayın olun! Sağ olun!
Süfrə etiketləri: “Bismillah”, “Bərəkətli olsun”, “Allah bol eləsin”, “Nuş olsun”, “Buyurun”, “Çox sağ olun”.
6.Nitq etiketi, etika və ünsiyyət
Nitqin etik məsələləri nəzakətli davranış qaydalarına və etik normalara düzgün riayət edilməsini tələb edir. Etika müəyyən cəmiyyət daxilində insanların bir-birinə münasibətini tənzimləyən nəzakətli danışığı və əxlaq normalarını özündə ehtiva edir. Nəzakətli rəftar, hərəkət, davranış milli mənəviyyat və mədəniyyətimizin başlıca, əsas komponentlərindən sayılır. Nitq etiketlərindən danışarkən, onun “etika” ilə münasibətinə də diqqət yetirmək lazım gəlir. Əksərən bu iki termin arasında sərhəd cızılmamış, onlar bir-biri ilə ya qarışdırılır, ya da tamamilə eyniləşdirilir. “Etika” və “etiket” terminləri məna, səslənmə və tətbiq olunma sahələrinə görə bir-birinə yaxın mənalı sözlər kimi dərk edilmişdir. “Etiket” fransız, “etika” isə latın sözüdür. “Etiket” sözü fransız dilində iki mənada işlənir: 1) yarlıq, etiket, yazı; 2) mərasim. “Etiket” sözü də latın dilində iki mənalıdır: 1) ictimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə; 2) hər hansı sinfin, cəmiyyətin və ictimai təşkilatın əxlaq qaydaları. “Etiket” sözü holland dilində, əsasən “paycıq” mənasında işlədilmişdir. “Paycıq” ilkin olaraq “malın, eksponatın üstünə yapışdırılmış kağız” mənasında olmuşdur, sonralar isə “kağız” mənasını qazanmışdır (3,179)”. İndi isə etiket sözü həm “yarlıq”, həm də “danışıq norması” şəklində işlənilir və “yarlıq” mənası ilkin, “danışıq norması” isə törəmədir. Etika fəlsəfə elminin tədqiqat sahəsinə daxil olub, əxlaq, mənəviyyat qaydalarını əhatə edirsə, etiket isə cəmiyyətdə mədəni, etik, əxlaq normalara uyğun davranış qaydalarını əks etdirir. Əlbəttə inkar etmək olmaz ki, etiketin mahiyyətində etik xarakterə malik xüsusiyyətlər durur. Lakin etiketin məxsus olduğu etik xarakteri onu etika ilə eyniləşdirmək haqqı vermir. Etik normalar daxilində nitq etiketlərinin gözlənilməsi cəmiyyət tərəfindən təqdirəlayiq hal kimi qarşılanır. Nitq və etiket bir-birilə üzvi əlaqədədir, nitqin əxlaqi dəyərlərə, etik normalara uyğun olması danışan haqqında adresatın müsbət rəyinə səbəb olur. Bununla da, danışan səlis, mədəni nitqi ilə həmsöhbətini heyran etməklə qalmır, söhbətdə təsiredici qüvvəni və söhbətin gedişatında idarəni öz əlinə alır. Nitq etiketlərindən bəhs açarkən bir çox hallarda digər etiketlərin də onun tərkib hissəsi kimi verilməsi halları da müşahidə olunur. “Etiketin isə 3 növü göstərilir: Xarici görünüş etiketi, nitq etiketi və davranış etiketi (2,41)”. Bir-birilə sıx bağlı olan bu üç etiket növlərinin hər biri özünəməxsus cəhətləri ilə fərqlənir. Xarici görünüş etiketinə səliqəli və zövqlü geyim tərzi, saç düzümü və s. zahiri görünüş əlamətləri daxildir. Məlumdur ki, hər mərasimin öz geyim tərzi var və xarici görünüş etiketinin də tələbi hər hansı bir mərasimə uyğun geyim tərzinin seçilməsidir. Etiketə uyğun, səliqəli və zövqlü xarici görünüş insan haqqında xoş təəssüratın yaranmasına səbəb olur. Davranış etiketi isə insanların cəmiyyət tərəfindən müxtəlif situasiyalar üçün qəbul edilmiş, nümunəvi hesab edilən hərəkətlərinin məcmusudur. Nitq etiketi isə cəmiyyət tərəfindən müəyyən edilmiş müvafiq nitq situasiyasında insanlar arasında mədəni ünsiyyət və nitq davranışını tənzimləyən etik qaydalar sistemindən ibarətdir.
Nitq etiketi hər bir cəmiyyətin nitq davranışı formulları, ünsiyyət stereotipləridir. Onlar cəmiyyətdə davranış normalarının tənzimləyicisi olmaqla yanaşı, mədəni ünsiyyətin formalaşdırılmasında müəyyənedici rol oynayır. Nitq mədəniyyəti - ünsiyyət prosesi - nitq etiketi vəhdəti meydana çıxır. Nitqin mədəni səciyyə və keyfiyyətlərinə yiyələnmədən ünsiyyət prosesində iştirak etmək qeyri-mümkündür. İstər yazılı, istərsə də şifahi nitq bacarıqlarından məhrum yaxud onlara istənilən səviyyədə yiyələnməyən insan ünsiyyətdən kənar qalır. Ünsiyyət isə insanların mənəvi tələbatıdır və bu tələbatın ödənməməsi əsəb pozuntularına və daha ciddi xəstəliklərə səbəb olur. Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilə bilər. Jestika, mimika və nitq ünsiyətin qurulmasında geniş istifadə olunan vasitələr hesab olunur. Bildiyimiz kimi, dilin başlıca funksiyası onun əsas ünsiyyət vasitəsi olması, ünsiyyətə xidmət etməsidir. Ünsiyyət vasitəsilə insan yaşadığı cəmiyyətdə özünün daşıdığı ictimai vəzifəsini və sosial funksiyasını yerinə yetirir, zəruri rəftar və davranış normalarına yiyələnir. Bu prosesdə insan həm də özünənəzarvə idarəetmə funksiyalarını həyata keçirir. Ünsiyyətin səviyyələri münasibətlərin formlaşmalarından asılı olaraq müxtəlif səciyyə daşıyır. Ünsiyyət anlayışı etiketdən daha genişdir. Etiket hər zaman ünsiyyət prosesində həyata keçsə də, hər ünsiyyət etiket ola bilmir. Çünki etik normaları bilmək heç də ona hər zaman əməl etmək demək deyil. Bəzən insan şüurlu şəkildə etik normanı poza bilir.
Dostları ilə paylaş: |