a) firmanın maliyyə-iqtisadi vəziyyətinin təhlili;
b) uçot və vergi siyasətinin müəyyən edilməsi;
c) firmanın kredit siyasətinin işlənib hazırlanması;
ç) dövriyyə vəsaitlərinin idarə olunması;
d) istehsal xərclərinin idarə edilməsi, o cümlədən amortizasiya siyasətinin seçilməsi;
e) mənfəətin bölgüsü və istifadəsi (yaxud divident) siyasətinin seçilməsi.
Firmanın iqtisadi inkişafını iki baxımdan – həm firmanın əmlak, həm də onun maliyyə vəziyyəti mövqeyindən – xarakterizə etmək olar. Təsərrüfat fəaliyyətinin qeyd edilən tərəfləri sıx qarşılıqlı əlaqəlidir – əmlakın qeyri-səmərəli strukturu, onun keyfiyyətsiz tərkibi firmanın maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxarır və əksinə. Buna görə firmanın maliyyə siyasətinin işlənməsinə onun maliyyəiqt vəziyyətinin təhlili və qiymətləndirilməsindən başlanır. Belə təhlil və qiymətləndirmə isə firmanın əmlak və maliyyə vəziyyətini əks etdirən bir sıra göstəricilərin köməyi ilə həyata keçirilir.
Firmanın əmlak vəziyyətini qiymətləndirmək üçün firmanın sərəncamında olan əsas fondların dəyəri, əsas fondların aktiv hissəsinin payı, əsas fondların köhnəlmə (aşınma), yeniləşmə, sıradan çıxma əmsalları və s. bu kimi göstəricilərdən istifadə edilir.
Firmanın maliyyə vəziyyətinin sabitliyi maliyyə resurslarının aktivlərə (əsas və dövriyyə vəsaitlərinə) məqsədəuyğun və düzgün qoyuluşundan əhəmiyyətli dərəcədə asılıdır. Aktivlər isə təbiət etibarilə dinamikdir, yəni firmanın fəaliyyət prosesində həm aktivlərin miqdarı (həcmi), həm də onların strukturu daim dəyişikliklərə məruz qalır.
Uzunmüddətli perspektiv baxımından firmanın maliyyə vəziyyəti vəsaitlərin mənbələrinin strukturu, firmanın kənar investorlardan və kreditorlardan asılılıq dərəcəsi və s. ilə xarakterizə olunur. Firmanın xüsusi və cəlb edilmiş vəsaitləri arasındakı nisbət üçün qəbul olunmuş vahid normativ yoxdur. Lakin belə bir geniş yayılmış fikir var ki, firmanın xüsusi vəsaitlərinin payı 60% və ya ondan bir qədər çox olmalıdır.
İstehsal vəsaitləri, kapital və əmək bazarının formalaşması, çoxukladlı iqtisadiyyat və bazar qiymət yaratma sisteminin inkişafı ilə əlaqədar olaraq firmada maliyyənin idarə edilməsi mexanizmi tamamilə dəyişir. Maliyyə resurslarının idarə edilməsinin bazar iqtisadiyyatına adekvat metodlarla aparılması firmada maliyyə menecmenti çərçivəsində həyata keçirilir. Maliyyə menecmenti firmada təsərrüfat fəaliyyəti prosesində taktiki və strateji məqsədlərə nail olmaq üçün meydana çıxan pul axınlarının hərəkətinin səmərəli idarəetmə sistemidir. Maliyyə menecmenti sistemi idarə edilən (idarəetmə obyekti) və idarəedici (idarəetmə subyekti) altsistemlərdən ibarətdir. İdarəetmə obyekti firmada pul dövriyyəsi formasında maliyyə resursları olub, onlar daim daxilolma və ödənilmə üzrə pul axınını təşkil edir. İdarəetmə subyekti isə firmada maliyyə menecmentinin strategiya və taktikasını müəyyən edən və realizə edən maliyyə xidmətidir. Onun əsas məqsədi firmanın likvidliyi və ödəmə qabiliyyətini artırmaqdır.
Mənfəət dinamik inkişaf edən hər bir firmanın başlıca vəsait mənbəyi hesab olunur. Büdcəyə vergilər və digər ödənişləri keçirdikdən sonra xalis mənfəət firmanın sərəncamında qalır. Mənfəətin istifadə olunması (bölüşdürülməsi) qaydaları firmanın Nizamnaməsində göstərilməlidir. Mənfəətin müəyyən hissəsi payçılar arasında bölüşdürülə, divident kimi səhmdarlara verilə, yaxud başqa firmada mülkiyyətçi tərəfindən götürülə bilər. Xüsusi vəsait mənbəyi kimi mənfəətin yalnız bölüşdürülməyən hissəsi, mənfəət hesabına yaradılmış fondlar və ehtiyatlar hesab olunur.
İstər amortizasiya ayırmaları, istərsə də mənfəət firmanın xüsusi maliyyə resurslarıdır.
Mənfəət – firmanın ehtiyat fondunun yaradılmasının başlıca mənbəyidir. Ehtiyat fondunun vəsaiti gözlənilməz itkiləri və təsərrüfat fəaliyyətinin mümkün zərərlərini ödəmək üçün yaradılır, yəni təbiət etibarilə sığorta xarakteri daşıyır.
Firmanın xüsusi vəsait mənbəyi kimi əlavə kapital, bir qayda olaraq, əsas vəsaitlərin və digər material qiymətlilərinin (maddi vəsaitlərin) yenidən qiymətləndirilməsi nəticəsində əmələ gəlir. Onun istehlak məqsədlərinə istifadəsi hüquqi-normativ sənədlərlə qadağan edilir.