Daşqın və ərazini subasma hadisələri çaylarda, göllərdə, dənizdə su səviyyəsinin xeyli yüksəlməsi nəticəsində baş verir. Bunun əsas səbəbləri qarın surətlə əriməsindən, uzunmüddətli leysan yağışlarından ibarətdir. Həmçinin qəza, zəlzələ və s. nəticəsində su elektrik stansiyaları və süni göllərin bəndləri yarılarkən də ərazinin bir qismini müvəqqəti olaraq su basa bilər. Son illər Xəzər dənizində suyun səviyyəsinin yüksəlməsi nəticəsində respublikamızın bəzi dənizkənarı, Kür ətrafındakı rayonların yaşayış məntəqələri, əkin sahələri, yollar su altında qalır, əhaliyə və xalq təsərrüfatına böyük zərər dəyir.
Mingəçevir su anbarının, Araz su qovşağının, Sərsəng dəryaçasının və digər dəryaça bəndlərinin hündürlüyü onlarla metr, su tutumu isə milyonlarla kub metrə qədərdir. Onların əhali və xalq təsərrüfatı obyektləri üçün yaratdığı təhlükənin dərəcəsi olduqca böyükdür. Buna görə də müvafiq rayonlarda MM tədbirləri planlaşdırılarkən fəlakətli basqın təhlükəsi nəzərə alınmalıdır. Xəzər dənizində 1998-ci ildə suyun səviyyəsi 2,5 m qalxmış, 800 km2 kənd təsərrüfatı torpaq sahəsi su altında qalmış, 7 şəhər və 35 yaşayış məntəqəsində daşqınlar baş vermişdir. Respublikaya dəyən zərərin ümumi məbləği təxminən 12 mld. ABŞ dolları təşkil etmişdir.
Yanğın isə od insanların nəzarətindən çıxdıqda, habelə səhlənkarlıq üzündən, bəzən də istehsalat qəzası və təbii fəlakət nəzticəsində baş verir. Respublikamızın ərazisində istehsalatla əlaqədar çox güclü yanğın və partlayış qorxusu törədən 850-dən çox obyekt yerləşir. Bunlarla yanaşı, zəlzələ nəticəsində və digər səbəblərdən, neft-qaz kəmərlərinin və tutumların dağılması üzündən müxtəlif miqyasda yanğın zonaları yarana bilər. Respublikanın kənd rayonlarında meşə yanğınları, qış və yay otlaqlarında, yetişmiş arpa və buğda zəmilərində, pambıq sahələrində yanğınlar ola bilər.
Qışda baş verən təbii fəlakətlərdən biri də güclü qar yağması və çovğun nəticəsində yaranan qar yığınlarıdır. Marxallar – qar üçqunları isə ölkəmizin bütün yüksək dağlıq sahələrində, xüsusən Balakən, Qax, Kəlbəcər, Daşkəsən, Lerik, Ordubad və bir sıra digər rayonlarda müşahidə olunur. Marxallar nisbi hündürlüyü 20-40 metrdən çox, mailliyi 250 və qar örtüyünün hündürlüyü 30-40 sm olan sahələrdə baş verə bilər. Marxalların uzunluğu yüz metrlərlə ölçülür, bəzən isə bir neçə km-ə çatan qar uçqunu şəklində geniş ərazini əhatə edib çoxlu maddi zərərə, tələfatlara səbəb olur.