MÖVZU-3. DAĞ SÜXURLARININ FIZIKI XASSƏLƏRƏ GÖRƏ TƏSNIFATI Dağ süxurlarının elmi öyrənilməsi onların fiziki xassələrə görə ümumiləşdirilmiş təsnifatı əsasında aparılmalıdır.
Dağ süxurlarının fiziki xassələrə görə təsnifatı süxurları və onların fiziki xassələrini sistemləşdirir. O, dağ süxurlarının fiziki xassələrinə görə paylanmasını verir və xüsusi tədqiqatlar aparmadan təsnifata əsaslanan pasporta görə dağ süxurlarında xassələrin və fiziki proseslərin təxmini proqnozlaşdırılmasına kömək edir.
Məlum təsnifatlar dağ süxurları fizikasının məsələlərinin lazımi dərəcədə qane etmir, çünki bu təsnifatlarda adətən süxurların xassələri ilə əlaqə yoxdur. Hazırda geniş istifadə edilən genetik təsnifat süxurları yalnız əmələ gəlmələrinə görə fərqləndirir. Lakin eyni zamanda süxurların əmələ gəlmələri onların xassələrini eyni dərəcədə xarakterizə edə bilməz.
Süxurların mühəndis-geoloji təsnifatı, maqmatik, çöküntü və metamorfik süxurların mineral tərkibinə və struktur-tekstur əlamətlərinə görə təsnifatı da analoji əhəmiyyət kəsb edir.
Dağ-mədən sənayesində istehsalat məqsədləri üçün tətbiq edilən və süxurların hər hansı bir vahid parametrə görə bölünməsinə əsaslanan təsnifatlar geniş yaılmışdır. Bunlara aşağıdakılar aiddir:
1-süxurların məsaməlilik, həcm çəkisi, elastiklik modulu, sıxılmaya qarşı möhkəmlik həddi (bərklik əmsalı), sərtlik, elektrikeçirmə və maqnit keçiriciliyinə görə təsnifatları;
2-süxurların hər hansı bir texnoloji parametrə (qazılma, partlayış, xırdalanma, kəsilmə qabiliyyətinə ) görə təsnifatları;
3-xüsusi təsnifatlar yalnız konkret fiziki xassə ilə əlaqədar olduğu halda ümumi təsnifatlar süxurların fiziki xassələri ilə tamamilə əlqədar deyildir;
4-ümumi təsnifatlar süxurların mineral tərkibinin və quruluşunun keyfiyyət təsnifatları olduğu halda, xüsusi təsnifatlar süxurların vahid xassələrinə görə bu xassələri müəyyən edən amilləri nəzərə almayan miqdar təsnifatlarıdır.
Dağ süxurlarını onların fiziki xassələrinə görə ümumiləşdirən təsnifatda süxurlar qruplara elə bölünməlidir ki, hər bir qrup bütün xassələrinin dəyişilməsini tamamilə müəyyən hədləri ilə xarakterizə edilsin.Bunu süxurların bütün xassələri eyni dərəcədə asılı olan hər hansı bir göstəriciyə əsasən yerinə yetirmək daha asan və sadə olardı. Lakin belə ümumi göstəricini tapmaq mümkün deyildir, çanki şaxtaçıların istifadə etdikləri və əhəmiyyət kəsb edən ümumi və xüsusi təsnifatlarının əsasını prinsip etibarı ilə müxtəlif təsnifat əlamətləri təşkil edir. Belə göstərici nə süxurların mineral tərkibinin, nə onların qurulu-şunun, nə də onların kombinasiyasının parametri ola bilər, çünki onların vahid miqdar xaraketristikaları yoxdur.
Praktiki olaraq heç bir mineral və heç bir quruluş əlaməti bütün məlum dağ süxurlarında müşahidə edilmir.
Fiziki parametrlərdən heç biri, nə də onların kombina-siyası bu məqsədlə istifadə edilə bilməz, çünki süxurun xassəsi mineral tərkibin və quruluşun funksiyasıdır və süxurun dağ-mədən işlərinin texniki məqsədləri üçün lazım olan heç bir xassəsi onun digər xassələrini təyin etmir.
Ona görə də bu məsələnin yalnız bir həlli vardır. Dağ süxurlarının eyni vaxtda bir neçə əsas əlamətlərindən istifadə etməklə onların xassələrini müəyyən edən əsas amillərə görə qruplara bölünməsidir.
Aydındır ki, dağ işləri üçün geologiyada, petroqrafiyada qəbul edildiyi kimi çoxlu miqdarda müxtəlif quruluş növlərinin ayrılması zərirəti yoxdur. Belə ki, burada ancaq süxurun xassələrini praktiki vacib hüdudlarda dəyişdirə bilən quruluş növləri əhəmiyyət kəsb edir.
Süxurların quruluşunun onları qruplaşdırmaq üçün məqsədə uyğun, əsas əlamətləri – süxurların dənəlilikləri, süxuru təşkil edən dənələrin ölçüsü və onların ölçülərinin qeri-cinsliliyi, məsaməlilikləri (məsamələrin ümumi həcmi), qatlılıqları, amorfluluqlarıdır.