4.Nitqə hazırlıq prosesinin prinsipləri
Nitqin qurulmasında natiq dinləyicilərlə necə əlaqə yarada biləcəyi haqqında düşünməlidir. Nitqin dinləyiciyə çatdırılmasında bu amil də əsas şərtlərdən biridir. O, nitqi harada söyləyir? Doğma kollektiv arasında, yoxsa tanımadığı bir idarədə, müəssisədə. Adətən, kənarda nitq söyləmək daha çətindir. Dinləyicilərlə əlaqə yaratmaq yenə də natiqdən böyük ustalıq və təcrübə tələb edir. Belə olan halda natiq nitq söyləyəcəyi yerin şəraitini, dinləyicilərin marağını nəzərə alıb, fikrini əldə etdiyi təəssüratlarla, əgər mümkün olsa, hətta suallarla ifadə etməlidir. Auditoriyanın diqqətini cəlb etmək üçün onlarla təmasda olmaq ən gözəl vasitədir.
Natiq nitqini qurarkən günün tələblərinə cavab verən informasiyalardan istifadə etməyi unutmamalıdır. Nitqin mövzusuna uyğun olaraq kitablardan, məqalələrdən, qəzetlərdən, jurnallardan istifadə etməli və onlara yaradıcı yanaşmalıdır. Günün tələblərinə cavab verməyən nitq şübhəsiz ki, dinləyicilərdə maraq oyada bilməz. İnformasiyanın bolluğu və natiqin yaradıcı münasibəti nitqin zənginliyini artırır. Böyük Azərbaycan şairi Nizami Gəncəvi yazırdı:
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Ərəbcə, dəricə, yeri düşərkən,
Buxari, Təbəri əsərlərindən
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxardım.
Natiqlik sənətinə yiyələnmək istəyən hər bir şəxs elmi xəzinə olan kitablardan bəhrələnməli və günün müəyyən hissəsini mütaliə ilə məşğul olmalıdır. Yaxşı kitab natiqə yol göstərən bələdçini xatırladır. Onu elmin çətin yollarından, enişindən-yoxuşundan keçirir.
Natiq nitqə hazırlaşarkən, əldə etdiyi materialları qruplaşdırdığı zaman qeydlər götürməyi də unutmamalıdır. Bu qeydlər gələcəkdə ona köməklik göstərir.
Bundan əlavə, natiq nitqini qurarkən konspekt, plan tərtib etməyi də unutmamalıdır. Fikrin ardıcıl və məqsədyönlü ifadə olunmasında bu prinsiplər əsas şərtlərdən biridir. Plan, konspekt toplanmış materialın sistemə salınmasında natiqə köməklik göstərir.
Dostları ilə paylaş: |