2.2. REKLAMIN MARKETİNQ TƏSNİFATI VƏ FORMALARI. Reklamın marketinq mahiyyətini daha dərindən dərk etmək, onun formalarını seçmək, büdcəsini müəyyənləşdirmək, planlaşdırılmasını həyata keçirmək üçün ilk növbədə bir sıra suallara, o cümlədən, reklamdan kim istifadə edir, hansı auditoriya əhatə olunmalıdır, reklam yayımı hansı vasitələrlə həyata keçirilməlidir, əsas məqsəd nədən ibarətdir və s. bu kimi suallara cavab verilməli, onun forması müəyyənləşdirilməlidir. Bu sualların həlli, reklamın qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi ilk növbədə reklamın marketinq baxımından təsnifləşdirilməsini tələb edir.
Reklamın marketinq təsnifatı reklamın kimin adından verilməsi üzrə növlərə ayrılmasını, bu zaman hər bir reklam növünün əhatə etdiyi auditoriyaya görə, hansı reklam vasitəsilə yayılmasına görə hansı əsas məqsəd üçün verilməsinə görə daha xırda, xüsusi növlərə ayrılmasını özündə birləşdirir. Reklamın marketinq təsnifatı müəyyənləşdirilərkən və müəssisənin qarşısında qoyulan məqsəddən asılı olaraq hər hansı bir reklam növü seçilərkən həmin reklam növü üçün ən səmərəli yayım forması seçilir və tətbiq edilir.
Reklamın marketinq təsnifatı reklam fəaliyyətinin həyata keçirilməsində mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir. Reklam aşağıdakı növlərə bölünür:
istehsalçıların adından reklam;
topdan və pərakəndə ticarətçilər tərəfindən verilən reklam;
fərdi şəxslər adından reklam;
hökumət, ictimai təşkilatlar və qruplar adından verilən reklam.
Reklamın bu növlərini ayrı-ayrılıqda nəzərdən keçirək:
1.İstehsalçılar adından verilən reklam. Bu reklam növü:
a) Əhatə etdiyi auditoriyaya görə:
fərdi istehlakçıya;
topdan və pərakəndə ticarətçiyə;
hökumətə, ictimai təşkilatlara və qruplara, firmanın öz işçilərinə və qulluqçularına;
digər istehlakçılara yönəldilir.
b). Hansı reklam vasitəsilə yayılmasına görə:
radio, televiziya, curnallar, qəzetlər, birbaşa poçt reklamı, malların üzərində reklam, nəqliyyat vasitələrində reklam və s. bu kimi növlərə bölünür;
v). Hansı əsas məqsəd üçün verilməsinə görə:
konkret məhsula tələbin formalaşdırılması;
topdan və pərakəndə ticarətçilərin həvəsləndirilməsi, öz müştəriləri üçün malların təbliğ edilməsi;
«Pablik rileysnz» sahəsində əsas istehlakçı kütləsi ilə xoş münasibətin yaradılması;
konkret məhsula mütəxəssislərin tələbinin yaradılması və həvəsləndirilməsi.