5.Söhbətə qoşulma
Söhbətəqoşulma və söhbətin gedişatına müdaxilə yerli-yerində və məqsədli şəkildə edilməlidir. Söhbətəqoşulma və müdaxilə bəzən labüd hal alır. Belə olmazsa, söhbətin məcrası başqa istiqamət ala bilər. Müdaxilə həm də danışılan məsələdən uzaqlaşma halının qarşısının alınmasında xüsusi rola malikdir.Görkəmli alim, professor Nadir Abdullayev danışıq prosesində söhbətə müdaxilənin rolu barədə geniş şəkildə bəhs açır və nitqə müdaxilə edilmə məqamlarını göstərir.Söhbətin gedişinə müdaxilə aşağıdakı məqamlarda edilməlidir:
- Danışan şəxs bəhs açdığı məsələdən uzaqlaşdıqda;
- Məruzə, yaxud söhbət zamanı məlum olan məsələ və ya əşya, hadisə haqqında danışıldıqda;
- Qeyd olunan məsələ ilə bağlı səhvə, yanlışlığa yaud dolaşıqlığa yol verildikdə;
- Hər hansı bir məsələ barədə uzun-uzadı danışıldıqda;
- Həmsöhbətinin fikrini təsdiq və təqdir etməyə ehtiyac duyulduqda və müsahibinin nitqini qüvvətləndirmək məqsədilə edilə bilər (1, 268).
Məqamında müdaxilə mədəni nitqin əsas keyfiyyətlərinin gözlənilməsinə - nitqin yığcamlığı, aydınlığı, anlaşıqlığı, dəqiqliyinin riayət edilməsinə də rəvac verir. Müdaxilə edilərkən səsləndirilən fikir anlaşıqlı və yığcam olmalı, əsaslı və tutarlı dəlillərə söykənməlidir. Bütün hallarda müsahibin nitqinə müdaxilə etik səviyyədə edilməli, hörmət, nəzakət çərçivəsindən kənara çıxılmalıdır. Hər hansı bir səbəbdən nitqə müdaxilə edildikdə danışana “bağışlayın”, “icazə verin”, “üzr istəyirəm”, “bir dəqiqə” və s. kimi ifadələrlə müraciət olunmalıdır.
6. Diskussiya mədəniyyəti
Adamlar gündəlik nitq praktikasında başqaları ilə dialoqa, fikir mübadiləsinə, diskussiyaya girirlər. Fikir mübadiləsi müxtəlif məqsədlərə (müəyyən bir informasiya, hadisə barədə məlumatlanmaq, müsahibini nəyəsə inandırmaq, sövq etmək, nədənsə çəkindirmək, deyilənlərə münasibət bildirmək və s.) xidmət edir. “Dialoq” termini yunanca “dialoqos” sözündən götürülmüş, iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi mənasını ehtiva edir. Geniş mənada dialoq müxtəlif əqidələrə, mədəniyyətlərə, siyasi görüşlərə, düşüncələrə mənsub insanların bir araya gələrək, mədəni ölçülər səviyyəsində bir-biri ilə danışması, müəyyən məsələlərin müzakirə edilməsi yoludur. Dialoq, əsasən, iki şəraitdə aparılır:
1. Ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində, çayxanalarda və s.
2. İctimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, tədris auditoriyalarında, radio və televiziya verilişlərində və s.
Hər bir şəraitdə adamların normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən qaydalara, şərtlərə, etik normalara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu o deməkdir ki, birinci şəxs danışarkən digəri (və ya digərləri) onu axıra qədər dinləməli, müsahibinə fikrini açıqlamağa imkan verməli, sonra söhbətə qoşulmalıdır. Müsahibi mətləbdən uzaqlaşdığı, lüzumsuz məsələlərdən danışdığı, təfərrüata yol verdiyi zaman dinləyən tərəf “İcazə verin”, “Üzr istəyirəm”, “Sizin bu fikrinizə kiçicik bir düzəliş vermək istəyirəm”, “İcazə verin fikrinizə bir qədər aydınlıq gətirim” və s. kimi replikalarla onun danışığına müdaxilə edə bilər. Diskussiyada iştirak edənlər öz mövqeyini dəyişmək istəmədikdə belə deyilməlidir: “Mən sənin fikirlərini qiymətləndirirəm. Lakin öz fikirlərimə daha çox əminəm”. Danışan həmkarının fikirləri ilə razı olmaya bilər, lakin bununla belə ortaq məxrəcə gəlmək üçün yolların axtarılmasından imtina etməməlidir. Fikirlər qarşılıqlı anlama şəraitində, etik normalar çərçivəsində müzakirə edilməli, problemin həlli yolu tapılmalıdır. Dialoq “Qurani–Kərim”də öz əksini tapmışdır. Orada səmmiyyət dialoqun vacib məqamlarından biri kimi qiymətləndirilir və göstərilir ki, fikri müxtəlif insanlar arasında münasibətlər qarşılıqlı etimad əsasında qurulduqda səmərəli nəticə verə bilər. “Qurani-Kərim” əhli-kitabla hikmət və gözəl öyüdlə mübahisə etməyi tapşırır: “(Ya Rəsulum), insanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (möizə) ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et”. Rəsmi yerlərdə vacib məsələlərlə bağlı aparılan dialoqlarda tərəflər səbrli və təmkinli olmalı, danışığın etik qaydalarına əməl etməlidirlər.. Dialoq nəsə öyrənmək, inkişaf etmək, yeniləşmək məqsədlərini qarşıya qoymalıdır. Diskussiya zamanı dialoqun tələb olunan qaydada səmərəli keçməsi üçün aşağıdakılar nəzərə alınmalıdır:
1. Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır.
2. Müzakirədə müdafiə olunacaq mövqe və ideyalar dəqiq müəyyənləşdirilməlidir. Müzakirə olunan məsələdən yayınmaya yol verilməməlidir.
3. Diskussiyaya hazırlaşarkən bütün mümkün məlumat mənbələri (ilkin mənbələr, statistik məlumatlar, ədəbiyyat və s.) nəzərdən keçirilməlidir.
4. Fikir ayrılığının yaranacağı gözlənilərsə tərəflər öz mövqeyinin müdafiəsi üçün dəlillər, sübutlar hazırlamalıdır. Sübutlar məntiqi təfəkkürə əsaslanmalı, inandırıcı olub qarşı tərəfi qane etməlidir. Dəqiq və aydın faktlar ən yaxşı təkzib üsuludur. Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır.
5. Rəqib opponentini diqqətlə dinləməli, onun fikrinin doğru məqamları ilə razılaşmalıdır.
6. Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı olduğunu etiraf etməyi bacarmalıdır.
7. Adamlar deyil, yalnız onların ideyaları tənqid olunmalıdır.
8. Tənqid zamanı emosiyaya qapılmamalı, qəzəblənməməli, təhqir və istehzaya yol verilməməlidir.
9. Diskussiyanın məqsədi qalibi müəyyən etmək deyil, ümumi razılığa nail olmaqdır.
10. Çıxışların sonunda yekun nəticələr qeyd edilməlidir.
Dostları ilə paylaş: |