Böyük məktəbli yaşı dövründə baş verən konfliktlər.
Pedaqoji konfliktlərin yaranma təhlükəsi yuxarı sinif şagirdlərinin yetkin həyata daxil olmağa psixoloji hazırlığı ilə, peşəkar özünütəyinetmə ilə əlaqədar olaraq get – gedə artır.
Müəllimlərlə, məktəb rəhbərliyi ilə konfliktlər zamanı mənəvi – psixoloji sarsıntıların keçirilməsi sadaladığımız proseslərə hədsiz dərəcədə neqativ təsir göstərir. Lakin məktəbdəki konfliktlər əsəb ö psixi davamlılığın yüksəlməsinə də səbəb ola bilər. Bu sahədə qazanılan təcrübə sonrakı yaşlarda yaranan problemlərin ilk cəhddən həll edilməsinə kömək edir.
Erkən gənclik dövründəki konfliktlərin səbəbləri içərisində mövqelərin ziddiyyətli olması daha geniş yayılmışdır. Belə ki, bu zaman yuxarı sinif şagirdləri müxtəlif baxışlardakı uyğunsuzluq səbəbindən konfliktlərin təşəbbüskarı kimi çıxış edirlər. Lakin qeyd etmək lazımdır ki, burada konfliktli situasiyanın yaranma səbəbi müəllim də ola bilər. Yaranmış konfliktli situasiyanı aradan qaldırma bacarığı müəllimin peşəkarlığından, şagirdlərlə münasibətlərində nəzakətli olmasından asılıdır.
V.İ.Juravlevə görə, yuxarı siniflərdə şagirdlərin təlimdəki uğurlarının qiymətləndirilməsi ilə bağlı konfliktlərin səbəbləri arasında aşağıdakılar müşahidə olunur:
-Mahiyyətə görö qiymətləndirmə (davranışa görə);
-Qiymətlərin verilməsində müəllimlərin ədalətsizliyi;
-Qiymətlərlə manipulyasiya – müxtəlif məktəb sənədlərində ikili qiymətlər, əvvəlcədən yazılan qiymətlərin sonradan düzəldilməsi;
-Müəllimlərdə gözlənilməz nəzarət tendensiyası, onların təlimdə çətinlik çəkənlərə qarşı köməyinin qeyri – adekvat qiymətləndirilməsi;
-Yuxarı sinif şagirdlərinin biliklərinə tələblərin azalması nəticəsində qiymətlərin yüksəlməsi;
-Qiymətlərin müəllimin əhval – ruhiyyəsindən asılı olması və s.
Bütün yuxarıda sadalananlarla əlaqədar olaraq müəllimlərin obyektivliyini və qərəzliliyini anlamaq vacibdir. Müəllimlərin motivləşmiş qiymətlər yazarkən yalnız dərsin nəticələrini şagirdlərə elan etməsi deyil, şagirdlərin cavablarını onların nailiyyət və çatışmazlıqlarını qeyd edərək izah etməsi daha vacibdir.
Beləliklə də, şagirdlərlə ünsiyyətdə müəllimin davranışı,yüksək peşəkarlığı (yalnız öz fənnini bilməsi mənasında yox, həm də mədəni etik prinsiplərə əməl etməsi mənasında) aktual olaraq qalır. Bugünkü təhsildə belə nüansların aradan qaldırılmasına ciddi ehtiyac vardır.