Dəyirman odlucası (Ephestia kühniella L.) – Kəpənəklər (Lepidoptera) dəstəsinin odlucalar (Pyralidae) fəsiləsinə mənsubdur.
Kəpənəyi boz rəngdədir, ön qanadları bozumtul kül rəngində olub, üzərində tək-tək qara pulcuqlar vardır.
Dal qanadlar ağımtıldır, qanadları açılan zaman 20-25 mm olur.
Tırtılın rəngi dəyişkəndir, sarı, yaxud çəhrayı olur. Axırıncı yaşda uzunluğu 16 mm-ə çatır.
Dəyirman odlucası dəyirmanlarda və anbarlarda geniş yayılaraq, una, dənə, quru meyvələrə və s. zərər vurur.
Zərərvericinin axırıncı yaşda olan tırtılları baramalar içərisində qışlayır. Yazda tırtıllar pup halına keçir və bir müddətdən sonra kəpənəklər uçur. Kəpənəklər gecələr fəaldır. Onlar un, dən və başqa məhsullara, kisələrə yumurta qoyur. Yumurtadan çıxan tırtıl dərhal qidalanmağa başlayır və hörümçək sapları vasitəsilə undan borular əmələ gətirir. İnkişafını başa çatdırmış tırtıllar divarlarda, kisələr üzərində puplaşır. Yayın axırlarında puplardan kəpənəklər uçur.
Tırtıllar un və başqa məhsullarla qidalanaraq onları öz ifrazatları və dəyişdikləri qabıqla çirkləndirir. Bundan başqa unu hörümçək toru ilə toplayıb bir yerə yığır və onu yararsız hala salır. İl ərzində 2-3 nəsil verməsi ehtimal olunur.
Dostları ilə paylaş: |