7. Cəmiyyətin inkişafında informasiya amili. İnformasiya cəmiyyətində informasiya, bilik, kommunikasiya, bacarıq, səriştəlik yüksək qiymətləndirilir. Onun əsas potensialı insan və onun intellektidir. Belə cəmiyyətdə insanların yeni bilik yaratmaq və ondan səmərəli istifadə etmək qabiliyyəti xüsusi dəyər daşıyır.
Qlobal informasiya cəmiyyətində informasiya və bilik əmtəəyə çevrilir. Onların yaradılması və yayılmasından asılı olaraq iqtisadiyyatın şəbəkə iqtisadiyyatı, İnternet iqtisadiyyatı, media iqtisadiyyatı, kontent iqtisadiyyatı, proqram məhsullarının iqtisadiyyatı və s. kimi real sektorları yaranır.
Biliyin yaranmasında informasiya aparıcı yer tutur. İnformasiya bilik iqtisadiyyatının bazası kimi çıxış edir. İnformasiya iqtisadiyyatı ilə bilik iqtisadiyyatını fərqləndirən əsas cəhət də informasiyanın xammal xarakterli olmasıdır. Hazırki dövrdə cəmiyyətdə informasiya və biliklərin rolu sürətlə dəyişməkdədir.
8. İnformasiya Cəmiyyəti və İnformasiya iqtisadiyyatı konsepsiyası.Yeni iqtisadiyyat özünü postsənaye (industrial) iqtisadiyyatının inkişaf mərhələsi kimi göstərir. İqtisadiyyatın bu mərhələsini müxtəlif tədqiqatçılar fərqli cəhətlərdən tədqiq etməyə çalışmışlar.
Ümumiyyətcə İnformasiya və biliklər iqtisadiyyatının əsası Y.Şumpeter, F.Hayek, F.Maxlup tərəfindən ötən əsrdə qoyulmasına baxmayaraq informasiya iqtisadiyyatı nəzəriyyəsi öz inkişafının başlanğıc mərhələsindədir Bu nəzəriyyə tam olaraq indiyədək hələ də yaradılmamış və əksər iqtisadçılar tərəfindən bəyənilə bilən bitkin bir nəzəriyyəsi formalaşmamışdır.
Informasiya iqtisadiyyatı terminindən iki müxtəlif anlayişı ifadə etmək üçün istifadə olunur. 1) informasiya iqtisadiyyatı sivilizasiyanın inkişafının müasir mərhələsidir. Bu mərhələ yaradıcı əməyin və informasiya nemətlərinin üstün rolu ilə xarakterizə olunur. 2)informasiya iqtisadiyyatı nəzəriyyədir və onun tədqiqat obyekti ilkin mənasında informasiya iqtisadiyyatıdır.
İqtisadiyyatın daha yaxşı inkişafı informasiyadan və İKT-dan səmərəli istifadə etməklə müvafiq biliklərin əldə olunmasında və istənilən fəaliyyət sferasında biliklərin daha çox tətbiq edilməsindədir. Ona görə də biliklərdən istifadəni səmərələşdirmək üçün müvafiq strategiya işlənməlidir. Həmin strategiya bütün əhali təbəqələrinin bilik əldə etməsini asanlaşdırmaqla, onların həyatının keyfiyyət səviyyəsini artırmağa imkan yaratmalıdır. Ümumiyyətlə bilik iqtisadiyyatının formalaşmasını sürətləndirmək üçün qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməklə və yerli xüsusiyyətləri nəzərə almaqla respublikanın özünəməxsus innovasiya modelini yaratmaq və onu reallaşdırmaq istiqamətində zəruri işlər görülməlidir.
Formalaşmaqda olan bilik iqtisadiyyatının mühüm xüsusiyyəti qeyri maddi resurs -informasiyanın, iqtisadi-siyasi resursa, cəmiyyətin və vətəndaşların maddi rifah halını müəyyən edən resursa çevrilməsidir. İnformasiya getdikcə daha çox istehlak malları xüsusiyyəti kəsb edir, iqtisadiyyatın əsas sektorları isə İKT ilə əlaqədə olur. İnternet inkişaf etdikcə digər ictimai-siyasi proseslər də interaktiv mühitə keçir. E-hökümət, E-demokratiya, E-seçki və s. vətəndaş-hakimiyyət qarşılıqlı münasibətinin yeni forması olur.
Bu gün dünyanın inkişaf etmiş ölkələrində informasiya və biliklər iqtisadiyyatı formalaşır. Ölkənin XXI əsrdəki iqtisadiyyatı da informasiya və biliklərə əsaslanan iqtisadiyyat olacaqdır. Ona görə də əsas məqsəd ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, mediada, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və informasiya və biliklər iqtisadiyyatının qurulması prosesi intensivləşdirilməlidir.
İnformasiya və biliklər iqtisadiyyatının formalaşması üçün informasiyanın və biliyin genişmiqyaslı inkişafını təmin edən, dünya bazarında rəqabət üstünlüyü verən yeni iqtisadi model yaradılması vacib şərtdir.
Bir çox nəzəriyyələr iqtisadiyyatın inkişafında, bütövlükdə iqtisadi-sosial münasibətlərin formalaşmasında İKT-in mütərəqqi hərəkətverici qüvvə olduğunu təsdiqləyirlər. Hələ ötən əsrin 80-cı illərində E.Toffler bu dəyişiklikləri sivilizasiyanın 3-cü dalğası adlandıraraq, onu yeni resurslara, yeni həyat tərzinə, yeni istehsal üsullarına əsaslanan superindustrial cəmiyyət kimi xarakterizə edirdi. Bu cəmiyyət informasiyaya və biliyə əsaslanan cəmiyyət, onun iqtisadiyyatı isə İnformasiya iqtisadiyyatı idi.