3.Dini və elmi-fəlsəfi dünyagörüşlərin oxşar və fərqli cəhətləri Həm fəlsəfə, həm mifologiya, həm də din dünyagörüşüdür. Hər üçü dünyanı izah etməyə çalışaraq, insanda dünya haqqında müəyyən təsəvvür yaradır. Fərqli cəhət isə bundan ibarətdir ki, əgər mifologiya dünyanı izah edərkən mifik obrazlardan, din isə fövqəltəbii varlıqlardan bəhs edirsə, fəlsəfə onlardan fərqli olaraq, dünyanı izah edərkən gerçəklikdəki real predmet və hadisələrdən, elmlər tərəfindən təsdiq olunan sübut və faktlardan istifadə edir.
Fəlsəfi dünyagörüşünün aşağıdakı tarixi tipləri vardır: kosmosentrizm, teosentrizm və antroposentrizm.
İstər fəlsəfə, istərsə də din insanların şüuruna və davranışına təsir göstərən oxşar problemlərin həllinə səy göstərirlər. Lakin, dünyagörüşün müxtəlif formaları kimi onların aralarındakı fərq də olduqca böyükdür. Belə ki, din kor-koranə inama, etiqada, fəlsəfə isə zəkaya, elmə əsaslanır, öz müddəalarını məntiqi-rasional cəhətdən sübuta yetirir. Fəlsəfədə insanın dünyada yeri və rolu nəzəri cəhətdən aşkarlanır. Xristianlıq və İslam kimi dünya dinlərində dünyagörüşü məsələlərinin qoyuluşu və həlli Allahın adı ilə bağlanır. Fəlsəfədə isə ayrı-ayrı mütəfəkkirlərin düşüncə tərzi, əqidəsi, həyati, mövqeyi, istək və arzuları zamanın tələbinin ifadəsi kimi başlıca amil hesab edilir. Etiqada əsaslanan dindən fərqli olaraq, fəlsəfədə dünyagörüşün intellektual cəhəti ön plana çəkilir, dünyanın və insanın zəka və rasional bilik mövqeyindən anlaşılmasına artan təlabat ifadə olunur
MÖVZU 3. ŞƏRQ ÖLKƏLƏRİNDƏ FƏLSƏFİ FİKRİN YARANMASI VƏ İNKİŞAFI
P L A N 1.Qədim Misir və Babilistanda ilkin elmi biliklərin və fəlsəfi baxışların yaranması 2. Qədim Hindistan və Çində fəlsəfi cərəyanlar
3. Orta əsrlərdə ərəbdilli İslam fəlsəfəsi
Qədim Misir və Babilistanda ilkin elmi biliklərin və fəlsəfi baxışların yaranması
MİSİR. E.ə. IV minillikdə qədim Misir ərazisində mövcud olan quldarlıq quruluşu burada öz inkişafının ən yüksək mərhələsinə çatmışdı. Qulların əməyi ilə dünya mədəniyyətinin inciləri sayılan nəhəng ehramlar, məbədlər, saraylar inşa edilirdi. Bir sıra təbiət elmləri – riyaziyyat, astranomiya, kosmologiya, təbabət və eləcə də fəlsəfə sahəsində ilk addımlar atıldı. Günəş təqvimi yaradıldı, Nil çayının daşmasının və çəkilməsinin səbəbini öyrənmək cəhdi qədim Misirdə astranomiyanın yaranmasına və inkişafına təkan verdi. Əkinçiliyin inkişafı həndəsə elminin, binaların tikilməsi və suvarma kanallarının çəkilməsi riyaziyyatın və mexanika elminin yaranmasına və inkişafına səbəb oldu.
Qədim Misirdə fəlsəfi fikrin meydana gəlməsi bir tərəfdən bu elmlərin inkişafı ilə, digər tərəfdən isə dünyaya mifoloji baxışla bağlı idi. Fəlsəfi fikirlər öz başlanğıcını şifahi xalq yaradıcılığı olan miflərdən, əfsanələrdən, nağıllardan, nəsihətlərdən götürürdü. Qədim Misirdə ilkin fəlsəfi əsərlər aşağıdakılar olmuşdur:
İsida və Osiris
Arfaçının nəğməsi
Ölümün tərənnümü
BABİLİSTAN.Şumer-Akkad mədəniyyəti e.ə.IV minillikdə Dəclə və Fərat çaylarının arasında yerləşən ərazidə yaranmışdır. Buna görə ona İkiçayarası da deyirlər. Qədim Babilistanda elm daha çox inkişaf etmişdir. Bunu bizim dövrümüzədək gəlib çatan gil lövhələr də sübut edir. Burada riyaziyyata aid vurma cədvəli, kvadrat tənliklər, kəsrlər, kvadrat, kub köklərinin çıxarılması və s. vardır. Şumerlər cəbrin və həndəsənin əsasını qoymuşlar. Sonralar “Pifoqor” teoremi məhz bunun əsasında yaranmışdır. Şumerlər onluq və altı onluq sistemini yaratdılar. Bu günədək bütün dünya ondan istifadə edir (1 saat = 60 dəqiqə, 1 dəqiqə = 60 saniyə). Dünyada birinci olaraq ulduzlu səmanın ilk xəritəsini tərtib etmiş Babilistan astranomu Seleveka dünyanın heliosentrik quruluşu haqqında fikirlər söyləmişdir.
Babilistanda təbabət yüksək inkişaf etmişdir. Bütün bu elmlərin yaranması və inkişafı nəticəsində ətraf aləmə dini-mifoloji baxış məntiqi olaraq öz yerini fəlsəfəyə verməli idi. Şumer mədəniyyətinin ilkin fəlsəfi nümumələri bunlardır:
“Enmerkar və Aratta hökmdarı”. Bu dastanda tarixdə ilk dəfə olaraq siyasi konsensus (münaqişələrin sülh yolu ilə həlli) təklifi verilir.
“Müdrik Axikar haqqında”. Bu əsərdə etik normalara aid 100-dən çox nəsihət verilir.
“Nippurlu yoxsulun nağılı” hekayətində cəmiyyətin sosial quruluşundan, onun təbəqələşməsi nəticəsində varlı və yoxsulların əmələ gəlməsindən söz açılır.
“Ağanın qul ilə söhbəti” əsərində isə əsas mövzu insan həyatının mənası ətrafında gedir.
“Bilqamış haqqında dastan” 4 dildə şumer, akkad, hurrit və het dillərində 3500 il bundan əvvəl, gil lövhələr üzərində yazılmış və dövrümüzə gəlib çatmışdır. Dastanda söhbət allahlarla mübarizədən və ölməzlikdən gedir.