Mövzu 4: Fövqaladə halların (hadisələrin) təsnifatı və onların xarakteristikası.
Mühazirənin planı. 1. Təbii mənşəli fövqaladə hadisələr.
2. FH-rın baş vermə səbəbləri və onların nəticələri
3. AR-nın ərazisi üçün səciyyəvi olan fövqaladə hadisələr.
4. Respublikamızın ərazisi üçün səciyyəvi olan epidemiya, epizootiya və epifitotiya mənbələri.
5. Texnogen mənşəli fövqaladə hadisələr
1. Təbii mənşəli fövqaladə hadisələr İnsanın təbiətə kəskin müdaxiləsi, bu müdaxilənin miqyasının genişliyi və müxtəlifliyi bəşəriyyət üçün qlobal təhlükələrlə nəticələnə bilər. Planetimizin müxtəlif guşələrində hər an FH yaranır və bunlar KİV-ri ilə bizə növbəti faciə, təbii fəlakət, qəza, hərbi münaqişə və terror aktı kimi çatdırılır. FH-rın sayı ildən-ilə durmadan artır.
FH - texnogen qəzalar, təbii fəlakətlər, habelə müasir qırğın vasitələrinin insan tələfatına, xeyli maddi itkilərə, ətraf mühitə zərər vurmasına səbəb olan yaxud ola biləcək və əhalinin normal həyat fəaliyyətini pozan hadisələrdir. Ehtimal olunan bütün FH münaqişəli və münaqişəsiz olur.
Münaqişəli FH-ra - toqquşmalar, siyasi mübarizə, sosial partlayışlar, milli və dini qarşıdurmalar, terror, cinayətkarlıq və s. bu kimi hadisələr aid edilir.
Münaqişəsiz FH – 3 əsas əlamətinə görə səciyyələnir:
İnzibati mənsubiyyətinə görə - xalq təsərrüfatının hər hansı bir sahəsində baş verən fövqaladə hal;
Ehtimal olunan fəsadların miqyasına görə - burada əsas əhəmiyyət daşıyan hadisələrin miqyası, dəymiş ziyan və nəticələrin ləğv edilməsinə cəlb olunan qüvvə və vəsaitlərin miqdarıdır.
Azərbaycan Respublikası ərazisində 4 növ FH-ın baş verməsi mümkündür – texnogen, təbii, ekoloji və sosial-siyasi mənşəli hadisələr.
Məlumdur ki, FH hər hansı bir sahədə baş verən texnogen, texnogen-təbii, təbii mənşəli elə hadisədir ki, o əhalinin və istehsalatın uzun illər boyu həyat fəaliyyətlərində vərdiş etdiyi hadisə və proseslərin normal parametrlərinin pozulmasına səbəb olur. FH insanların həyat fəaliyyətinə, iqtisadiyyatın işinə, sosial sahəyə və təbii mühitə xeyli mənfi təsir göstərir.
FH təsir dairəsinə və nəticələrinin ağırlığı üzrə də xarakterizə edilir. Təsir dairəsinə görə:
Lokal – hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənara yayılmır;
Obyekt – sənaye obyektində, bina və qurğu hüdudlarında məhdudlaşır;
Yerli – hadisələr ancaq yaşayış məntəqəsinin, yalnız bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir;
Regional – bir neçə sənaye və kənd təsərrüfatı rayonlarını, bütövlükdə şəhəri və onun ətrafını əhatə edir;
Milli – respublikanın xeyli ərazisini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrdir;
Qlobal – bir ölkənin ərazisində məhdudlaşmır, qonşu dövlətlərin də ərazisində yayılır.
Ağırlıq dərəcəsinə görə isə FH aşağıdakı kimi təsnif olunur: I dərəcəli ağır FH - demək olar ki, xüsusi narahatlıq doğurmur, onlardan bəziləri, məsələn, iri şəhərlərin küçələrindən axan qısa müddətli leysan suları maraqlı bir epizod kimi yadda qalır.
II dərəcəli xüsusən ağır FH - əhalinin əksəriyyətində bəd hadisə hesab edilməklə narahatlıq, əsəbilik və s. kimi hisslərlə yadda qalır.
III dərəcəli katastrofik FH – sözün əsl mənasında fəlakətdir, belə hadisələr sosial psixoloji vəziyyəti xeyli dərəcədə dəyişən köçkünlər axını yarada bilər.
IV dərəcəli böhranlı FH – ümumi ümidsizlik və həyat dəyərləri haqqında təsəvvürlərin prinsipial surətdə dəyişməsinə, sosial çaxnaşmalara səbəb ola bilər.
V dərəcəli əvəzolunmaz itkili FH – salamat qalmış insanların (köçkünlərin) onların həyatını pozmuş hadisə kimi yaddaşlarına həkk olunur.
Təbii xarakterli FH zəlzələ, vulkan püskürməsi, torpaq sürüşməsi, sellər, qar uçqunları, qasırğalar, fırtınalar, qar fırtınaları, tornado, daşqınlar, leysan yağışları, sunami, meşə, torf və çöl yanğınları, epidemiyalar, epizootiyalar, epifitotiyalar, planetlərin paradı, meteoritlərin düşməsi, günəşdə partlayışlar və s. aiddir.
Texnogen xarakterli FH-a kimyəvi təhlükəli obyektlərdə, radiasiya təhlükəli obyektlərdə, yanğın və partlayış təhlükəli obyektlərdə, hidrodinamik təhlükəli obyektlərdə, komunal enerji şəbəkələrində və nəqliyyat qəzaları və s. aiddir.
Ekoloji xarakterli FH-a yerin vəziyyətinin dəyişməsi ilə əlaqədar FH, atmosferin tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar FH, hidrosferin dəyişilməsi heyvanların kütləvi halda məhv olması, bitki örtüyünün məhv olması və s. aiddir.
Sosial-siyasi xarakterli FH - sosial-mədəni, peşə, dini, mülkiyyət, ərazi qohumluq, yaş həddi və digər əlamətlər üzrə, siyasi xarakterli, millətlərarası münaqişələr, narkotik maddə ticarəti, mütəşəkkil cinayətkarlıq, dövlət böhranı, informasiya və digər əlamətlər üzrə FH-lar aiddir.