Zərərsizlik səviyyəsi – bizness fəaliyyətindən nə gəlir, nə də zərər əldə edilməsi halıdır. Zərərsizlik səviyyəsini məhsul vahidinin həcmi ilə də ifadə etmək olar. O, məhsul vahidinin elə həcmidir ki, bu həcmdən əldə edilən gəlirlər xərcləri örtür, bundan artıq satılan hər məhsul vahidi isə artıq mənfəət gətirir. Deməli, bu həcmdən nə qədər artıq məhsul istehsal edib satılsa, bir o qədər artıq mənfəət əldə olunacaq.
Zərərsizlik məhsul satışının həcmindən, onun istehsalı və reallaşdırılmasına çəkilən xərclərdən birbaşa asılıdır. Sərbəst qiymətlər formalaşan, daim artıb-azalan, dövlət tərəfindən tənzimlənməyən nir zamanda qiymət hesabına mənfəət əldə etmək çox çətindir. Belə bir şəraitdə, zərərin, zərərsizlik səviyyəsinin azaldılması və mənfəətlilik səviyyəsinin yüksəldilməsi ehtiyatlarını axtarıb tapmaq tələb olunur. Bunları tapmaq üçün, istehsal məsrəflərini və məhsul satışının həcmlərini xarakterizə edən göstəriciləri təhlil etmək lazımdı.
Müəssisələrin zərərsiz işləməsi üçün, ona təsir edən digər amillər sistemini və onların təhlili metodikasını da bilmək tələb olunur.
Müəssisənin xərcləri məhsul istehsalı və satışının həcminə görə şərti-sabit və dəyişən xərclərə bölünür. Məhsul növünün zərərsizlik səviyyəsi sabit və dəyişən xərclərlə yanaşı, məmulatın qiymətindən də asılıdır. Dəyişən xərclərin kəmiyyəti məhsul istehsalının artıb-azalmasından asılı olaraq dəyişilir; sabit xərclərin miqdarı isə məhsul istehsalı və satışı miqyaslarından asılı olmur.
Dəyişən xərclərə istehsalın həcminin dəyişilməsindən asılı olaraq dəyişən xərclər aiddir. Misal üçün: məhsula sərf olunan xammal, materiallar, yanacaq, enerji xərcləri, işəmuzd fəhlələrin əmək haqqı, sosial ehtiyaclara ayırmalar və s. İstehsalın həcmi artdıqca ümumi dəyişən xərclər də artır, məhsulun vahidində isə dəyişmir. İstehsalın həcmi azalırsa, məcmu dəyişən xərclər də azalır, məhsul vahidinə hesabladıqda isə əvvəlki kimi qalır.
Şərti sabit xərclərə məhsulun istehsalı və satışı həcmindən bilavasitə asılı olmayan xərclər, yəni amortizasiya, icarə haqqı, bank kreditindən istifadə edilməsinə görə faizlər, inzibati-idarəçilik xərcləri və s. aiddir. Məhsul vahidinə düşən sabit xərclər istehsalın həcmi artanda müvafiq surətdə azalır və əksinə, azalanda artır. Məcmu sabit xərclər isə isə istehsal həcminin dəyişilmələrilə əlaqədar dəyişilmir.
Sabit xərclər məhsulun həcmindən yalnız müəyyən həddə qədər, yəni istehsalın həcminin artırılması ilə bağlı istehsal güclərinin, idarəetmə aparatının və s. artmasını tələb edənə qədər asılı olmurlar. Bu relevant hədd adlanır.
Qarışıq xərclər də vardır ki, onlar dəyişən və sabit hissələrdən ibarət olur. Məsələn, poçt və teleqraf xərcləri, avadanlığın təmiri xərcləri və s. Bu xərclər sabit və dəyişən xərclər arasında ya tən yarı, ya da təşkilatda qəbul edilmiş nisbətdə bölünür.
Direkt-kostinq sistemində xərclərin, mənfəətin və satış həcminin qarşılıqlı əlaqəsinin təhlili aşağıdakı bir sıra idarəetmə qərarlarının qəbul edilməsi üçün lazımi informasiya verir:
əlavə sifarişlərin cəlb edilməsi;
müstəqil istehsal və kənardan satınalmalar arasında seçim haqqında;
ayrı-ayrı məmulatların istehsaldan çıxarılması və istehsal edilən nomenklaturanın optimallaşdırılması haqqında;
bazarın konyukturası dəyişildiyi halda məmulatın qiymətinin aşağı salınması haqqında.
Zərəsizlik səviyyəsinin təhlili üçün bir sıra informasiya mənbələrindən istifadə edilir. Bu informasiya mənbələri məhsul satışının həcmini və istehsal mərəflərini təhlil etmək üçün zəruri informasiya ilə təmin edir. İnformasiya mənbələrinə ilk növbədə aşağıdakılar aiddir:
Təşkilatın biznes-planı, məhsulun istehsalı və göndərilməsi üzrə operativ planlar;
“Məhsulların istehsalı və göndərilməsi haqqında hesabat”, “Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat” adlı 2 saylı forma üzrə hesabatlar və s.
Əsas informasiya mənbəyi kimi mühasibat uçotu məlumatları çıxış edir. Onlara məhsulun uçotu sənədləri və siyahılar (registrlər), təhvil-təslim qaimələri, ay ərzində məhsulun buraxılması cədvəlləri, anbar uçotu vərəqələri, hesab-fakturalar və s. daxildir.
Məhsulların (iş və xidmətlərin) alıcıları ilə bağlanmış təsərrüfat müqavilələri təhlil üçün mühüm ilkin sənədlərdir. Ora məhsulun növü, həcmi, qiyməti, müqavilənin məbləği, şərtləri, onların pozulmasına görə sanksiyalar və s. daxildir.
Həmçinin, istehsal xərclərinin təhlil edilməsi üçün, statistika hesabatı, xərclərin smetası, ayrı-ayrı məhsulların maya dəyərinin kalkulyasiyası (plan, normativ, hesabat) və s. istifadə olunur.
Dostları ilə paylaş: |