2.Valideynlərlə ünsiyyətin ikinci mərhələsi. Bu mərhələ qarşılıqlı təsirin bərabərhüquqlu şəkildə təşkili mərhələsidir. Bunun üçün: uşağa müsbət yönümdə göstərişlər verməyə başlamaq, həmkarına mehriban münasibət göstərmək, valideynlərlə bərabər mövqedə olmağa cəhd etmək lazımdır. Çünki şagirdin tərbiyəsi ailə və məktəbin birgə fəaliyyətidir.
3.Valideynlərlə ünsiyyətin üçüncü mərhələsi. Bu mərhələdə valideynlərlə birgə fəaliyyət formasının axtarılıb tapılması baş verir. Burada tərbiyə işindəki metodikalardan yüksək dərəcədə yararlanmaq lazımdır.
MÖVZU XIV. PEDAQOJİ KOLLEKTİV VƏ ONUN İDARƏ OLUNMASININ BƏZİ PSİXOLOJİ MƏSƏLƏLƏRİ PLAN: 1.Pedaqoji kollektiv anlayışı 2.Pedaqoji kollektivin idarə olunmasında kollektiv üzvlərinin iştirakının psixoloji əsasları. 3.Pedaqoji kollektivdə düzgün ünsiyyətin qurulmasında dinləmə və anlamanın rolu 4.Kollektivdə pedaqoji konfliktlərin həlli yolları
ƏDƏBİYYAT 1.Əliyev B.,Əliyeva K., Cabbarov R. Pedaqoji psixologiya.Bakı., 2011. 2.Psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi red. Ilə. Bakı, “Nurlan”, 2007 3.Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2003 4.Əliyev B.Şəxsiyyətə yeni baxış nəzəriyyəsi. Bakı., 1997 4.Əlizadə Ə.Ə, Əlizadə H.Ə. Pedaqoji psixologiya.Bakı., 2010 5.Həmzəyev M.Ə. Pedaqoji psixologiya.Bakı., 1991 6.Əlizadə Ə.Ə.Müasir Azərbaycan məktəbinin psixoloji problemləri.Bakı., 1998 Pedaqoji kollektiv anlayışı
Məktəbdə şagirdlərin təhsili və tərbiyəsi prosesi müəllim kollektivinin birgə yaradıcı əməyi deməkdir. Müəllim kollektivinin yaxşı düşünülmüş və möhkəmlənmiş iş sistemi onların əxlaqi münasibəti və qarşılıqlı hörmətləri məktəb fəaliyyətinin müvəffəqiyyəti üçün əvəzolunmaz şərtdir.
Müəllim kollektivinin işindəki məqsədyönlülüyü və mütəşəkillik məktəb işinin nəticəsi üçün ümumi məsuliyyətlilik doğurur. A.S.Makarenko dəfələrlə qeyd etmişdir ki, yalnız vahid məqsədə və əxlaqi münasibətlərə malik olan mütəşəkkil müəllim kollektivi uşaqları tərbiyə etməyə və onların şəxsiyyətini formalaşdırmağa qabildir. Vahid pedaqoji baxışın olması müəllim kollektivi üçün ən mühüm keyfiyyətdir.
Pedaqoji kollektiv özünün fəaliyyətinin məzmunu ilə müəyyənləşən müəyyən təşkilati struktura malikdir. Bu struktur kollektiv üzvlərinin qarşılıqlı asılılıq, qarşılıqlı nəzarər münasibətlərini müəyyənləşdirir. Bu struktur dairəsində pedaqoji şura, fənn metodik birləşmələri, sinif rəhbərləri və məktəb rəhbərləri fəaliyyət göstərir.
Pedaqoji kollektivdə müvafiq əmək bölgüsü və kooperasiya mövcuddur. Pedaqoji əmək eyni sinifdə işləyən müxtəlif fənn müəllimləri arasında; müxtəlif siniflərdə eyni fənni aparan müəllimlər arasında; eyni sinifdə işləyən müəllimlər və sinfin rəhbəri arasında; müxtəlif dərnəklərə, bölmələrə,cəmiyyətlərə, şagird klublarına rəhbərlik edən müəllimlər arasında; məktəbdə aparılan tərbiyəvi işin müəyyən sahəsi və ya istiqamətinə cavabdeh olan müəllimlər arasında və s. bölünür.
Pedaqoji kollektivin işinin müvəffəqiyyəti müəllimlərin əmək kooperasiyasının düzgün təşkilindən asılıdır. Bu isə müəllimlərdən birgə əməkdaşlıq vərdişlərinə yiyələnməyi tələb edir. Həmin vərdişlərə müəllim pedaqoji kollektivdə yiyələnir.
Pedaqoji kollektivin fəaliyyətinin səmərəliliyi onun üzvlərinin bir çox cəhətdən vahidliyini tələb edir. Buraya kollektiv üzvlərinin şagirdlərə qarşı ustanovkasını, tərbiyənin məqsədini, şagirdə təsir etmə metodunu, şagirdlərlə qarşılıqlı münasibət üslubunu və s. aid etmək olar.
Pedaqoji kollektivin fəaliyyətinin səmərəliliyi və burada münasib psixoloji iqlimin yaranması onun düzgün idarə olunmasından çox asılıdır. Burada isə ən mühüm cəhətlərdən biri pedaqoji kollektivi idarəetmənin sosial – psixoloji funksiyalarını düzgün həyata keçirməkdən ibarətdir. Adətən bu funksiyalar elə funksiyalardır ki, onlar qrupda və onun ayrı –ayrı üzvlərində birgə fəaliyyətin səmərəliliyi üçün zəruri olan psixi keyfiyyət və xassələrin formalaşmasına yönəlmişdir.
Mövcud psixoloji ədəbiyyatda pdaqoji kollektivi idarəetmənin bir sıra mühüm funksiyaları ilə yanaşı aşağıdakı sosial – psixoloji funksiyalarının da mühüm əhəmiyyətə malik olduğu göstərilir: kollektivin təşkili, məqsəd yönəlişliyi, fəallaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsi, kollektivin birliyinin təmin edilməsi, kollektivdə özünüidarəetmənin inkişaf etdirilməsi.