3.4. Müəssisədə istehsal proqramının hazırlanması
Müəssisənin istehsal proqramının əsasını məhsul buraxılışının həcmi üzrə tapşırıqlar təşkil edir. Müəssisənin məhsulunun tərkibinə kənara buraxılan və kənara buraxılmaq üçün təyinat alan hazır məhsul və yarımfabrikatlar və habelə kənar üçün xidmətlər daxil edilir.
Müəssisədə məhsulun buraxılışı planında istehsal olunan məmulatın kənara satışından və ya öz ehtiyaclarını ödəməkdən asılı olmayaraq, onları natural (cinsi) və dəyər göstəricilərində istehsal proqramına daxil edirlər.
Natural şəkildə hazır məhsul buraxılışı müəssisənin istehsal proqramının mühüm göstəricilərindən biri hesab olunur.
Məhsul istehsalı üzrə proqramda natural göstəricinin ölçü vahidi məhsulun istehlak xassələrini özündə daha dəqiq əks etdirən fiziki ölçü vahidlərilə göstərilir. Məsələn, istehsal, ediləcək elektrik enerjisinin həcmi kilovatt-saatla, neft, kömür, çuqun, polad - tonla, parça - kv. metrlə və s. ölçülür.
Bəzi məhsulların natural göstəriciləri 2 ölçü vahidi ilə də verilə bilər: məsələn, elektrik mühərrikləri həm ədədlə və həm də kvt güc ölçiisü ilə istehsal proqramına daxil oluna bilər.
Məhsul istehsalının həcmi natural ifadədə bağlanmış kontraktlar müqabilində kənara və həm də daxili ehtiyaclara təyinatından asılı olaraq iki göstərici vasitəsilə verilir:
a) ümumi buraxılış;
b) əmtəəlik buraxılış.
Birinci göstərici - ümumi buraxılış göstəricisi - həm kənara və həm də daxili ehtiyaclar üçün təyinat alan bütün istehsalı özündə birləşdirir. Məsələn, metallurgiya zavodu ümumi buraxılış göstəricisi ilə həm bazar üçün istehsal etdiyi çuqunu və həm də özündə polad istehsalı üçün ayırdığı çuqunu birlikdə uçota alır.
Əmtəəlik məhsul buraxılışı yalnız kənara, bazar üçün təyinat almış məhsul istehsalının həcmini xarakterizə edir.
Ümumi məhsul əmtəəlik məhsulun, ilin əvvəlinə və axırına bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikat və alətlərin qalıqları arasındakı fərqin cəmindən ibarətdir.
Ümumi məhsul buraxılışı həcminin natural göstəricilərlə hesablanması mühüm məhsul növləri üzrə istehsalın tam həcmini öyrənmək və ayrı-ayrı məhsullar üzrə istehsal gücləri haqqında məlumat almaq üçün çox əhəmiyyətlidir.
Planlaşdırma praktikasında bəzən şərti-natural göstəricilər vasitəsi ilə də məhsul buraxılışı həcmini istehsal proqramına daxil edirlər. Buna zərurət o vaxt yaranır ki, eyni istehlak dəyəri və analoji iqtisadi təyinatı olan məhsulun müxtəlif növlərinin istehsalı və həm də onların eyni ölçüyə gətirilməsinə ehtiyac duyulsun. Məsələn, yanacaq sənayesində şərti yanacaq, yeyinti sənayesində şərti banka və s.
Müəssisənin istehsal proqramında məhsul buraxılışı həcmi yalnız natural və ya şərti-natural ölçülərlə deyil, həm də dəyər ifadəsində verilir.
Dəyər ifadəsində məhsulun həcmini xarakterizə edən göstətişlərə realizə olunmuş (satılmış), əmtəəlik, ümumi, təmiz (xalis), ipi-təmiz məhsul, emalın normativ dəyər göstəriciləri aiddir.
Realizə olunmuş məhsulun tərkibinə bağlanmış kontraktlar əsasında istehlakçılara göndərilmiş və haqqı ödənilmiş məhsulların dəyəri daxil edilir.
Əmtəəlik məhsulun (ƏM) həcmi yalnız kənara reallaşdırılması məqsədilə istehsal edilmiş məhsulun dəyərinə bərabərdir və aşağıdakı kimi hesablanır:
ƏM = RM + (HMA - HMƏ) + (YMA - YMƏ)
Burada, RM - reallaşdırılmış məhsulun həcmi;
HMA - ilin axırına hazır məhsul qalığı;
HMƏ - ilin əvvəlinə hazır məhsul qalığı;
YMA -ilin axırına yola salınmış, lakin dəyəri ödənilməmiş məhsulun
həcmi;
YMƏ - ilin əvvəlinə yola salmmış, lakin dəyəri ödənilməmiş
məhsulun həcmi.
Əgər əmtəəlik məhsul müxtəlif istehlakçıların ehtiyaclarını ödəmək təyinatı almış məhsulların dəyərindən ibarətdirsə, realizə edilmiş məhsul isə artıq istehlakçıların mülkiyyətinə çevrilmiş məhsulların dəyərindən ibarət olur.
Ümumi məhsul göstəricisi müəssisənin istehsal fəaliyyətinin son, yekun nəticəsini özündə əks etdirir.
Zavod metodu ilə hesablanan ümumi məhsul (ÜM) göstəricisinə kənara buraxmaq üçün istehsal olunan və özünün ehtiyaclarına istehlak olunan məmulat, yarımfabrikat, xidmətlər və bir də ilin axırına və əvvəlinə bitməmiş istehsal qalıqlarının fərqi daxil edilir. Bu göstərici aşağıdakı düsturun köməyilə hesablanır:
ÜM = ƏM + (BMA - BMA)
Burada, BMA - ilin axırına bitməmiş məhsulun həcmi;
BMƏ - ilin əvvəlinə bitməmiş məhsulun həcmi;
Əmtəəlik məhsula ümumi məhsulun o hissəsi daxil edilir ki, onlar kənar üçün istehsal olunur (və ya xidmət göstərilir) və təsərrüfat dövriyyəsinə təyinat alır. Başqa sözlə, əmtəəlik məhsula müəssisənin özünün ehtiyacları üçün istehsal olunmuş məhsulların və bitməmiş istehsal qalığının dəyərləri daxil edilmir.
Planlaşdırma praktikasında tətbiq olunan həcm göstəricilərindən biri də təmiz (xalis) məhsul göstəricisidir.
Xalis məhsul ümumi məhsulun dəyərilə onun istehsalına sərf olunmuş maddi məsrəflərin fərqi kimi hesablanır və o, yeni yaradılmış, əlavə edilmiş dəyərə ekvivalent olan bir göstəricidir.
Dostları ilə paylaş: |