Yataq yaraları Ağır üzücü xəstəliklərdən əziyyət çəkib, uzun müddət arxası üstə uzanmağa məcbur olan xəstələrdə çox zaman yataq yaraları əmələ gəlir.
Yataq yaraları dəri səthlərinin və yumşaq toxumaların nekrozudur, uzunmüddətli sıxılması, yerli qan dövranının və sinir sisteminin trofik funksiyasının (toxumalarda mübadilə prosesinin tənzim edən) pozulması zamanı müşahidə olunur.
Yataq yaralarının çox əmələ gəldiyi yerlər oma nahiyyəsi, daha seyrək hallarda kürəklər, dirsəklər, dabanlar, ənsə nahiyyəsidir. Əgər xəstə böyrü üstə uzanıbsa, yataq yaraları çanaq-bud oynağının nahiyyəsində, üzü aşağı vəziyyətdə isə diz oynağı nahiyyəsində yerləşir.
Xəstələrə pis qulluq yataq yaralarının əmələ gəlməsi üçün şərait yaradır. Bu əziyyətli ağırlaşmanın əmələ gəlməsinə çox vaxt aşağıdakılar səbəb olur: 1) narahat, nahamar bərk yataq; bundan əlavə belə yataq gec-gec yığışdırılır və buna görə mələfələrdə yemək qırıntıları və büküşlər qalır;
2) mələfələrin və köynəklərin zolaqları;
3) xəstələrin dəyişəcəkləri gec-gec dəyişdirildikdə, müntəzəm olaraq yuyulmadığına görə sidik və nəcis ilə dərinin çirklənməsi nəticəsində dərinin maserasiyası (dərinin soyulması).
Yatağı yığışdırdıqda yataq yaraları daha tez-tez əmələ gələn yerlərə xüsusi diqqət yetirərək, xəstənin bədənini nəzərdən keçirmək lazımdır.
Yataq yaraların əmələ gəlməsinin qarşısını almaq üçün hər şeydən əvvəl onları törədən səbəbləri aradan qaldırmaq lazımdır: 1) yatağı səliqəyə salmaq; 2) xəstənin dərisinin təmizliyinə nəzarət etmək; 3) ağır xəstələrin kürək və omasının dərisini müntəzəm təmizləməkdən əlavə, sutkada 1-2 dəfə kamfora spirti ilə silmək; 4) dəriyə təzyiqi kənar etmək üçün yataq yaraları əmələ gələ biləcək yerlərin altına əski və yaxud balış üzünə bürünmüş rezin dairələr qoymaq: dairəni elə qoyurlar ki, oma onun deşiyi üzərinə düşsün; 5) sutka ərzində xəstənin gah bir, gah o biri, gah da arxası üstə çevirmək və ona bədənin vəziyyətini dəyişdirməkdə kömək etmək.
Adətən, yataq yaraları əmələ gələ bilən yerlərdə dəri qızardıqda yuxarıda sayılan bütün profilaktik tədbirləri gücləndirmək və müalicəyə başlamaq lazımdır. Başlayan yataq yarasına sutkada 1-2 dəfə 5% və ya 10%-li kalium-permanqanat (marqanets) məhlulu sürtürlər. Yataq yaraları ilə gətirilən xəstələrin yerli və ümumi müalicə tətbiq olunmaqla xüsusi müalicəyə ehtiyacları vardır.