Bəzən alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir insan haqqında xoş sözlər deyiləndə ən yaxşı fikirlərin içində «mədəni insandır» ifadəsinə də rast gəlinir. Əslində bu nə deməkdir? İnsan elə mədəni olmalıdır. Amma həyat göstərir ki, həmişə belə olmur. Bəs kimə mədəni insan deyilir? Mədəni olmağın şərtləri çoxdur. Bu, elə bir mənəvi məziyyətdir ki, onu libas kimi geyinib-soyunmaq mümkün deyil. O insanın içində, varlığında olmalıdır. Böyüdüyün mühit, aldığın tərbiyə, bilik, öz qabiliyyətin, gendən gəlmə xüsusiyyətlər, dərin müşahidə, mütaliə və nəhayət, özünü cəmiyyətdə həqiqətən səliqəli apara bilmək səriştəsi... Bütün bunlar da insanın hərəkətində, danışığında, ətrafdakılara münasibətdə özünü mütləq göstərir.
Müasirlik mentalitetə balta vurmaq deyil. Klassika ilə modern birləşəndə gözəl olur. Təəssüf ki, bizə təqdim olunan proqramlarda nə qədimlik var, nə müasirlik. Tamam başqa ovqatdır. Danışmağa da utanırsan, baxmağa da. Utanmaq hissi itən yerdə abır-həya yoxa çıxar. Abır-həya tapılmayan yerdə isə mədəniyyət olmaz. Mədəniyyət olmayan yerdə isə hansı nəzakətdən, qabil davranışdan, dürüst insan münasibətlərindən, xeyirxahlıqdan, böyük arzulardan, ideyalardan, Vətən məhəbbətindən, yurd sevgisindən danışmaq olar?
Tarixən bütün uğurların, qabiliyyətin başında mədəniyyət dayanıb. Hətta ən qızğın döyüşlərdə də mədəniyyət gözlənilməlidir. Tarixən igidlərimiz öz düşmənlərinə arxadan zərbə vurmayıblar. Mədəniyyət ən iti qılıncdan da kəsərlidir. Gəlin razı olmayaq ki, bu qılınc ovxardan düşsün.
Əlbəttə, bu çox geniş mövzudur. Mən sadəcə olaraq gündəlik rastlaşdığımız adi davranış qaydalarından danışmaq istəyirəm. Onsuz da ömrümüz elə uzun deyil ki, onu adi qayğılarla çapıb-talayaq.
Yaşından, başından, vəzifəsindən, ictimai durumundan, maddi vəziyyətindən asılı olmayaraq hər bir insanın özünə hörmət etməsi çox vacibdir. Bu, onun mənəvi dünyasının göstəricisidir. Özünə hörmət isə nə səliqəli geyinməkdir, nə cibində pulun çox olmasıdır, nə öz rahatlığını təmin etməkdir, nə də yalnız övladlarına, qohum-əqrəbana gün ağlamaqdan ibarətdir. Yox, Allah-təala hamını eyni hüquqda yaradıb. Ədalətin ölçüsünə bax ki, eyni cür doğulan insanın bu dünyadan gedişində də fərq yoxdur. Kasıbın da qazancı, varlının varidatı da elə bu dünyada qalır. Əbədi olan yaxşı addır, yaşayan xeyirxah əməllərdir, mənəvi sərvətlərdir...
Özünə hörmətin birinci yolu ətrafdakılara bəslənən münasibətdən, yanaşma xüsusiyyətlərindən, daxildən gələn nəzakətdən və rəftardan asılıdır. Vəzifəcə səndən yuxarıda dayananın qarşısında baş əyib, səndən aşağıda durana təpinmək isə... Bu insanlığa sığışmır axı. Bir əlində şərbət, bir əlində zəhəri necə saxlamaq olar?!
Əslində milli-mənəvi dəyərləri şərtləndirən məqamlar çoxdur. Böyüklərə hörmət, yaşlılara, xəstələrə, əlillərə, qadınlara ehtiram göstərmək, uşaqlara qayğı ilə yanaşmaq milli-mənəvi dəyərlərin tərkib hissəsidir. Ailədən gələn, məktəbdə yetişən, cəmiyyətdə formalaşan bu dəyərlər insanın həyat yolunu istiqamətləndirməkdə, mənəvi zənginliklərini qoruyub saxlamaqda mühüm amildir. Bir də ehtiyacı olana mərhəmət göstərmək, yaşlı bir kəsi yoldan keçirmək, kiminsə qolundan tutmaq özü savabdır. Elə dinimizdə də bu tələblər var. Bəzən çox kiçik görünən adi davranışın arxasında böyük bir mənəvi dünyanın olub-olmaması dayanır. İnsanın ikiləşməsi, təbdən-təbə düşməsi, gah pələngə dönməsi, gah dovşana çevrilməsi qəbuledilməzdir. Bütün canlıların alisi sayılan insan ali mədəniyyətə də malik olmalıdır. Xüsusilə də ətrafdakılarla münasibətdə tarazlıq pozulmamalıdıır
5.Mədəni nitqin etiketləri
Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin işlətdiyi bir sıra ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismini mədəni danışığın etiketləri təşkil edir. Vaxtilə monarx saraylarında, diplomatik dairələrdə və s. davranış qaydaları “etiket” adlanırdı. Hal-hazırda hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət formalarına da “etiket” deyilir. Xalqımızın milli təfəkkürünə, etnoqrafiyasına, ənənələrinə uyğun işlənilən bu ifadələr, hazır nitq modelləri bütün hallarda adamları razı salır, onlarda xoş ovqat yaradır, müsahibin fəaliyyətini istiqamətləndirir, qarşılıqlı anlaşmanı təmin edir. Dilimiz belə ifadələrlə zəngindir. Adamların gündəlik nitq fəaliyyətində onların dünyagörüşü, savad dərəcəsi, dilə şüurlu münasibətindən irəli gələn rəngarəng ifadələr tez-tez işlədilir.