1. Təbiəti mühafizə tədbirlərinin iqtisadi səmərəlilik anlayıŞı
Təbii sərvətlərin, ətraf təbii mühitin saflığına, insanların sağlamlığının mühafizəsinə olan diqqət və qayğının artırılmasına yönəldilmiş beynəlxalq tədbirlərin əhəmiyyəti ildən-ilə artır. Bu ondan irəli gəlir ki, əvvəllərdə məlum olmayan yeni-yeni kimya məhsulları və müxtəlif tərkibli materiallar, maddələr, elementlər istehsal olunur, onların təbii mühitə təsir dairəsi planetar miqyasda genişlənir. Təbiətdən alınan, onun sərvətlərindən istifadə edilən yeni məhsullar ictimaiyyətə xeyir gətirir, xalq təsərrüfatının inkişafını sürətləndirir, əhalinin bu və ya digər məhsullara olan tələbatını ödəyir. Bununla belə, həmin məhsulların kütləvi surətdə istehsalı geniş miqyasda materiyanın təbii balansını pozur, ətraf mühitin mühafizəsində çətinlik törədən maddələrin miqdarını artırır, ayrı-ayrı sənaye sahələrində, mərkəzlərində sağlamlığı təhlükə altına alır.
BMT-nin ətraf mühitin mühafizəsi proqramına əsasən planetimizdə çoxlu miqdarda müxtəlif tərkibli kimya sənaye məhsulları və maddələri istifadə edilir. Hər il dünya bazarına 700 növ belə yeni məhsul daxil olur. Bununla belə həmin məhsulların insanlara və ətraf mühitə təsir dairəsinin dərəcəsi hələ də dəqiq öyrənilməmişdir. Onların kanseroji (xərçəng xəstəliyi törədən), mutaji (insanın və başqa canlı orqanizmlərin təbii törədici mexanizminin pozulması) və ya başqa bioloji inkişafa mənfi təsir dairəsinin dəqiqliyi lazımi qədər öyrənilməyib. Buna görə təbiətdən, onun sərvətlərindən alınan yeni-yeni məhsullara ekoloji baxımdan və təbabət baxımından dəqiq nəzarət qoyulmalı, mövcud ehtiyatlardan səmərəli istifadə olunmalıdır.
Təbii ehtiyatları, ekoloji funksiyaları, ətraf mühiti, həyata keçirilən tədbirlərin iqtisadi qiymətləndirilməsi çətin və mürəkkəb prosesdir. Bəzən hətta bu qiymətləndirmə mümkün deyildir. Bununla belə, təbii ehtiyatlardan istifadə və müəyyən xərclərin səmərəsini hesablamaq lazım gəlir. Ətraf mühitdən istifadədə xərclər və nəticələrin müqayisəsi səmərələliyin hesablanmasının əsas üsulu hesab edilir. Bu üsul xərc-gəlirin təhlili adlanır. Mövcud ehtiyatlardan daha yaxşı istifadə edilməsi iqtisadi səmərəliliyi müəyyən etməyə imkan verir.
Əsasən ətraf mühitin mühafizəsində iki cür iqtisadi səmərə ayrılır: təbiəti mühafizə tədbirlərindən ilkin iqtisadi səmərə və yekun kompleks sosial - iqtisadi səmərə.
Birinci halda, ətraf mühitin çirklənməsi azaldılır, vəziyyəti yaxşılaşdırılır, atmosferə, su hövzəsinə, torpağa atılan tullantıların, qatqıların həcmi aşağı düşür. Ikinci halda keçirilən tədbirlər nəticəsində isə istehsalın səmərəsi, əhalinin həyat səviyyəsi yüksəlir. Daha sonra ekoloji təmiz məhsul istehsalı artır, xammal itkisi azalır, qeyri – istehsal sahələrindəki xərclərə qənaət olunur. Bununla da yüksək iqtisadi səmərəyə nail olunur.
Qeyd etmək lazımdır ki, balıq ovu donanmasında texniki silahlanmanın xeyli artmasına baxmayaraq dünya okeanında balıq tutulmasının həcmi ilbəil azalmaq üzrədir. Əgər 1970-ci ildə dünya okeanında 52,7 mln. ton balıq tutulmuşsa, indi bunun həcmi xeyli azalmışdır. Heyvanlar aləminin, xüsusilə vəhşi heyvanların dünyada sürətlə azalması indi böyük həyəcan doğurur. Son 2000 ildə dünyada təxminən 106 növ iri məməli heyvanın, 139 növ quş və başqa heyvanların nəsli kəsilmişdir.
