3. Nitq prosesinin mərhələləri
Nitqin yazılması və ya şifahi şərhi olduqca mürəkkəb bir prosesdir. Bu proses məqsədyönlü aparılmalıdır. Tələsməyə yol vermək olmaz. Bu prosesi mərhələ -mərhələ aparmaq daha düzgün və məqbul hesab olunur. Şərti olaraq bu mərhələləri belə qruplaşdıra bilərik:
Mövzu ətrafında düşünüb onu tam mənimsəmək.
Mövzuya aid ədəbiyyatın toplanması.
Toplanan ədəbiyyatı qruplaşdırıb nəticə əldə etmək.
Əldə edilmiş nəticə əsasında plan tərtib etmək.
Nəhayət, fikrin yekunlaşdırılması. Nəticə.
Mövzu ətrafında düşünən natiq, həm öz səviyyəsini, həm də auditoriyanın tərkibini nəzərdən qaçırmamalıdır. Natiq nitqini qurarkən, dinləyicilərin yaşını, ixtisasını, dünyagörüşünü, mövzuya aid biliklərini nəzərə almalıdır. Bu xüsusiyyətləri mövzu ilə, yerli şəraitlə, nitqin əmələ gətirə biləcəyi reaksiya ilə, mövzunun qavranılması ilə, yaranan problem ilə, situasiya ilə əlaqələndirməyi bacarmalıdır. Bu, natiqdən böyük bacarıq və ustalıq tələb edir. Natiqin qarşısında qo
yulan bu tələblər yerinə yetirilərsə, dinləyicilərdə böyük maraq oyadar.
Nitqin gözəl, dolğun, elmi çıxması üçün natiq mövzuya aid ədəbiyyat əldə etməlidir. Gündəlik mətbuatı, mövzuya aid elmi ədəbiyyatı (hətta mübahisəli olsa belə, öz fikrini, gəldiyi qənaəti bildirməlidir), məqalələri, tezisləri nəzərdən keçirib, yaradıcılıq təxəyyülü ilə əlaqələndirməlidir.
Toplanmış ədəbiyyatı nəzərdən keçirib, öz aləmində müqayisələr aparıb, gəldiyi nəticələri məqsədyönlü şəkildə mövzuya şamil edir. Natiq topladığı biliyi, faktı, sübutları, dəlilləri qruplaşdırıb, nitqi dəqiq və düzgün, ardıcıl ifadə etmək üçün plan tərtib edir. Plan əsasında da fikrini yekunlaşdırıb, gəldiyi nəticəni dinləyicilərlə bölüşür.
Nitqin hazırlanmasında natiqin biliyi ilə bərabər, təcrübəsi də mühüm rol oynayır. Bəzi natiqlər nitqlərini həddindən artıq elmi şəkildə qurur (bu bəzən bilərəkdən edilir), bəzisi isə savadlı görünmək xatirinə sadə, aydın nitq əvəzinə fikrini təmtəraqlı cumlələrlə ifadə edir. Təcrübəli natiqlər isə apardığı müşahidə ilə bərabər, dərin elmi bilikləri nitqə köçürüb sadə, lakin təsir qüvvəsi olan çıxış hazırlayırlar. Belə nitqlər nümunəvi nitq kimi dinləyicilərin rəğbətini qazanır.
Hər bir natiq ixtisasından və nitqin mövzusundan asılı olmayaraq, əldə etdiyi materialın ən kiçik sitatlarını, faktlarını, dəlillərini dəfələrlə yoxlayıb, gəldiyi nəticəni öz elmi və təcrübəsi süzgəcindən keçirib kağız üzərinə köçurməlidir. Əks təqdirdə nitq quru və yorucu olar. Faktlar yığını, yersiz sitatlar, əsaslandırılmamış dəlil və sübutlar şablon xarakteri daşıyar. Lakin natiqin yaradıcı münasibəti, nitqdə öz sözü, öz səsi hiss olunur. Natiq nitqini qurarkən hadisələrin içərisində olmalıdır. Təsvir etdiyi hadisənin iştirakçısına çevrilməlidir. Cərəyan edən hadisələr natiqin gözləri qabağından bir kino lenti kimi keçməlidir. Yalnız bu vaxt nitq inandırıcı və cəlbedici olur. Nitqin belə qurulması hər bir natiqdən böyük təcrübə və dərin elmi bilik tələb edir.
Dostları ilə paylaş: |