Çörək yonucusu (Stegolium paniceun L.) – Böcəklər (Coleoptera) dəstəsinin, yonucular (Anobiidae) fəsiləsinə mənsubdur.
Yetkin böcək silindrik formadadır və ön kürəkciyi iridir. Bədəni açıq-qəhvəyi, yaxud qırmızımtıl-qonur rəngdədir. Üzəri ipəkvari tükcüklərlə örtülmüşdür. Uzunluğu 3-8 mm-dir. Sürfəsi qövs şəklində bükülməklə 3 cüt döş ayağına malikdir. Bədəni çirkli-ağ rəngdədir.
Zərəverici müxtəlif məhsullara – kofeyə, suxariyə, makarona, una, şokolada, müxtəlif dənlərə və s. zərər vurur.
Çörək yonucusu iyun-iyul aylarında uçur. Bir müddətdən sonra yumurta qoymağa başlayır. Bir dişi böcək məhsulların üzərinə topa halında 140-a qədər yumurta qoya bilir. Hər bir topada 40-a qədər yumurta olur. Yumurta daxilində rüşeymin inkişafı 8-12 gündə başa çatır.
Yumurtadan çıxan sürfə 1,5-2 ay müddətində inkişafını başa çatdırır. Sürfələr qidalandığı məhsullarda izlər açır. Unda olduqda topa düzəldir və onun daxilində puplaşır. Sonrakı nəsillərin inkişafı birinci nəsildəki kimi gedir. İl ərzində 4-ə yaxın nəsil verir.
Dostları ilə paylaş: |