Mütəxəssislər belə qərara gəlmişlər ki, indi min növdən artıq onurğalıların məhv olması təhlükə altındadır. Vəhşi heyvanların və yabanı bitkilərin ticarəti üzrə konvensiya katibliyin məlumatına əsasən, indi dünyada hər il mühafizə altında saxlanılan Afrika fillərinin 700 tondan çox sümüyü satılır. Belə qanunsuz ticarət onsuz da sayı kəskin sürətdə azalan fillərin sürətlə qırılmasına səbəb olur. Bu qədər sümüyü əldə etmək üçün minlərlə fil öldürülür. Bundan başqa hər il Afrikada, Braziliyada 2 min timsah dərisi aşılanıb satışa verilir. İndi nadir tapılan quş və heyvanların qiyməti çox bahalaşmışdır. Məsələn, danışan tutuquşunu çox baha, hətta 15 min markaya satırlar. Cənubi Amerikada yaşayan atselatdan hazırlanan manto (buna 10 dəri gedir) 75 min markaya satılır ki, bu da "Mersedes" markalı minik avtomobilinin qiymətinə bərabərdir.
Təbii sərvətlərdən səmərəli istifadə edilməsi, ətraf təbii mühitin mühafizəsi son yüz ildə dünya ictimaiyyətinin həmişə diqqət mərkəzində olmuşdur. Müharibədən sonrakı dövrdə ictimai fikrin təsiri altında bir çox dövlətlər təsirli tədbirlər və qərarlar qəbul etmişlər. Qeyd etmək lazımdır ki, hələ XX əsrin əvvəllərindən bəri təbiətin mühafizəsi xüsusi vacib məsələ kimi qarşıda durur. 1910-cu ildə Qratsda (Avstriya) keçirilmiş VII Beynəlxalq Zoologiya konqresi, 1913-cü ildə Bern şəhərində Təbiətin Beynəlxalq mühafizəsi üzrə çağırılmış konfransı mühüm təcrübi əhəmiyyət daşıyan məsələlərdən başqa, təbii sərvətlərin gələcək nəsil üçün saxlanılmasına, onların mühafizəsinə dair bir sıra vacib vəzifələr irəli sürülmüşdür.
Əsrimizin 60 və 70-ci illərində təbiətin mühafizəsi üzrə dünya ictimai fikir mübadiləsi daha geniş miqyas alır. Dünya ölkələrinin əksəriyyətinin təklifinə və təkidinə görə 1968-ci ildə YUNESKO təşkilatı xətti ilə Paris şəhərində keçirilmiş "Biosferin və onun sərvətlərinin mühafizəsi" üzrə beynəlxalq konfransı, Avropa iqtisadi komissiyasının 1971-ci ildə Praqa şəhərində ətraf mühitin mühafizəsinə həsr olunmuş konqresi və 1972-ci ildə BMT-nin Stokholm şəhərində insanı əhatə edən mühitin mühafizəsinə dair konfransı cəmiyyətin qarşısında təbiətin mühafizəsi sahəsində mühüm vəzifələr qoymuşdur.
70-ci illərdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən istifadə edilməsi üzrə dövlətlərarası beynəlxalq əlaqələr xeyli genişləndirilmişdir. Siyasi, iqtisadi, mədəni, elmi-texniki əməkdaşlıq sahəsində dövlətlərarası əlaqələr təkmilləşir və inkişaf edir. Dövlətlərin, müvafiq beynəlxalq təşkilatların, siyasi, elm xadimlərinin, mütəxəssislərin köməyi ilə təbiət problemləri üzrə elmi cəhətdən əsaslı ölçülüb-biçilmiş tədbirlərin həyata keçirilməsi mühüm məsələ kimi qarşıda durur. Göstərilən müddətdə dəniz və okeanların, atmosferin, bir çox ölkələrdən keçən və ölkələrdaxili tranzit çayların mühafizəsinə dair ciddi qərarlar və təkliflər qəbul edilmişdir. Heyvanlar aləminin, xüsusilə suda yaşayan məməli heyvanların, ağ ayıların, Arktika suitilərinin, bütün köçəri heyvanların, onların yaşayış mühitinin mühafizəsinə dair müvafiq qərarlar qəbul edilir. Təbii mühitin mühafizəsinin təşkili problemində BMT-nin 1972-ci ildə insanı əhatə edən mühitin mühafizəsi üzrə konfransı proqramının fəaliyyətdə olmasının, BMT-nin Baş Məclisinin bir sıra təkliflərinin, məsələn, Avropada təhlükəsizlik və əməkdaşlıq aktı (1975-ci il) qərarlarının həyata keçirilməsinin böyük təsiri olmuşdur.
Dostları ilə paylaş: |