Dərmanların parenteral yeridilməsi Dərmanların parenteral ( həzm yollarına düşmədən) yeridilməsi inyeksiya (iynə ilə yeritmək) vasitəsi ilə həyata keçirilir:
1) dəri daxilinə; 2) dəri altına; 3) əzələ daxilinə; 4) vena daxilinə; 5) arteriya daxilinə; 6) qarın və plevra boşluqlarına; 7) ürəyə; 8) döş sümüyü iliyinə; 9) onurğa beyni kanalına; 10) hər hansı xəstə ocağa.
Dərmanın tez və dəqiq dozada yeridilməsi bu üsulun əsas və yaxşı cəhətlərindən biridir( dərman dəyişikliyə uğramadan bilavasitə qana keçir). İnyeksiyanı şpris və iynə ilə edirlər. Şpris mayeni yeritmək və sormaq üçün sadə nasosdur. Şprisin əsas hissələri: iki deşiyi olan içiboş silindr (böyük deşik porşen, kiçik deşik isə konusvari olub, iynə taxmaq üçündür) və oxlu porşen, habelə dəstəkdən ibarətdir. Silindrin üzərində bölgülər vardır. Porşen silindrin divarlarına kip toxunaraq, onda sərbəst hərəkət etməlidir.
Şprisin aşağıdakı növləri vardır: “Rekord”, “Lu Lyuer”, kombinə olunmuş şpris, birdəfə vurulan şpris.
İnyeksiya iynələri bir başı çəp kəsilmiş, digər başında şprisin konusuna taxmaq üçün kanula, yaxud muftası olan metal borucuqdan ibarətdir. İynələr xrom-nikelli poladdan hazırlanıb.
İnyeksiyaların növləri Dəri daxilinə inyeksiya – ən səthi inyeksiya sayılır. Dəri daxilinə inyeksiyaları diaqnostika məqsədi ilə ( vərəmi Mantu sınağı, brüsellozu – burne sınağı) dərmana həssaslığı müəyyən etmək və yerli anesteziya (keyitmə) üçün tətbiq edirlər.
Diaqnostika məqsədi ilə yeridilən mayenin miqdarı 0,01-1 ml-dir. İynənin uzunluğu 15 mm, en kəsiyi - 0,4 mm. İynənin 40-45 olan ən nazik və qısa iynə və bir qramlıq yaxşı kip şpris götürülür. Diaqnostik allergiya sınaqları və dərmanlara həssaslığı müəyyən etmək üçün sınağa saidin içəri səthinin dərisinə edirlər. İnyeksiya yerini spirtlə silir və dəri quruyana qədər bir az gözləyirlər. İynənin kəsiyini yuxarı və iti bucaq altında, demək olar ki, dəriyə parallel vəziyyətdə saxlayaraq, ucunu azca dəriyə elə batırırlar ki, onun yalnız deşiyi dəriyə verir və təyin olunmuş miqdarda maye yeridilir.
Dəri altına inyeksiya – daha dərin inyeksiyadır. Onun dərinliyi 15 mm-dir. İynənin uzunluğu 20 mm, en kəsiyi 0,4 mm. Dərialtı inyeksiya çox vaxt bazunun və budun xarici səthinə, nadir hallarda kürək və qarın nahiyyələrinə vurulur. Sol əllə inyeksiya yerində dərini büküb tuturlar və iti hərəkətlə 45 bucaq altında iynəni kəsik yeri ilə yuxarı tutaraq iynəni 15 mm dərinliyə onun əsasına yeridirlər.
Əzələ daxilinə inyeksiya – Əzələ daxilinə o dərmanları yeridirlər ki, onlar dəri altına vurulduqda ya güclü qıcıqlanma verir (akrixin məhlulları, maqnezium-sulfat, müalicə), yaxud yavaş sorulur( biyoxinol, bitsillin). Əzələ daxilinə inyeksiya üçün lazımi dərəcədə enli deşiyi 0,8-1 mm, uzunluğu 6-8 sm olan iynə götürülür. Əzələ daxilinə inyeksiyanı sarğı nahiyyəsinə edirlər. Sarğı əzələsi dörd kvadrata bölünür və iynə yuxarı xarici kvadrat nahiyyəsinə 90 bucaq altında vurulur.
Vena daxilinə inyeksiya – çox vaxt təxirəsalınmaz yardımın göstərilməsi zamanı tətbiq olunur. Vena daxilinə inyeksiyalar dirsək nahiyyəsinin venasına, bəzi hallarda said nahiyyəsinin, əlin xırda venalarına, uşaqlarda isə gicgah venalarına vurulur. Vena daxilinə inyeksiyanı vuran zaman mütləq aşağıdakıları yadda saxlamaq lazımdır ki, o, birbaşa qana keçir və aseptika qaydaları pozulduqda, dərmanın dozası normadan artıq olduqda, venaya havanın və yağlı məhlulun düşməsi ölümlə nəticələnə bilər.
İynənin uzunluğu 40 mm, en kəsiyi isə 0,8 mm olmalıdır. Xəstə uzanmış və ya oturmuş olur. Xəstənin dirsək nahiyyəsinin altına yastıq qoyulur (ətrafın dirsək nahiyyəsində maksimal açılma üçün). Bazu nahiyyəsinin orta hissəsinə köynəyin və salfetin üstündən rezin turns qoyulur, lakin nəbz vurğuları mil arteriyasında dəyişməməlidir. Xəstədən bir neçə dəfə barmaqları yumub-açmaq təklif olunur. Bunun nəticəsində qan durğunluğu əmələ gəlir, vena qabarır. Spirtlə isladılmış pambıqla venanı periferiyadan mərkəzə doğru silmək. Şprisi əlimizə götürürkən şəhadət barmağımız iynənin konyulyasını, ya muftasını fiksə edir, qalan barmaqlar isə şprisin silindrini əhatə edir. Şprisdən hava köpükləri çıxardılır. Sol əlimizlə dirsək nahiyyəsində dəri periferiya tərəf dartılır, vena fiksə olunur. Əlimizdə şprisin vəziyyətini dəyişmədən, iynəni kəsik yeri yuxarı tutaraq, dəri səthlərinə paralel dərini deşirik və iynənin 1/3 hissəsini asta-asta yeridirik, belə ki, o venaya paralel olsun. Sol əlimizlə venanı fiksə etməyə davam edirik, bir az iynənin istiqamətini dəyişərək, hiss etmək lazımdır ki, iynə boşluğa düşüb. İynənin vena daxilində olmasına əmin olduqdan sonra şprisin porşenini öz üstümüzə dartırıq və əgər şprisdə bu vaxt qan görünürsə, deməli, biz venaya düşmüşük. Sol əlimizlə turnanı açırıq, xəstədən ovcunu açmağı xahiş edirik. Əlimizdə şprisin vəziyyətini dəyişmədən sol əlimizlə porşenə basaraq yavaş-yavaş dərman mayesini yeridirik, axıradək yox. Şprisin içində 1-2 ml dərman mayesi qalır. İnyeksiyanın yerinə spirtlə isladılmış pambığı sıxaraq, iynəni venadan çıxarırıq. Xəstədən xahiş edirik ki, o, qolunu dirsək oynağında 5 dəqiqə müddətinə büksün.