Kütləvi istehsal tipində müəssisə məhdud və daima təkrarlanan nomenklaturada məhsul istehsalını həyata keçirir. Bu zaman ixtisaslaşdırılmış maşın və avadanlıqlardan, texnoloji alət və tərtibatlardan geniş istifadə olunur, fəhlələrin ixtisaslaşma dərəcəsi yüksəlir, konkret iş yerinə konkret məmulat təhkim edilir, maşın və avadanlıqlar sex və istehsal sahələrində məhsulun hazırlanması texnologiyasına (texnoloji ardıcıllığa) uyğun yerləşdirilir və s.
Seriyalı istehsal şəraitində müəssisə nisbətən geniş nomenklaturada məhsul istehsal edir və həmin məmulatların hazırlanması prosesi müəyyən vaxtdan bir təkrarlanır. Bu baxımdan seriya dedikdə, müəyyən dövrlərdən bir təkrarlanan eyni konstruksiyalı və təyinatlı məmulatların hazırlanması nəzərdə tutulur. Seriyalı istehsal şəraitində eyni bir iş yerində müxtəlif əməliyyatlar yerinə yetirilir və onlar vaxtaşırı təkrarlanır. Odur ki, dəstədəki hissələrin optimal kəmiyyətini müəyyən-ləşdirməklə texnoloji avadanlıqların tez –tez yenidən sazlanmasına sərf olunan vaxt azalır, onlardan istifadə yaxşılaşır, əmək məhsuldarlığı yüksəlir, istehsal olunan hazır məhsulun maya dəyəri aşağı düşür və onun keyfiyyət parametri yaxşılaşır.
Ümumi formada seriyalıq əmsalı iri seriyalı istehsal üçün 1-10-a, orta seriyalı istehsal üçün 11-20-yə və kiçik seriyalı istehsal üçün isə 21-40-a bərabər qəbul edilmişdir.
Fərdi istehsal şəraitində geniş nomenklaturalı və çeşidli məhsullar istehsal edilir və onların hazırlanması əksər hallarda təkrarlanmır. İstehsalın təşkilinin bu tipində istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsi istehsalın təşkilinin digər tipləri ilə müqayisədə aşağıdır, texnoloji avadanlıqlar istehsal sahələrində və ya sexlərdə qrup şəklində yerləşdirilir.
b) İstehsal tsiklinin xarakteri
İstehsalın təşkili səviyyəsini xarakterizə edən ən mühüm göstəricilərdən biri istehsalın tsikli (istehsal dövrünün uzunluğu) hesab olunur. Başqa sözlə, istehsalın təşkilinin ayrı – ayrı tipləri istehsal tsiklinin xarakterik xüsusiyyətləri ilə səciyyələnir. İstehsal tsikli dedikdə – mikrologistik sistem çərçivəsində konkret məhsul istehsalı zamanı xammal, material və yarımfabrikatların istehsala jəlb edilməsi müddəti ilə hazır məhsulu alınmasına qədər olan müddət arasında vaxt intervalı nəzərdə tutulur. Daha doğrusu, istehsal tsikli konkret məhsul istehsalı prosesinin başlanğıc və son anları arasındakı müddətdən ibarətdir. Bu vaxt nə qədər qısa olarsa təbii ki, istehsal müəssisəsinin (sexin, istehsal sahəsinin, ayrı - ayrı iş yerlərinin) növbə, gün, ay və il ərzində məhsul istehsal etmək imkanı bir o qədər çox olacaqdır. İstehsal tsiklinin uzunluğu təqvim günlərinin sayı ilə (uzun olmayan istehsal prosesləri üçün isə saat, dəqiqə və saniyə ilə) ölçülür.
Təsərrüfat subyektləri üçün istehsalın tsiklinin uzunluğunun müəyyənləşdirilməsi hər şeydən əvvəl:
müəssisənin və onun istehsal bölmələrinin əsas fəaliyyətləri üzrə sifarişlərin (tapşırıqların ) təyin edilməsinə;
məhsul və onun tərkibinə daxil olan hissələrin istehsalına başlanması və istehsalının qurtarması müddətinin uçotunun aparılmasına;
məhsulun istehsalı üçün əsas istehsal fondlarına (əsas və dövriyyə fondlarına) tələbatın hesablanmasına;
müəssisənin istehsal- təsərrüfat fəaliyyətini xarakterizə edən digər göstəricilərin işlənib hazırlanmasına şərait yaradır.
İstehsal tsiklinin qısaldılması, bütün başqa bərabər şərtlər daxilində müəssisənin məhsul buraxılışı imkanlarının artmasına, fondveriminin və əmək məhsuldarlığının yüksəldilməsinə, dövriyyə vəsaitlərinə tələbatın azaldılmasına və məhsulun maya dəyərinin aşağı salınmasına səbəb olur. Bunlarda nəticə etibarı ilə istehsalçı müəssisənin mənfəətinin artırılmasına və rentabellik səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır.
İstehsal tsiklini iki hissəyə - iş vaxtı və fasilələr vaxtına ayırırlar. Öz növbəsində iş vaxtı – əsas texnoloji əməliyyatların icrasına, xammal, material və hazır məhsulların nəql
edilməsinə, nəzarət əməliyyatlarının yerinə yetirilməsinə və eləcə də hazır məhsulun komplektləşdirilməsinə sərf olunan vaxtlarından təşkil olunur.
Dostları ilə paylaş: |