3.Yeniyetməlik yaşı dövründə baş verən konfliktli situasiyalar
Konfliktli vəziyyətlər yeniyetmənin psixoloji xüsusiyyətlərinə ciddi təsir göstərir. Məlumdur ki, yeniyetməlik yaşı dövründə ünsiyyət aparıcı fəaliyyət növüdür. Məhz ünsiyyət prosesində baş verən konfliktlər yeniyetməlik yaşı dövrü üçün daha ciddi xarakter daşıyır. V.İ. Juravlev yeniyetmələrdə ünsiyyət tərzinin 3 tipini fərqləndirir:
Adamayovuşmaz yeniyetmələr. Bu yeniyetmələr tənhalığa meyillidir. Yaşıdları ilə əlaqələr onun üçün darıxdırıcıdır. Bütün stresslərin konflikt gedişində artır. Çünki öz emosional yaşantılarını bölüşmək üçün yaxınları yoxdur.
Ünsiyyətçiliyə meyilli yeniyetmələr. Belə yeniyetmələr əsasən etibarlı dosta yüksək ehtiyac duyurlar.
Qrup ünsiyyətçiliyinə meyilli yeniyetmələr. Onlarda , adətən yaşayış yerinə görə yeniyetmə birliyi formalaşır.
Sonuncu iki tipdəki konfliktli situasiyalardakı məktəblilər stresdən yüksək dərəcədə qorunmaqla səciyyələnir. Çünki, dostları tərəfindən lazımi qədər müdafiə olunurlar.Yeniyetməlik dövründə konfliktlərin çoxalmasına və kəskinləşməsinə təsir edən səbəblərdən biri şagirdlərin müəllimlərlə ünsiyyət dairəsinin kəskin şəkildə genişlənməsidir.Əgər aşağı siniflərdə uşaqlarla 1-2 müəllim işləyirsə, orta məktəbin sonlarında məktəbdə onların sayı artır. Müəllimlərin davranış üslubları şagirdlərə müxtəlif münasibətləri, müxtəlif səviyyədə peşəkarlığı və ixtisaslaşmaları yeniyetmələrdən məktəbə yüksək adaptivlik tələb edir.
İntizam sahəsindəki konfliktlər daha çox yeniyetmələrin təqsiri, onların dərs müddətində öz enerjilərini toplaya bilməməsi üzündən və ya “sevilməyən” müəllimə daha çox ziyan vurmaq istəyindən baş verir. Bunun başlıca səbəöbləri müəllimin peşəkarlığının aşağı olması, sinfin işini təşkil edə bilməməsi, tərbiyəvi təsirlərlə şagirdlərin yaş xüsusiyyətləri arasında əlaqənin düzgün qurulmamasıdır. Yeniyetmələrlə konfliktlər zamanı müəllimlə ayrı – ayrı şagirdlər, eləcə də bütün sinif konfliktin tərəfdaşları kimi şıxış edir.
Pedaqoji konfliktli situasiyaların yaranma səbəbləri içərisində yeniyetmələrin bilik, bacarıq və vərdişlərin qiymətləndirilməsi prosesi geniş yayılmışdır. Müxtəlif fənn müəllimləri şagirdləri qiymətləndirərkən müxtəlif meyarlardan istifadə edirlər. Əgər müəllimlərin yeniyetmələrin bilik, bacarıq və vərdişlərini qiymətləndirmək üçün müəyyən etdiyi meyarlar bir – birindən əhəmiyyətli şəkildə fərqlənərsə, onda bu yalnız “müəllim – şagird” münasibətlərində deyil, eləcə də “müəllim – müəllim” münasibətlərində konfliktlərə gətirib çıxarır. Qiymətlərin verilməsi üçün vahid tələbin olmaması konfliktlə nəticələnə bilər.
Yeniyetmə yaşında konfliktlərin dərinləşməsi müəllimlərin yersiz, qeyri – etik davranışı, fərdi yanaşmaya riayət etməməsi ilə əlaqədardır.