Azərbaycan Respublikasının regionlarında məşğulluq və işsizliyin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri
Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətini əmək qanunvericiliyinin təkmilləşdirilməsi, əhalinin əmək hüquqlarının qorunması, işçi qüvvəsinin sosial, maddi-mənəvi və başqa həyati tələbatlarının təmin edilməsi, məşğulluq, əmək və ölkə vətəndaşlarının sosial müdafiəsi ilə bağlı səmərəli tədbirlərin reallaşdırılması təşkil edir. Bu məqsədlə qəbul edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının” icrası ilə yoxsulluğun azaldılması, ölkə əhalisinin sosial rifahının təkmilləşdirilməsi, məşğulluğun artırılması və ümumiyyətlə isə ölkədəki insan potensialının qorunub inkişaf etdirilməsi məqsədilə tədbirlər həyata keçirilmişdir.
Proqramın birinci mərhələsini əhatə edən 2006-2010-cu il ərzində rəqabətqabiliyyətliliyin yüksəldilməsinə, işsizliyin azaldılması, əmək ehtiyatlarının keyfiyyətinin təkmilləşdirilməsi, sosial müdafiəyə ehtiyac duyan həssas əhali qruplarının gücləndirilmiş müdafiəsinə nail olunması, iqtisadi fəallığın yüksəldilməsi və əmək bazarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir. Proqramın əsas hədəfi produktiv məşğulluğun təmin edilməsinə yönəldilmiş sosial-iqtisadi, siyasi, institusional və hüquqi mühitin yaradılmasını göstərmək olar. Burada qarşıya qoyulan bir neçə vəzifə vardır:
- ədalətli, rəqabətqabiliyyətli mühitin formalaşdırılması və inkişaf etdirilməsi;
- yerli istehsal məhsullarının beynəlxalq bazarda rəqabətə davam gətirməsi sahəsində müvafiq işlər görmək;
- regionlararası iqtisadi əlaqələrin daha da gücləndirilməsi;
- işçi təklifi ilə onlara olan tələb arasında balanslaşdırmaya nail olunması;
- sahibkarlıq fəaliyyətinin, xüsusilə KOS-ların iqtisadi həvəsləndirilməsinə nail olunması;
- işsiz əhalinin məşğulluğa cəlb edilməsinə kömək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi;
- insan kapitalının inkişafı məqsədilə neftin ixracından əldə edilmiş gəlirin müəyyən hissəsinin buraya yönləndirilməsi;
- müasir tələblərə cavab verən əmək şəraitinin yaradılması;
- mövcud olan iş yerlərinin verimliliyinin yüksəldilməsi;
- regionlarda çeşidli infrastrukturların yaradılması və inkişafının təmin edilməsi ilə əhalinin miqrasiyasının azaldılması;
- qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi fikir verilməsi, xüsusən də emal müəssisələrinin və xidmət sahələrinin inkişafına nail olmaqla yeni iş yerlərinin açılması;
- müasir bazarın tələblərinin nəzərə alınması ilə rəqabətqabiliyyətli sahələr üçün ixtisaslı kadrların hazırlanması;
- qadınlar arasında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, işlə təmin edilməyən və ya iş axtaran qadınlar üçün peşə hazırlığı və ya əlavə təhsil alması üçün şərait yaradılması;
- fiziki məhdudiyyətli şəxslərin sosial həyata, həmçinin, əmək bazarında gedən iqtisadi münasibətlərə qoşulmasının təmin edilməsi və onların məşğulluğunun yüksəldilməsi.
Regional idarəetmədə normativ aktlar və qanunlar dəsti demokratik ölkələrdə 19- cu əsrin əvvələrindən başlayaraq tətbiq edilməyə başlanılmışdır. İndi isə bütün ölkələrin regional siyasətində həm iqtisadi həm də inzibati-təşkilati münasibətləri əhatələyən qanunlar sistemi fəaliyyət göstərir. Mahiyyət etibarilə bu qanunlar sistemi regionların sosial-iqtisadi inkişafının tənzimlənməsi məqsədilə qəbul edilmiş fərmanlardan, qanunlardan və hökümətin qərar və göstərişlərindən ibarətdir.