Qaraciyər sancısı və ilk yardım. Qaraciyər koması – qaraciyər parenximasının zədələnməsi nəticəsində, qaraciyər sirrozunun son mərhələlərində distrofiya zamanı, habelə fosfor, qurğuşun, bəzi göbələklərlə zəhərlənmələr zamanı rast gəlinir.
Qaraciyər koması – sarılıq, burun qanaxması, mədə-bağırsaq qanaxması, dəriyə və birləşdirici toxumaya qansızma müşahidə olunur. Sonra xəstə şüursuz vəziyyətə düşür.
Müalicə dərhal başlanmalıdır. Dəri altına 10 vahid insulin və vena daxilinə 20-30 ml 40% qlükoza yeridilir. 5%-li qlükoza məhlulundan 250-300 ml dəri altına təkrarən vurulur.
Ürək əzələsini möhkəmləndirmək məqsədilə kofein, kordiamin, sancılar zamanı isə dəri altına atropinlə birlikdə morfi, pantapon yeridilir. Bunlar öd kisəsinin, qaraciyər sancısının spazmını aradan qaldırır.
Şəkərli diabet. Şəkərli diabet endokrin sisteminin ən çox yayılmış xəstəliklərindəndir. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə dünya əhalisinin 2-4%-ə qədəri şəkərli diabetlə xəstədir.
Etioloji amillər içərisində ən mühüm yeri irsiyyət tutur. Uzun müddət davam edən sinir-psixi gərginlik, infeksiya, piylənmə də amil hesab olunur.
İnsulinin nisbi və ya mütləq çatmamazlığı xəstəliyin patogenezində əsas rol oynayır. İnsulinin çatmamazlığı nəticəsində əvvəl karbohidrat, sonra zülal, yağ, su-duz mübadiləsi pozulur ki, bu xəstəliyə xas olan kliniki əlamətlərin inkişafına səbəb olur. İnsulin çatmamazlığını törədən səbəblər çoxdur, yəni xəstəlik polietiolojidir, buna görə də radikal müalicəsi çətindir.
Şəkərli diabetin əsası orqanizmin şəkəri toplama və yandırma prosesinin itməsindən ibarətdir. Bu da istifadə olunmamış şəkərin qanda çoxalmasına- hiperqlikemiyaya, sidikdə ifraz olunmasına – qlükozuriyaya səbəb olur.
Klinikası – xəstəlik tədricən başlayır, getdikcə ağırlaşır. Xəstəliyin əsas simptomları şiddətli dərəcədə susuzluq, yəni yanğı hissiyyatı, çoxlu sidik ifrazı, çox yemək, arıqlamaq, ağızda quruluq, getdikcə artan zəiflikdir. Xəstəlik baş verdikdən bir neçə həftə sonra 10-20 kq arıqlayırlar. Belə xəstələrin dərisi quru, qırışmış olub, kəpəklənir, dəri qaşınır və eyni zamanda müxtəlif irinli xəstəliklər – karbunkul, furunkul baş verir.
Ürək-damar sistemi tərəfindən tac damarlarının artan aterosklerozu damarların daralması və tutulmasına səbəb olur, nəticədə miokardın distrofiyası və infarktı inkişaf edir.
Qaraciyərin sirrozu inkişaf edir, dalaq böyüyür, gözlərdə çox vaxt kataraktalar əmələ gəlir. Xəstələr baş ağrısından, baş gicəllənməsindən, hissiyyatın pozulmasından şikayət edirlər.
Klinik gedişinə görə xəstəliyin üç ağırlıq dərəcəsi olur:
1. Yüngül forma – qanda şəkərin səviyyəsi 10 mmol-l –dən yuxarı olmur, ancaq pəhrizlə müalicə aparılır.
Orta ağır forma – qanda şəkərin miqdarı 10 mmol-l-dən 14 mmol-l-dək qalxır və pəhrizlə yanaşı sulfanilamid preparatlarından və 60 vahid insulindən istifadə olunur.
3. Ağır formada qanda şəkərin miqdarı 14 mmol-l-dən artıq olur və əksər hallarda xəstəliyin müxtəlif ağırlaşmaları olur.
Koma. Koma (yunanca koma – dərin yuxu) – mərkəzi sinir sistemində kəskin ləngimə nəticəsində huşun itməsi, reflektor fəaliyyətin pozulması, həmçinin tənəffüs, qan dövranı və maddələr mübadiləsində dərin pozulmalarla xarakterizə edilən ağır patoloji haldır. Komanın müxtəlif növlərinin öz etiologiyası və patogenezi vardır. Lakin onların hamısının inkişafında beyin qabığının, qabıqaltı nüvələrin və beyin kötüyünün funksiyalarının pozulması, xüsusən torabənzər törəmənin beyin qabığına fəallaşdırıcı təsirinin zəifləməsi başlıca rol oynayır ki, bunun da nəticəsində xəstə huşunu itirir. Komatoz vəziyyətlərə endokrin vəzilərin, qaraciyərin, böyrəklərin patologiyası, eləcə də bəzi zəhərlənmələr zamanı maddələr mübadiləsinin ağır pozulması səbəb olur. Bunların patogenezi və klinik əlamətləri etioloji amildən çox asılıdır.